525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Elşad Məmmədli, jurnalist:
- Bu gün Xalq yazıçısı Anar həmkarlarımızın, qələm dostlarımızın rastına çıxıbmış. Ona xeyli suallar veriblər, cavablar da təbii ki, gözlənilməz və özünəməxsus olub. Anarla söz güləşdirmək 58 kq çəkidə sərbəst güləş üzrə rayon çempionu olmuş diletant idmançının Mayk Taysonla boksda rinqə çıxması kimi bir şeydir.
Yaşı 90-ı haqlamış şəxsin adekvat reaksiyaları, fəhmi də bir örnəkdir...
Sadıq Qarayev, biologiya üzrə fəlsəfə doktoru:
- Alimlərin məvacibləri köhnə saat əqrəbi kimi, ilişib keçmişdə qalıb.
Fəlsəfə doktoru 60 manat (3 kq ət), elmlər doktoru 100 manat (4 kq sümüksüz ət), dosent 100 manat, professor 120 manat alır.
Ümumi maaş 600-900 manat arasındadır.
Elmi ekspedisiya üçün günlük xərc- otel, yemək, ərazini gəzmək - cəmi 30 manat.
30 manat - 2 pors çörəksiz zadsız kabab.
Xəbəriniz olsun ki, elmi mühit artıq məhv olmaq üzrədir, bir monitorinq aparın ki, son 10 ildə nə qədər gənc oğlan elmi fəaliyyətə gəlib?
Alimlər maaş artımı gözləyə-gözləyə pensiyaya çıxdılar, əməlli- normal yaşayışlı "pensioner" baba, nənə də ola bilmədilər.
Maaşlarının niyə belə olduqlarının sirrini aça, kəşf edə bilmədilər, eləcə köçüb getdilər.
Prezidentin sərancamı (19 mart, 2026) var ki,
Publik hüquqi şəxlərin (Elmi Tədqiqat İnstutları da bura daxildi) maaşları dövlət qulluğu maaşları ilə uyğunlaşsın. 6 ay vaxt göstərilir: 3 ay Nazirlər Kabineti, 3 ay da müvafiq nazirliklə maliyyə nazirliyinə verilir ki, həyata keçirilsin.
8-ci aydır - ortada bir şey yoxdur.
Vətəndaşdan pul almaq lazım olanda Axiless, pul vermək lazım olanda tısbağa sürəti ilə işləyir bizim bəzi hökumət qurumları.
Milli Məclisdə büdcə müzakirəsi gedir, biriniz də əlinizi atın, alimlərin köhnə maaş "saatının" ilişib keçmişdə qalmış əqrəbini tərpədin, bəlkə işlədi.
Varis Yolçuyev, yazıçı:
- Bu şəkil "Komedixana"nın növbəti buraxılışındandır. Demək, səhnəcik belədir: Kişinin ad günüdür. Həyat yoldaşı deyir ki, qızımız gəlib səni təbrik etmək istəyir. Qızları qədim peşə ilə məşğuldur, kişi də bu səbəbdən adlarına ləkə gətirən qızı həyatından silibdir, qızının gəlişini istəmir, deyir, qapıdan qovacam.
Lakin qız gəlir, ona ağır sözlər deyən atasına söyləyir ki, get deyirsən, gedərəm, amma hədiyyəmi qəbul elə. Atasına onunçün aldığı avtomobilin açarını verir. Dərhal hər şey dəyişir, kişinin gözlərinə işıq gəlir, sevincindən qızını qucaqlayır, xoş sözlər deyir və onun tutduğu yola bəraət qazandırır.
Azərbaycan kişisi budurmu?
Hələ ardına qulaq asın. Qapı döyülür, evin kişisinin qardaşı, qızın da əmisi gəlir. Qardaşını təbrik etməyə gəlmiş əmi qardaşqızını görəndə nəslin adını batırdığına görə ona olmazın sözlər deyir.
Bu zaman qız bir hədiyyə də əmisi üçün edir. Əmi də sevinc içində qızın ayaqlarına düşür və onu nəslin fəxri adlandırır.
Bununla nə demək istəyirsiniz, "komedixana"çılar?
Yumorun, satiranın tələblərinə uyğun olaraq, qəhrəmanlarınızın mənfi olduğunu diqqətə çatdırıb, sonda onları islah etmirsinizsə, demək, onlar sizin mənfi yox, müsbət obrazlarınızdır. Və nəticədə də ucuz gülüş xatirinə min illərdən bəri formalaşan milli-mənəvi dəyərlərimizə hörmətsizlik ortaya çıxır.
Olduqca bacarıqlı, istedadlı təşkilatçı, ssenarist və aktyor olan Ənvər Abbasovun başçılığı altında uğurlar sıralayan bu kollektiv mütləq nəzərə alsın ki, mədəniyyətin hər bir sahəsi asudə vaxtı təşkil etməklə, mənəvi zövq yaşatmaqla yanaşı, əsas funksiya da daşıyır - bu, hansı mesajı vermələridir. Bu səbəbdən də istəyərdik populyarlıqdan istifadə edib "komedixanaçı"lar insanların maariflənməsinə, mənəvi saflaşmasına xidmət etsinlər. Bu cür zərərli səhnəciklər isə daha təkrarlanmasın.
Şəmil Sadiq, publisist:
- Azərbaycan məktəbində kişi müəllimlər yoxa çıxmaqdadır...
Son vaxtlar təhsilimizdə məni ciddi düşündürən məsələlərdən biri kişi müəllimlərin azlığı və bu azlığın getdikcə adi hal kimi qəbul edilməsidir. Məncə, bu, sadəcə kadr məsələsi deyil. Bu, məktəbdə gender balansı, uşağın sosiallaşması və müəllim obrazının necə formalaşması məsələsidir.
Gender bərabərliyindən danışanda adətən qadınların müxtəlif sahələrdə təmsil olunmasını müzakirə edirik. Haqlı olaraq! Amma eyni həssaslığı kişilərin az təmsil olunduğu təhsil sahəsində də göstərməliyik. Bərabərlik məsələsinə yalnız bir istiqamətdən baxmaq olmaz.
Bu fikir qadın müəllimlərimizin əməyini kiçiltmək deyil. Azərbaycan təhsilinin yükünü illərdir böyük fədakarlıqla daşıyan qadın müəllimlərimizə minnətdarıq. Məsələ həmin yükün və insan yetişdirmək məsuliyyətinin qadınlarla kişilər arasında daha balanslı bölüşdürülməsidir.
Məktəb yalnız bilik verilən yer deyil. Uşaq burada münasibət qurmağı, fikir ayrılığını, qayğı göstərməyi, məsuliyyət daşımağı müxtəlif insanların davranışında görür. Buna görə də mən məktəbdə qadın və kişi müəllimlərin birlikdə, fəal iştirakını vacib sayıram. Bu müxtəliflik həm qızların, həm də oğlanların qarşısında daha zəngin insan və peşə nümunələri yarada bilər.
Əlbəttə, qadın müəllim yalnız nəvazişin, kişi müəllim yalnız ciddiliyin təmsilçisi deyil. Kişi müəllim də qayğıkeş və həssas, qadın müəllim də prinsipial və tələbkar ola bilər. Elə uşaqların bunu görməsi də əhəmiyyətlidir: qayğı qadınlara, məsuliyyət və nüfuz kişilərə məxsus xüsusiyyətlər deyil. Məktəbdə kişi müəllimin olması həm də qayğı göstərən, dinləyən, öyrədən kişi obrazının görünməsi deməkdir.
Məni narahat edən məqamlardan biri də bəzi valideynlərin kişi müəllimin ciddi ünsiyyət tərzinə dərhal etiraz etməsidir. Uşaq bu üsluba alışmayanda valideyn bəzən hadisəni araşdırmadan müəllimin davranışını problem sayır. Düşünürəm ki, burada bir sualın üzərində dayanmalıyıq: kişi müəllimlərlə az qarşılaşmağımız onların məktəbdəki iştirakına və davranışına dair gözləntilərimizi də daraldırmı?
Bir dəfə valideyn idman müəllimindən şikayət edirdi: "Ucadan danışır, tapşırıqları sərt verir". Halbuki idman zalında hamının eşitməsi üçün verilən gur göstərişlə uşağın üstünə qəzəblə qışqırmaq eyni şey deyil. Bunları ayırmağı bacarmalıyıq. Eyni zamanda, heç bir müəllim ciddilik adı altında uşağı təhqir edə, alçalda və qorxuda bilməz.
Uşağı qorumaq vacibdir. Amma onu hər tələbə, hər irada, hər fərqli ünsiyyət tərzinə qarşı müdafiəyə çəkmək nə dərəcədə doğrudur? Məktəb uşağın daim razı qaldığı yer ola bilməz. Burada o, həm də qaydalarla, öhdəliklərlə və öz davranışının nəticələri ilə qarşılaşır.
Mənim əsas narahatlığım budur: insan yetişdirmək kimi ümumi bir məsuliyyətdə kişilərin iştirakının zəifləməsinə alışmamalıyıq. Bu, çox təhlükəli məsələdir. Xarakterin formalaşmasında kişi obrazlarının olması çox vacib məsələdir. Müəllimliyi qadın peşəsi kimi görən təsəvvürə də yenidən baxmalıyıq.
Kişilərin təhsilə cəlb olunması və məktəbdə önəmli pedaqoji qüvvəyə çevrilməsi məqsədli və planlı iş tələb edir. Bunun yolu yalnız "kişilər müəllim olsun" çağırışından keçmir. Müəllim peşəsinin nüfuzu, əməkhaqqı, iş şəraiti və peşəkar inkişaf imkanları bu müzakirənin mərkəzində dayanmalıdır. Müəllim olmaq istəyən gənc oğlan bu seçimi gələcəyi olan, cəmiyyətin hörmət etdiyi bir peşə yolu kimi görməlidir.
Say balansı özlüyündə keyfiyyətə zəmanət vermir. Məktəbə gələn hər kəsdən peşəkarlıq və uşağa hörmət tələb olunmalıdır. Amma keyfiyyət haqqında danışmaq gender balansındakı problemi görməməyimizə də bəraət qazandırmır.
Uşaq yetişdirmək yalnız qadının məsuliyyəti deyil. Azərbaycan məktəbində kişi müəllimin yeri də, səsi də, əməyi də daha çox görünməlidir.
Arzu Qaziyeva, jurnalist:
- Bir az insaflı olaq.
Bugünkü cəmiyyətin yarısı dünyaya təzə gələndə Fərhad Bədəlbəyli artıq dünyanın tanıdığı pianoçu idi, Azərbaycanın ifaçısı.
Nə gizlədim, onun repertuarını heç sevməmişəm. Öyrəşmişdik Avropa bəstəkarlarının əsərlərini eşitməyə. O isə Azərbaycan bəstəkarlarının qeyri-standart əsərlərini ifa edirdi. Mən də onun dalınca öz-özümə deyinirdim: "Bu nədir e, çalır? Düz-əməlli əsərlər niyə çalmır?" Elə bilirdim ki, klassikləri dünyanın qəbul etdiyi səviyyədə ifa edə bilmir, milli əsərlərlə başını girləyir. Təsəvvür edin ki, peşəkar və istedadlı bir ifaçı barədə bu cür düşünürdüm.
İllər keçdi. Fərhad Bədəlbəyli bir gün müsahibəsində dedi: "Mən tələbələrimə həmişə deyirəm ki, Avropa klassiklərinin əsərlərinə qaçmağa tələsməyin. Onsuz da dünya onları tanıyır. Siz orada yenilikçi olmayacaqsınız. Siz bizim bəstəkarlara müraciət edin, bizimkiləri tanıdın".
Və mənim də suallarımın cavabını tapdı. Fərhad Bədəlbəyli üçün Azərbaycan bəstəkarlarının musiqisi birinci yerdə dayanırdı. O, onların əsərlərini dünyanın müxtəlif səhnələrinə çıxarır, milli sərvətimizi tanıdır, tələbələrinə də bu yolu tövsiyə edirdi.
İndi isə deyir ki: "Kaş ki, mədəniyyətimiz də prezidentin diplomatiyasının yüksək səviyyəsində olaydı".
