Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.
Qeyd edək ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir. Hazırda ölkədə müəllimlik ixtisasını bitirməsinə baxmayaraq işlə təmin olunmayan minlərlə müəllim var.
Onlar illərlə bu peşə üzrə təhsil alıb, ixtisaslaşıb və müəllim kimi fəaliyyət göstərmək üçün hazırlanıb. Belə bir vəziyyətdə başqa ixtisas sahiblərinin də müəllimliyə buraxılması rəqabəti daha da artırır və pedaqoji təhsil alanların vəziyyətini çətinləşdirir.
Digər tərəfdən, müəllimlik xüsusi hazırlıq və bacarıq tələb edən bir peşədir. Qeyri-pedaqoji ixtisası olanların sonradan kurslara cəlb olunması nəzərdə tutulsa da , bu kursların nə dərəcədə effektiv olacağı sual doğurur.
Bu dəyişiklik işsiz qalan müəllimlərin sayını artıracaqmı? Qeyri-pedaqoji ixtisaslı şəxslərin müəllim kimi fəaliyyət göstərməsi təhsilin keyfiyyətinə təsir edə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, əgər tətbiq olunacaq keçid kursları sadəcə formal xarakter daşıyarsa, təhsilin keyfiyyətinə ciddi zərbə vura bilər:
“Bu məsələ müasir Azərbaycan təhsil sisteminin ən həssas və çoxşaxəli mövzularından biridir, çünki burada həm minlərlə gənc mütəxəssisin karyera taleyi, həm də təhsilin fundamental keyfiyyət standartları qarşı-qarşıya dayanır.
İlk növbədə onu anlamaq lazımdır ki, müəllimlik yalnız akademik biliklərin ötürülməsi deyil, həm də mürəkkəb psixoloji və metodoloji prosesdir. Müəllimlik ixtisasına yiyələnmiş şəxslərin işsiz qaldığı bir mühitdə rəqabətin "qeyri-pedaqoji" ixtisas sahibləri hesabına genişləndirilməsi, təbii ki, sosial və peşəkar narahatlıq yaradır.
Lakin məsələyə rəqabət prizmasından deyil, kadr potensialının şaxələndirilməsi baxımından baxdıqda, mənzərə bir az fərqli görünür. Riyaziyyat, fizika və ya musiqi kimi sahələrdə sırf ixtisas təhsili alan şəxslər fundamental biliklər baxımından çox vaxt olduqca güclü olurlar.
Dünya təcrübəsində də görürük ki, bu elmlərlə məşğul olanların pedaqoji fəaliyyətə cəlb edilməsi məktəblərə akademik dərinlik gətirə bilir. Amma burada əsas məsələ həmin şəxslərin sinif idarəetməsi, yaş psixologiyası və təlim strategiyaları kimi vacib komponentləri necə mənimsəyəcəyidir.
Əgər tətbiq olunacaq keçid kursları sadəcə formal xarakter daşıyarsa, bəli, bu, təhsilin keyfiyyətinə ciddi zərbə vura bilər. Çünki ən yaxşı riyaziyyatçı belə, şagirdin qəlbinə və beyninə gedən yolu tanımırsa, onun biliyi sinif otağında "ölü kapital"a çevrilir”.
Onun sözlərinə görə, pedaqoji təhsili olan və illərdir işsiz qalan müəllimlərin vəziyyəti ciddi bir insan resursları problemidir:
“Onlar illərini metodikaya, pedaqogikaya həsr ediblər və indi sahəyə kənardan müdaxilənin olması onlarda haqlı olaraq "ədalətsizlik" hissi formalaşdırır. Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında rəqabətin onsuz da pik həddə olduğu bir vaxtda namizəd sayının süni şəkildə artması keçid ballarının yüksəlməsinə və pedaqoqların şanslarının azalmasına gətirib çıxaracaq.
Lakin reallıq budur ki, təhsil bazarı artıq yalnız diplom deyil, həm də yüksək kompetensiya tələb edir. Bu qərarın arxasında dayanan məntiq, ehtimal ki, müəyyən sahələrdəki kadr kəsirini ən yaxşı ixtisasçılarla doldurmaqdır”.
Ekspert qeyd edib ki, müəllimlik həm də bir sənətkarlıqdır:
“Məsələn, bir musiqiçinin ifaçılıq bacarığı ilə musiqi müəlliminin metodikası birləşəndə, ortaya fərqli bir keyfiyyət çıxa bilər. Amma biz unutmamalıyıq ki, müəllimlik həm də bir sənətkarlıqdır. Yalnız düsturları və ya notları bilmək kifayət etmir.
Bu dəyişikliyin mənfi təsirlərini minimuma endirmək üçün qeyri-pedaqoji ixtisasdan gələnlər üçün nəzərdə tutulan sertifikatlaşma və hazırlıq prosesi o qədər ciddi və ələyici olmalıdır ki, sistemə yalnız həqiqətən bu peşəyə meyli və istedadı olanlar sızıb keçə bilsin.
Əks halda, biz kəmiyyəti artırarkən, məktəbin ruhunu – yəni pedaqoji yanaşmanı itirmiş olarıq. Yekun olaraq, bu addım rəqabəti ciddiləşdirəcək, amma bu rəqabətdən təhsilin qazanması üçün əsas şərt diplomların bərabərliyi deyil, peşəkar hazırlığın keyfiyyətinə qoyulan tələblərin sarsılmaz olmasıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin