Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində müğənni Xədicə Maqomedovanın evinə daxil olaraq ona hücum edən şəxs barəsində cinayət işi başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı 50 yaşlı şübhəli barəsində cinayət işi açılıb. İstintaqın versiyasına görə, yerli sakin hücum zamanı müğənnini öldürməklə hədələyib.
“Zərərçəkmiş şəxs səsləndirilən hədələri real qəbul edib və həyatı, eləcə də sağlamlığı üçün narahat olub”, – məlumatda qeyd edilib.
Hazırda istintaqçılar hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirləri davam etdirirlər.
Hadisə barədə bir gün əvvəl məlumat yayılıb. Müğənninin sözlərinə görə, o, evdə olarkən qəribə qışqırıq səsi eşidib və nə baş verdiyini öyrənmək üçün çölə çıxıb. Bu zaman naməlum şəxsin evinə girdiyini görüb.
Xədicə Maqomedovanın sözlərinə görə, həmin şəxs onu görən kimi hücum edib. Müğənni bildirib ki, bu şəxs təxminən iki ildir onu təqib edir, lakin onunla tanışlığı yoxdur.
Şübhəli isə saxlanıldıqdan sonra qadının onunla evlənmək təklifindən imtina etdiyini iddia edib.
NURİYYƏ