Nəyi düz demədiyini mənə də aydınlaşdırın, zəhmət olmasa. Adam prezidentin diplomatiyasını yüksək zirvə adlandırdığına görə qınanılır, yoxsa mədəniyyətin də həmin yüksək zirvədə olmasını arzuladığına görə?
Azərbaycan musiqisinin, teatrının, kinosunun, ədəbiyyatının, bütövlükdə mədəni həyatımızın bugünkü durumundan narazılıqda hamı həmrəydir. Prezidentin xarici siyasətini də elliklə bəyənirik, tərifləməkdə həmrəyik, deyilmi? O zaman bu iki fikri bir-birinin yanında qoyanda niyə birdən-birə narahatlıq yaranır? Mədəniyyətin daha yüksək səviyyəyə qalxmasını arzulamaq yaltaqlıqdır, yoxsa prezidentin xarici siyasətinin yüksək zirvə adlandırılması?
Biz ümumiyyətlə, nə istəyirik? Fikrini ifadə edən adam hansı sözlərdən, hansı ifadələrdən istifadə etməlidir ki, onu səmimi saysınlar?
Məsələ təkcə Fərhad Bədəlbəyli ilə məhdudlaşmır. Cəmiyyət bir-birinin ətini yeməyə hazırdır. Məndə belə təəssürat yaranıb ki, adam fikrini, mövqeyini ifadə etmək üçün əvvəlcə 8 milyondan icazə almalıdır.
Ləman Ələşrəfqızı, jurnalist:
- Qiymətlər çox bahadır, amma Sahildəki Bakı Kitab Mərkəzini çox sevdim. Şükür, hər cür restoran, qəlyanaltı bolluğunda kimsə kitabı da düşünüb. Zövqlü məkandır. Üç kitab aldım. Murakami, Kafka, bir də Robert Rendin əsərlərini. Allah zehin açıqlığı versin. Bir az sosial şəbəkələrdən uzaqlaşaq.
Sara Əzimova, jurnalist:
- Əziz AZAL, sənə pul qazanmaq üçün bir təklifim var!
Onsuz da Naxçıvana gedib-gələn sərnişinlərə yaşatdıqların sənin vecinə deyil. Amma əmin ol, tarix bunları unutmayacaq!
İndi isə sənə əlavə qazanc əldə etmək üçün bir biznes ideyası vermək istəyirəm. Təyyarədə qəhvə, çay, sendviç və digər yeməkləri pulla satmağa başla. İnan, alacağıq! Çünki biz naxçıvanlılar sənin sayəndə hər şeyə alışmışıq.
Əvvəllər uçuş zamanı "çöçə", qəhvə, çay, adi su, qazlı su verirdin. Sonra bizi yavaş-yavaş tərbiyə etməyə başladın. Əvvəl qəhvəni, çayı yığışdırdın, sonra "çöçəni"...
...Ardınca qazlı su da tarixə qovuşdu. İndi qalıb bir adi su. Açığı, qorxuram ki, bir gün onu da ləğv edib, təyyarədə nəfəs aldığımız havanın pulunu istəyəsən.
Amma sənə haqq qazandırmaq da olar. Axı sərnişinləri bu qədər nazlamaq olmaz! Birdən rahatlığa öyrəşərlər!
Amma bir həqiqət var, əziz AZAL! Biz Vətəndən ayrı düşmüş naxçıvanlılar, dözümlü insanlarıq. Sən də bunu çox yaxşı bilirsən. Bilirsən ki, insan sevdiklərinə, doğmalarına qovuşmaq üçün hər əziyyətə qatlaşar.
Sən də bizi doğmalarımıza qovuşduran əsas hava yolu olduğun üçün bütün bu zülmünə, zillətinə dözürük. Bir sözlə, əziz AZAL, pullu qəhvə və sendviç təklifimi ciddi düşün. Onsuz da bizdən qənaət etdiyin kifayət qədər şey var, heç olmasa, əlavə qazanc imkanını da əldən vermə!
Bir də xahiş edirəm, o adi suya hələlik dəymə.