Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsində iştirak etdiklərini bildirən bir qrup əsgər və zabitin onlara veteran statusunun verilməməsi ilə bağlı şikayəti Konstitusiya Məhkəməsində araşdırılacaq.

Bir sıra media orqanlarında yayılan məlumata görə, şikayətçilər Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci bəndinin onların hüquqlarını məhdudlaşdırdığını iddia edirlər. Məsələyə sentyabrın 9-da Konstitusiya Məhkəməsinin Plenumunda yazılı icraat qaydasında baxılması nəzərdə tutulur.

Məsələ ilə bağlı şikayətçilərdən Məhəmməd Əliyev “Cebheinfo.az”-a danışaraq müharibədə iştirakını təsdiqləyən medallarının fotolarını da redaksiyamıza təqdim edib.

O bildirib ki, 420 saylı qərarın tətbiqi nəticəsində bir çox hərbçi bu günədək müharibə iştirakçısı statusu ala bilməyib:

“44 günlük Vətən müharibəsində iştirak etmiş bir çox zabit, gizir və əsgərə bu günədək hətta müharibə iştirakçısı statusu belə verilməyib. Buna səbəb kimi bəzi əsgər və zabitlərin döyüş briqadasında və ya döyüş əmrində adlarının olmaması əsas götürülür.

Hesab edirik ki, Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli qərarının 1.1-ci bəndi əvvəlki qanunvericiliyin tələblərinə ziddir və bizim hüquqlarımızı məhdudlaşdırır. Məhz buna görə həmin zabit, gizir və əsgərlər Konstitusiya Məhkəməsinə şikayət edib. Məhkəmə müraciəti icraata qəbul edib və işə sentyabrın 9-da baxılacaq. Bizim məqsədimiz bu məsələnin ictimaiyyətə çatdırılmasıdır”.

Məhəmməd Əliyev vurğulayıb ki, Vətən müharibəsi zamanı döyüş bölgəsində xidmət edib və medallarla təltif olunub:

“Mən 10 oktyabrdan 10 noyabr Zəfər Gününə qədər döyüş bölgəsində olmuşam. Daha sonra isə 12 mart tarixinədək işğaldan azad olunmuş ərazilərdə xidmətimi davam etdirmişəm. Hərbi hissə komandirinin müavini vəzifəsində xidmət etmişəm. Müharibə zamanı mayor rütbəsində idim, döyüş başa çatdıqdan sonra isə təqdimat əsasında polkovnik-leytenant rütbəsi almışam, medallarla təltif olunmuşam".

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью