Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Bu yenilikdən sonra müəllimlər üçün vahid geyimin hansı qurum və ya şirkət tərəfindən hazırlanacağı və istehsal ediləcəyi ilə bağlı suallar yaranıb.
“Cebheinfo.az”-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, əgər müəllimlərin vahid formasının tikilməsi bizə həvalə olunarsa, bu işi yüksək səviyyədə həyata keçirə bilərik:
“Hazırda bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Lakin müraciət olarsa, böyük məmnuniyyətlə müəllimlər üçün vahid geyimləri istehsal edib satışını təşkil edərik. Biz 2010-cu ildən məktəb formaları istehsal edirik.
Məhsullarımızdan həm şagirdlər, həm də valideynlər razıdır. Bu baxımdan, müəllimlər üçün də vahid geyimlərin tikilməsi və satışının təşkili bizim üçün problem yaratmır”. O qeyd edib ki, qərar yenicə qəbul edildiyi üçün yaxın günlərdə bu məsələ ilə bağlı müraciətlərin olacağını gözləyirik:
“Bununla belə, bu il prosesin tam şəkildə həyata keçirilməsi müəyyən çətinliklər yarada bilər.
Çünki parçanın seçilməsi və tədarükü, geyimin modelinin və normativ tələblərinin müəyyənləşdirilməsi, eləcə də istehsal və satışın təşkili vaxt tələb edir.
Ancaq bütün bu məsələlər dəqiqləşdirilən kimi dərhal istehsala başlayacaq və müəllimlərin vahid geyimlərini ən qısa zamanda satışa təqdim edə bilərik".
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Müəllimlərin geyimi Etibar Əzimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin