Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

11.10.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Son günlər məktəblərdə vahid məktəbli forması və hicab məsələsi ilə bağlı müzakirələr fonunda müəllimlər də öz mövqelərini sosial şəbəkələrdə bölüşürlər.

SİA xəbər verir ki, yardımlı rayonunun Bozayran kənd tam orta məktəbinin müəllimi Xəqani Paşayev vahid məktəbli geyimində olan şagirdlərin fotosunu paylaşaraq uşaqların səliqəli görünüşünü vurğulayıb.

O, paylaşımında “Fidan balalar vahid məktəbli geyimində necə də gözəl, səliqəli görünürlər! Bu gül balaları Tanrı qorusun! Zehinləri açıq olsun!” sözlərini yazıb.

Şəki rayonunun Kiş kənd tam orta məktəbinin müəllimi Mürsəl Quliyev isə hicab məsələsinin zamanla öz həllini tapacağına inandığını bildirib. O, valideynlərin övladlarının təhsilinə üstünlük verəcəyinə, qərarlarını şəxsi iradələri əsasında qəbul edəcəyinə ümid etdiyini qeyd edib.

Müəllim hicablı həmkarlarının arasında savadlı və fədakar pedaqoqların olduğunu vurğulayaraq onların elm və təhsil naminə fəaliyyətlərini davam etdirəcəklərinə inandığını bildirib.

Mürsəl Quliyev, həmçinin sosial şəbəkələrdə mövzu ətrafında fəallaşan bəzi şəxslərin səmimiliyini sual altına alıb və şəxsi mövqeyini belə ifadə edib: “Elm və təhsil dünyəvi xarakterə malikdir. Necə ki, fizika qanunları dünyəvi xarakterə malikdir”.

Müəllim vahid məktəbli formasının şagirdlərə səliqəli və xoş görünüş verdiyini də qeyd edərək bildirib ki, məktəbli forması uşaqların məsumluğunu və gözəlliyini daha qabarıq göstərir.

Mövzu ətrafında səslənən bu fikirlər məktəbin əsas missiyasının — uşaqların keyfiyyətli təhsil almasının, dünyəvi və sağlam təhsil mühitində yetişməsinin vacibliyini bir daha gündəmə gətirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью