Müəllimlərə ŞAD XƏBƏR! Məbləğ artırılacaq

14.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Müəllimlərin sosial təminatı və pensiya yaşına çatdıqdan sonrakı maddi vəziyyəti təhsil sistemində müzakirə olunmalı məsələlərdəndir. Uzun illər təhsil sahəsində çalışan müəllimlərin pensiyaya çıxdıqdan sonra yaxşı həyat sürməsi xüsusi əhəmiyyət daşıyır.

Bəs müəllimlərin pensiya təminatının yaxşılaşdırılması üçün hansı dəyişikliklərə ehtiyac var? Mövcud sistem müəllimlərin uzunillik əməyini və əməkhaqqı səviyyəsini nə dərəcədə nəzərə alır?

Vüqar Bayramov, deputat 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, pensiya təminatı sosial ödəniş prinsipinə deyil, sığorta prinsipinə əsaslanır:

"Əmək pensiyasının məbləği vətəndaşın fərdi hesabında topladığı pensiya kapitalı nəzərə alınmaqla müəyyən edilir. Belə ki, pensiya yaşı çatdıqda fərdi hesabda toplanmış pensiya kapitalı 144-ə bölünür və alınan məbləğ aylıq pensiya kimi təyin olunur".

Vüqar Bayramov qeyd edib ki, əvvəlki qaydalara əsasən, pensiyalar hər il indeksləşdirilirdi. Yeni yanaşmaya görə isə pensiya məbləğlərinin indeksləşdirilməsinin diferensial qaydada həyata keçirilməsi nəzərdə tutulur:

"Bu mexanizm nisbətən az pensiya alan vətəndaşların pensiyalarının daha çox artmasına şərait yarada bilər. Diferensial indeksləşdirmə sisteminin gələn ildən tətbiqi nəzərdə tutulur".

Məzahir Məmmədli, təhsil eksperti

Təhsil eksperti Məzahir Məmmədli isə bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasının vacibdir.

Onun sözlərinə görə, bütün sahələrdə pensiya təminatının yaxşılaşdırılması əhəmiyyətlidir. Bununla yanaşı, müəllimlərin zehni yorğunluqla üzləşdiyini nəzərə alaraq, onların sosial rifahına daha çox diqqət yetirilməlidir.

Ekspert qeyd edib ki, orta yaşlı müəllimlərin əməkhaqları uzun müddət aşağı olub. Son sertifikasiya imtahanlarından sonra müəllimlərin əməkhaqlarında müəyyən artım müşahidə edilsə də, əvvəlki dövrdə maaşların aşağı olması onların pensiya kapitalına da təsir göstərib.

"Hazırda pensiyaya çıxan müəllimlərin aldıqları pensiya, əsasən, 400–600 manat aralığındadır". 

Müsahibimiz hesab edir ki, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atmalıdır.

Məzahir Məmmədli əlavə edib ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da repetitorluğun aradan qaldırılması məqsədilə müəllimlərin əməkhaqlarının bir neçə dəfə artırılmasını təklif edib:

"Məqsəd müəllimlərin maddi təminatını gücləndirmək və onların əlavə vaxt və əmək sərf edərək repetitorluqla məşğul olmaq ehtiyacını azaltmaqdır".

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью