Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr təkcə insanlara deyil, təbiətə və ətraf mühitə də ciddi zərər vurur.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi Qara dənizdə 120 mindən çox delfinin ölümünə səbəb olub.
Eyni zamanda, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində fələstinlilərə məxsus 13 min zeytun ağacı hücumlar nəticəsində məhv edilib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildən davam edən Rusiya-Ukrayna müharibəsi Qara dənizin ekosisteminə ciddi zərər vurub.
Partlayışlar, hərbi sonar sistemlərinin yaratdığı səs-küy və dənizin çirklənməsi nəticəsində 120 mindən çox delfinin öldüyü ehtimal edilir.
Ukraynalı təbiətşünas alim İvan Rusev “Əl-Cəzirə”yə açıqlamasında müharibənin dəniz canlılarının həyatına ciddi təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, raket atışları delfinlərin istiqaməti müəyyənləşdirmək və ov etmək üçün istifadə etdikləri exolokasiya sistemini pozur. Bu səbəbdən delfinlər qida tapmaqda çətinlik çəkir və çəki itirirlər.
Dənizin çirklənməsi isə onların immun sistemini zəiflədir, ölümcül infeksiyalara yoluxma riskini artırır.
Rusev qeyd edib ki, döyüşlər zamanı dənizə qarışan yanacaq və kimyəvi maddələr balıqların sayına və dəniz ekosisteminə də mənfi təsir göstərir.
Balıqlarla qidalanan quşlar isə həm qida çatışmazlığı, həm də partlayışların yaratdığı səs-küy səbəbindən zərər görürlər.
Digər tərəfdən, Fələstinin Kənd Təsərrüfatı Nazirliyi İsrailin işğalı altında olan İordan çayının qərb sahilində zeytun yığımı mövsümündə baş verən hücumlarla bağlı məlumat yayıb.
Bildirilib ki, 25 sentyabr-29 oktyabr tarixləri arasında baş verən hücumlar nəticəsində fələstinlilərə məxsus 13 min zeytun ağacı yandırılıb, kökündən çıxarılıb və ya kəsilib.
Bundan başqa, 50 ton zeytun məhsulu və 300 kənd təsərrüfatı avadanlığı oğurlanıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, oğurlanan zeytunun miqdarı ilə bağlı rəqəmlər yalnız qeydə alınan halları əhatə edir.
Bəzi ərazilərdə məhsulun oğurlandığı məlum olsa da, dəqiq miqdarı müəyyənləşdirmək mümkün olmayıb.
Oğurlanan kənd təsərrüfatı avadanlıqları arasında elektrikli zeytun yığma maşınları, batareyalar, nərdivanlar, məhsul toplamaq üçün örtüklər və müxtəlif əl alətləri də yer alıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin