Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Şəhriyar Məhərrəmov dini xurafatı və dini ideologiyaları tənqid edən şəxslərin tarixən təzyiq və zorakılıqla üzləşdiyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o, dini ideologiyaların özlərindən fərqli düşünən şəxsləri “kafir”, “düşmən”, “yad” və “müşrik” kimi təqdim etdiyini iddia edib.
Şəhriyar Məhərrəmovun sözlərinə görə, dini ideologiyaların cəmiyyətdə güclənməsi demokratiya, azad söz və azad cəmiyyət prinsipləri ilə ziddiyyət təşkil edir.
Müğənni fikirlərini Azərbaycan və Türkiyə tarixindən nümunələrlə əsaslandırmağa çalışıb.
O, Mirzə Fətəli Axundzadənin dini baxışlarına görə təqiblərlə üzləşdiyini, Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı dini satiralarına görə təhdid edildiyini qeyd edib.
Məhərrəmov həmçinin Mirzə Ələkbər Sabirin yaradıcılığına görə təzyiqlərlə üzləşdiyini və Seyid Əzim Şirvaninin dini satiralarına görə öldüyünü yazıb.
Paylaşımda jurnalist Rafiq Tağının 2011-ci ildə qətlə yetirilməsi də xatırladılıb. Müğənni Rafiq Tağının öldürülməsindən əvvəl İranın din xadimi Ayətullah Fazil Lənkəraninin onun barəsində ölüm fətvası verdiyini iddia edib.
Şəhriyar Məhərrəmov Türkiyədə 1993-cü ildə baş vermiş Sivas hadisələrini də dini fanatizmin nəticəsi kimi təqdim edib.
O, hadisələr zamanı Aziz Nesinin də olduğu Madımak otelinə hücum edildiyini və çoxsaylı şəxsin həyatını itirdiyini qeyd edib.
Müğənni fikirlərinin sonunda son günlər ictimai müzakirələrə səbəb olan Çevikin döyülməsi hadisəsinə də münasibət bildirib:
“Çevikin döyülməsinə təəccüblənmək lazım deyil. Sadəcə bu hadisəni törədənlərin cəzasını hüquq-mühafizə orqanları verəcək”.
Elmar
Gununsesi.info