Müəllimlər maaş üçün küçələrə etiraza çıxdılar

02.06.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meksikada minlərlə müəllim əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə ölkə üzrə müddətsiz tətil  elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Milli Təhsil İşçiləri Koordinasiyasına (CNTE) bağlı minlərlə müəllim ümummilli tətilə dəstək məqsədilə paytaxt Mexikodakı Sokalo meydanına yürüş edib.

Təhlükəsizlik qüvvələri etirazçıların Milli Sarayın yerləşdiyi meydana daxil olmasının qarşısını almaq üçün Tarixi Mərkəz ətrafında beton bloklar və metal baryerlərdən ibarət təhlükəsizlik tədbirləri həyata keçirib.

Yürüşdən əvvəl keçirilən mətbuat konfransında çıxış edən CNTE-nin Meksika ştatı üzrə 9-cu region nümayəndəsi Pedro Ernandes hökumətin etiraz hüququnu məhdudlaşdırdığını iddia edib.

“Buraya beton blokların yerləşdirilməsi qəbuledilməzdir. Lazım gələrsə, Sokalo meydanında qalmağa davam edəcəyik. Müəllimlərin əmək şəraitinin və maaşlarının yaxşılaşdırılmasını tələb edirik”, – deyə Ernandes bildirib.

O qeyd edib ki, aksiyaya Dünya Kuboku layihələrindən təsirlənən məhəllə sakinləri, yükdaşıma sektoru nümayəndələri və fermerlər də dəstək verir.

“Açılış oyununa 10 gün qalmış bu gün ilk fiti biz çalırıq. Bu fit xalqın tələblərinin hələ də canlı olduğunun göstəricisidir”, – deyə o vurğulayıb.

CNTE-nin Oaxaka ştatı üzrə 22-ci region nümayəndəsi Cenni Araseli Peres isə baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyətin hökumətin üzərinə düşəcəyini bildirib.

Ölkənin cənubundakı Oaxaka, Çiapas və Gerrero ştatlarında güclü təşkilatlanmaya malik olan CNTE müəllimlərin pensiya sistemində dəyişikliklərin aparılmasını, maaşların artırılmasını və təhsil siyasətinin yenidən nəzərdən keçirilməsini tələb edir.

Bu arada Meksika Prezidenti Klaudiya Şeynbaum keçirdiyi mətbuat konfransında müəllimlərin tələblərindən həyata keçirilməsi mümkün olanların icrası üçün çalışacaqlarını bildirib.

Şeynbaum hökumətin dialoq prosesinə üstünlük verdiyini və problemin danışıqlar yolu ilə həllinə çalışdığını qeyd edib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью