Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Bir imperiya əvvəlcə insanın yaddaşını işğal edir
Axşamüstü şəhərin küçələrinə baxanda hər şey adi görünür. İnsanlar tələsir, işıqlar yanır, maşınlar küçələrdən keçir, uşaqlar oynayır. Həyat öz ritmi ilə axır. Amma bəzən insan tarixə bir az diqqətlə baxanda anlayır ki, ən böyük fırtınalar da əvvəlcə sakitlikdən başlayır.
Müharibələr də belədir...
Heç bir müharibə ilk mərmi atılanda başlamır. O, çox əvvəl başlayır. Bəzən bir məktəb dərsliyinin səssizcə dəyişdirilən cümləsində... Bəzən xəritədən silinən bir kənd adında... Bəzən başqa xalqa aid edilən bir tarixi abidədə... Bəzən də insanların yaddaşına səpilən kiçik, amma uzunömürlü bir yalandan… Çünki tarix bizə bir gerçəyi dönə-dönə göstərir - böyük imperiyalar əvvəlcə torpaqları deyil, yaddaşları işğal edirlər. Torpağı əlindən alınan xalq yenidən ayağa qalxa bilər. Amma yaddaşı dəyişdirilmiş xalq öz keçmişini unutmağa başlayırsa, gələcəyini də başqaları yazır.
Bu, yeni fikir deyil. Bəşəriyyətin qədim yöntəmlərindən biridir. Qədim Roma işğal etdiyi ərazilərdə əvvəlcə yollar çəkir, sonra idarəetmə sistemi qurur, daha sonra isə yerli əhalini imperiyanın mədəni çərçivəsinə daxil edirdi. XIX əsrdə Britaniya imperiyası bunu daha incə üsullarla həyata keçirirdi. Coğrafiya cəmiyyətləri, elmi ekspedisiyalar və səyyahların araşdırmaları çox vaxt yalnız elmi maraqdan doğmurdu. Uilyam Eynsvort (William Francis Ainsworth) Anadolu, Mesopotamiya və Qafqaz boyunca apardığı tədqiqatlarda bölgənin coğrafiyasını, təbii sərvətlərini və etnoqrafik xüsusiyyətlərini öyrənərək Britaniya üçün mühüm hesabatlar hazırlayırdı. Henri Blos Linç (Henry Blosse Lynch) Qafqaz və İran istiqamətində ticarət yollarını, nəqliyyat imkanlarını və siyasi vəziyyəti araşdırırdı. Frensis Çesni (Francis Rawdon Chesney) isə Fərat çayı ekspedisiyasına rəhbərlik edərək Hindistana aparan alternativ marşrutların strateji əhəmiyyətini qiymətləndirirdi. Onların fəaliyyəti elmi ekspedisiya kimi təqdim olunsa da, hazırladıqları xəritələr, statistik məlumatlar və müşahidələr sonradan Britaniya Xarici İşlər Nazirliyi, Hindistan Ofisi və Admirallıq tərəfindən geosiyasi qərarların qəbulunda istifadə olunurdu.
Tarixçi Con Makkenze (John MacKenzie) bu prosesi belə izah edirdi: "İmperiyalar təkcə ordularla deyil, biliklə də qurulur". Bəzən bir xəritə gələcəkdə atılacaq min mərmidən daha güclü olur. Qafqaz da belə xəritələrin çəkildiyi coğrafiyalardan biri idi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra regionun etnik tərkibində baş verən dəyişikliklər, müxtəlif əhali qruplarının köçürülməsi və yeni inzibati bölgülərin yaradılması təkcə həmin dövrün hadisələri deyildi. Bu proseslər gələcək siyasi mənzərənin formalaşdırılması üçün atılmış addımlar idi. Rus dövlət xadimi və tədqiqatçısı Nikolay Şavrov XX əsrin əvvəllərində yazırdı ki, Cənubi Qafqaza köçürülən əhali bölgənin demoqrafik mənzərəsini dəyişdirib. Bu fikir müxtəlif tarixçilər tərəfindən fərqli şəkildə qiymətləndirilsə də, bir həqiqət dəyişmir: demoqrafiya bəzən siyasətin ən səssiz silahına çevrilir. Ancaq imperiyalar yalnız insanları köçürmürlər. Onlar sözləri də köçürürlər. Toponimlər dəyişir, kəndlərin adları unudulur, tarix başqa cür danışmağa başlayır. Bir neçə nəsil keçəndən sonra isə insanlar həmişə belə olduğunu düşünürlər. Türk sufi alimi Əhməd Yəsəvi üçün insanın ən böyük sərvəti yaddaşı idi. O yaddaş ki, insanı öz kökünə bağlayır, xalqı isə tarixinə. Çünki kökünü unudan ağacın yaşaması necə çətinləşirsə, keçmişini unudan toplumun gələcəyini qoruması da bir o qədər çətin olur.
XX əsr bu həqiqətin ən sərt nümunələri ilə doludur. 1937-ci ilin repressiyaları zamanı təkcə insanlar məhv edilmədi. Bir xalqın düşünən beyni hədəfə alındı.
Bəkir Çobanzadə, Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz və yüzlərlə alim, müəllim və yazıçı təkcə fərdlər deyildilər, onlar bir millətin hafizəsi, dili, mədəni yaddaşı idilər. Onların susdurulması ilə birlikdə tarix də bir müddət susdu.
Bir çağlar Türk sufi alimi Əhməd Yəsəvi insanın öz kökündən, dilindən və mənəvi dəyərlərindən ayrılmasının onu daxilən zəiflətdiyini öyrədirdi. Türk tarixçisi Zəki Vəlidi Toğan isə yazırdı ki, bir xalqın tarixini yaşadan təkcə salnamələr deyil, onun milli yaddaşı və nəsildən-nəslə ötürülən mənəvi irsidir. Tarixi yaddaş zəiflədikcə xalqın özünü dərk etməsi də zəifləyir. Məhz buna görə imperiyalar çox vaxt təkcə torpaqları deyil, xalqların yaddaşını da nəzarət altına almağa çalışırlar. Bu qayda yalnız Sovet İttifaqına aid deyildi.
Nasist Almaniyası kitablar yandırırdı. Çində Mədəni İnqilab zamanı minlərlə qədim əlyazma məhv edildi. Pol Pot rejimi müəllimləri və ziyalıları aradan götürürdü.
Çünki bütün avtoritar sistemlər eyni həqiqəti anlayırdılar: “Düşünən insanı idarə etmək çətindir.” Amma XXI əsr bu mübarizəni daha görünməz edib. Bir zamanlar xəritələri dəyişənlər, bu gün informasiya axınlarını dəyişirlər. Bir zamanlar kitabları yenidən yazanlar, indi alqoritmləri yenidən qururlar. Bir zamanlar qəzetlərin səhifələrində aparılan mübarizə, indi telefon ekranlarında davam edir. Bu gün insan hər səhər oyananda dünyanın qapısını əlindəki kiçik bir ekrandan açır. Həmin ekran isə bəzən təkcə xəbər gətirmir. O, insanın dünyanı necə görəcəyinə də təsir edir.
Bəlkə də buna görə çağdaş dünyanın ən böyük müharibələri görünməz müharibələrdir, insanların düşüncəsi uğrunda aparılan müharibələrdir… Bu baxımdan media artıq sadəcə xəbər istehsal edən sahə deyil. Media yaddaşı qoruyan, həqiqəti müdafiə edən və gələcəyi formalaşdıran mühüm bir sahəyə çevrilib. Azərbaycan da son onilliklərdə bunun nə qədər vacib olduğunu yaşadı. Qarabağ uğrunda mübarizə təkcə səngərlərdə aparılmadı. O mübarizə xəritələrdə, kitablarda, ensiklopediyalarda, beynəlxalq mediada və informasiya məkanında da davam etdi. Çünki həqiqət təkbaşına yaşamır. Onun da qorunmağa ehtiyacı var.
İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" çağırışı əslində bir millətin gələcəyini qorumaq üçün yazılmış düşüncə manifesti idi. O yaxşı anlayırdı ki, dil yalnız danışmaq üçün deyil, yaddaşı yaşatmaq üçündür. Yaddaşını itirən xalq isə zamanla öz hekayəsini də itirir. Tarixi məhv etməyin ən asan yolu kitabları yandırmaq deyil, insanların keçmişini unutmasına şərait yaratmaqdır. Çünki yaddaş susanda, tarixi artıq onu yaşayanlar deyil, onu yazmaq istəyənlər danışmağa başlayır.
Müharibələr həqiqətən də güllə ilə başlamır…Onlar əvvəlcə insanların düşüncəsində başlayır. Sonra kitablara keçir, xəritələrə, mediaya. Ən sonda isə sərhədlərə çatır.
Tarix isə bizə səssizcə bir həqiqəti pıçıldayır: “Yaddaşını qoruyan xalqlar gələcəyini də qoruya bilir.”
Müəllif: Xanım Xatun