Müəllimlər üçün forma məcburi olacaq? VACİB AÇIQLAMA

16.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Təhsilverənlərin etik davranış qaydaları ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar mövcuddur. Bu qaydalar müəllimlərin həm davranışını, həm də müəyyən mənada geyim mədəniyyətini tənzimləyən vacib sənədlərdən biridir. Lakin bu gün Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə olunan məsələlərdən irəli gələn təkliflər onu göstərir ki, gələcəkdə müəllimlər üçün də şagirdlərdə olduğu kimi vahid geyim formasının tətbiqi nəzərdə tutula bilər”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirdi.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən ümumtəhsil məktəblərində təhsil alan şagirdlər üçün məktəbli formaları təsdiq olunub:

“Bu formalar dörd variantda təqdim edilir və hər bir məktəb pedaqoji şuranın, eləcə də valideynlərin iştirakı ilə keçirilən iclaslarda həmin variantlardan birini seçə bilir. Müəllimlər üçün də hələ bütün detallar açıqlanmasa da, uyğun bir geyim formasının təsdiqlənəcəyi gözlənilir. Nümunə olaraq qeyd edə bilərəm ki, həm Bakı şəhərində, həm də regionlarda pedaqoji şuraların qərarı ilə, öz təşəbbüsləri əsasında vahid geyim formasına keçən məktəblər artıq mövcuddur. Faktiki olaraq, bu gün ondan artıq məktəb bu cür fəaliyyət göstərir. Əlbəttə ki, bunun müəyyən üstünlükləri ola bilər. Mən düşünürəm ki, bu, ilk növbədə vaxt qənaətinə şərait yaradar. Xüsusilə xanım müəllimlərin gündəlik geyim seçimi və müxtəlif aksesuarlarla bağlı sərf etdikləri vaxtın azalmasına səbəb ola bilər. Eyni zamanda, vahid forma tətbiq edilərsə, müxtəlif aksesuarların istifadəsinə də müəyyən məhdudiyyətlər qoyula bilər”.

Müsahibimizin fikrincə, vahid forma müəllim peşəsinin cəmiyyətdəki nüfuzunun daha da artmasına töhfə verə bilər:

“Cəmiyyətdə belə bir təsəvvür formalaşa bilər ki, müəyyən geyim formasını daşıyan şəxs müəllimdir. Bu da müəllim peşəsinə münasibətdə əlavə hörmət və diqqət yarada bilər. Məsələn, ictimai nəqliyyatda, marşrut avtobuslarında və ya metroda müəllimlərin asanlıqla tanınması onların peşə nüfuzunun daha görünən olmasına şərait yarada bilər. Bu baxımdan vahid forma müəyyən mənada müəllim peşəsinin ictimai identifikasiyasını da gücləndirə bilər. Eyni zamanda, təhsilalanlar üçün də müəllimlərin vahid geyimdə olması zamanla adiləşən və qəbul edilən bir görüntü formalaşdıracaq. Şagirdlər müəllim obrazını daha asan şəkildə qəbul edəcək və bu da məktəb mühitində müəyyən nizam-intizam elementlərinin möhkəmlənməsinə təsir göstərə bilər. Bu baxımdan düşünürəm ki, müəllimlər üçün vahid geyim formasının tətbiqinin müəyyən müsbət tərəfləri və faydaları ola bilər”.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью