Mühacirlərin Aras dərgisi Akif Aşırlının araşdırması

14.11.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

​1952-ci ilin yanvar-iyul aylarında altı sayı işıq üzü görən "Aras" dərgisi Qars və bu bölgənin çevrəsində doğulub-böyüyən, Ankarada təhsil alan milliyyətçi Azərbaycan türklərinin nəşri-əfkarı idi. Loqosu bəyaz hərflərlə dərginin üz qabığında verilir, milli-mənəvi dəyərlərə və türkçülük ideologiyasına uyğun müxtəlif fotolar dərc olunur, redaksiya kollektivi dövrün nəbzinə uyğun oxucuların diqqətini cəlb etməyə çalışırdı.

Üz qabığında tək nüsxəsinin qiyməti və nəşrin sayı yazılan bu məcmuəni 1950–1955-ci illərdə Ankarada təhsil alan azərbaycanlı gənclər çapa hazırlayırdı. Fəal gənclərin təşəbbüsü və çalışmaları sayəsində qısa müddət ərzində işıq üzü görən "Aras"ın təsisçisi Tofiq Turan Atasever, yazı işlərinə məsul şəxs isə Abbas Gökçe idi.

Tofiq Turan Atasevər - "Aras " dərgisinin naşiri və baş redaktoru

​Dərginin ilk sayı 1952-ci ilin yanvarında çap olunub. Redaksiyası Ankarada, Öztürk məhəlləsində, Qazantəp küçəsində 10 nömrəli binada yerləşirdi. İllik abunəsi 250, altı aylığı isə 130 quruş idi. "Aylıq ədəbi, siyasi, türkçü məcmuə" olduğunu qeyd edən "Aras"ın əsas istiqaməti türkçülük hərəkatının genişlənməsinə ictimai dəstək, milliyyətçiliyin təbliği, Rusiya əsarətində olan türklərin haqlarının müdafiəsinin təşkili, müstəqillik və istiqlal arzularını sönməyə qoymamaq idi.

​Dərginin ilk sayının baş məqaləsi "Çıxarkən" adlanır və bu məqalədə məcmuənin qarşısına qoyduğu əsas məqsəd və məram açıqlanırdı:

​"Aras" bir ideal uğrunda yılmadan mübarizə etmək qayəsi ilə çıxır. "Aras" hər türlü ticari və maddi mənfəətlərdən uzaqdır, sadəcə inanmış olduğu böyük davanın gerçəkləşməsinə xidmət edəcəkdir. Bu dava sənin, mənim və ya bir zümrənin deyil, hamımızın, qos-qoca bir millətin davasıdır. Bu dava türlü kisvələrə bölünərək türkü bölmək, türkü can evindən vurmaq qeyrətkeşliyini göstərən mənfur ideologiyalara qarşı açılmış müqəddəs bir davadır.

​"Araz" imzası ilə yazılan baş məqalədə dərginin niyə "Aras" adlandırılmasına da aydınlıq gətirilib:

​"Bu dava zəminə görə rəng dəyişdirən buqələmunların deyil, Ağrı dağı qədər məğrur, Araz nəhri qədər mütəvazi qayaların, qalaların dərgisidir. Bu dava Bozqurdların, Gürşadların, Mehmetlərin davasıdır. Bu davada qalxanımız İslam, qələmimiz milliyyət, qılıncımız Araz olacaqdır".

​Dərginin ilk sayında Azərbaycan Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin 26 avqust 1951-ci ildə "Azadlıq" radiosunda Azərbaycan xalqına xitabı, Sami Yavrucuğun "Milliyyətçi gözü ilə Birləşmiş Millətlər", Arazın "Qarabəkir Paşa", Mustafa Eynalın "Türkçülüyün son qalası Türkiyə", T. Turan Atasevərin "Bayrağıma", Abdullah Savaşcının "Yurd uğrunda" məqalələri və misralarına milli ruh hopan xeyli sayda poeziya nümunələri, ədəbi əsərlər dərc olunub. Dərgidə publisistik, tarixi, siyasi və ideoloji məzmunlu məqalələrlə yanaşı, ədəbi nümunələrə də geniş yer verilirdi.

