Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllimlərin geyim tərzi və xarici görünüşü şagirdlərin diqqətinə, müəllimə münasibətinə və təhsil mühitinə təsir göstərən amillərdəndir. Bəs müəllimlərin geyim və aksesuar seçimində müəyyən standartların tətbiqi şagirdlərin psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov Modern.az-a açıqlamasında müəllimlərin geyimində müəyyən standartlara əməl edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, müəllimlərin vahid geyim formasına keçməsi uşaqlar arasında maddi fərqlərdən qaynaqlanan müqayisə, rəqabət və ayrı-seçkiliyi azalda bilər.
“Uşaq məktəbə geyiminə görə fərqlənmək üçün deyil, bilik qazanmaq üçün gəlir. Məktəbin məqsədi xarici görünüşü deyil, düşüncəni və biliyi inkişaf etdirməkdir. Müəllimlərin zahiri görünüşü də tədris prosesinə uyğun olmalıdır. İri, parlaq və diqqətçəkən zinət əşyaları xüsusilə kiçik yaşlı uşaqların diqqətini yayındırır. Müəllimin şəxsi zövqü dərsin məqsədindən üstün tutulmamalıdır”, – deyə psixoloq bildirib.
Rövşən Nəcəfov məktəbin hər hansı dini baxışın təbliği üçün məkana çevrilməməli olduğunu da qeyd edib.
“Məktəb din yeri deyil, dünyəvi təhsil müəssisəsidir. Burada şəxsi inanclar deyil, dövlətin təhsil prinsipləri və elmi biliklər əsas götürülür. Dövlətin təhsil qaydaları şəxsi istəklərə görə deyil, gələcək nəslin savadlı, sağlam və müstəqil düşünən şəxsiyyət kimi yetişməsi üçün müəyyən edilir. Məktəbin vəzifəsi uşağa hazır inancları qəbul etdirmək deyil, ona düşünməyi öyrətməkdir. Çünki sağlam gələcək itaət edən deyil, düşünən nəsillə qurulur”, – deyə o vurğulayıb.