​"Nur" mətbəəsində çap olunan "Aras"ın nəşrə başlaması ilə bağlı Türkiyənin müxtəlif nəşrlərində məlumatlar, məqalələr, təbriklər çap edilib. Bu yazılarda eyni etnik soy-kökə, tarixə, mədəniyyətə sahib olan xalqın vahid mübarizə platformasına qatılan "Aras"ın nəşri alqışlanır, Azərbaycanın müstəqillik və istiqlal savaşına dəstək verilirdi. "Aras" bu təbriklərə biganə qalmayaraq sevinçinə şərik olanlara ilk sayında təşəkkürlərini çatdırır, müqəddəs davadan bir an belə çəkilməyəcəkləri vədi verilirdi.

​Dərginin ilk sayının üz qabığında dünya türklərinin simvolu olan Bozqurd şəkli də dərc edilib. 1952-ci ilin fevralında çıxan ikinci sayının üz qabığında Türkiyənin istiqlal savaşçısı Kazım Qarabəkir pasanın, martın 1-də işıq üzü görən üçüncü sayında "Hansı çılgın bana zəncir vuracakmış" misraları ilə yanaşı, bir əcnəbinin əlində zəncir tutması, apreldə çıxan dördüncü nömrədə Koroğlunun, beşinci sayda Mustafa Kamal Atatürkün ən saf ülküdaşı Fevzi Çaxmaq pasanın portreti, son altıncı sayında isə çap olunan məqalələrin başlıqları və "Andımız" şeiri dərc olunub.

​"Aras"ın səhifələrində Azərbaycan mühacirlərinin önəmli simalarından Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Mehmet Sadıq Aranın, Kərim Yaycıllı Alxanın yazıları, məqalələri, şeirləri dərc olunub. Mehmet Sadıq Aranın dərginin beşinci və altıncı saylarında "27 aprel 1920" başlıqlı məqaləsi dərc olunub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Sovet Rusiyası işğalının siyasi, tarixi və daxili səbəbləri barədə iştirakçısı olduğu hadisələri qələmə alan müəllif 1918–1920-ci illərdə partiyalararası ixtilafları da xatırlayırdı. İştirakçısı olduğu hadisələri mühacir ağrısı ilə qələmə alan Mehmet Sadıq Aranın bu məqaləsi dərginin fəaliyyətini dayandırması səbəbindən yarımçıq qalıb.

​Azərbaycan mücahidlərinin ən parlaq ədəbi siması Almas Yıldırımın vəfatı xəbəri dərginin ikinci sayında kədərli bir notla xatırlanır:

​Azərbaycanlı milli şairimiz Almas Yıldırımın ədəbiyən aramızdan ayrıldığı acı xəbərini dərginin mətbəəyə verildiyi vaxt təəssüflə öyrəndik. Bu böyük acını qiymətli şairimizin kədərli ailəsi ilə paylaşarkən əziz ruhu önündə hörmətlə əyilir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı dilərik.

​İdeoloji yönümdə qələmə alınan bu başsağlığının davamı olaraq Almas Yıldırımın "Gölcük" şeiri dərc olunub.

​Təəssüf ki, böyük ümidlərlə fəaliyyətə başlayan, nikbin notlarla Azərbaycanın və əsir türk xalqlarının istiqlaliyyətinə qovuşacağı arzusu ilə nəşr olunan "Aras"ın ömrü çox uzun olmadı. Məcmuənin son – 6-cı nömrəsində dərc edilən "Tətilimiz" başlıqlı qeyddə oxuculara bu barədə məlumat verilirdi:

​Sizə bəlkə də kədərli bir xəbər veririk. "Aras" bu saydan sonra dörd aylıq bir tətilə çıxır. Bu qərarımızın əsas səbəbləri bunlardır: Oxucularımızın böyük əksəriyyəti müxtəlif məktəblərdə təhsil aldıqları üçün yay tətili münasibətilə doğma yurdlarına qayıdırlar. "Aras"ı nəşr edənlər də universitet tələbələri olduqlarından tətil səbəbi ilə müxtəlif yerlərə gedəcəklər.

​Bu "tətil" xəbərdarlığından sonra "Aras" fəaliyyətini bərpa etmədi, Türkiyədə nəşr olunan türkçü, milliyyətçi dərgilər tarixində Azərbaycanın istiqlal savaşının öncül nəşrləri sırasında tarixə qovuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью