Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ, İsrail və İran arasında davam edən müharibənin 31-ci günündə tərəflərin qarşılıqlı cavab zərbələri bütün şiddəti ilə davam edir.
Belə ki, aşam saatlarında başda Tehran olmaqla bir çox şəhər ABŞ və İsrailin hücumlarının hədəfinə çevrilib.İranın Energetika Nazirliyi hücumlardan sonra Tehranda elektrik enerjisinin kəsildiyini açıqlayıb. İsrail mediası isə İranda enerji obyektinin vurulduğunu bildirib.
Eyni zamanda paytaxt Tehrana yönəlmiş şiddətli hava hücumlarının davam etdiyi qeyd olunur.
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ, İsrail və İran müharibəsi başlananda onun qısa müddətdə başa çatacağı ehtimal edilirdi:
"Hətta Donald Tramp da açıqlamalarının birində bu müharibənin 4–5 həftə ərzində bitməsinin planlaşdırıldığını bildirmişdi. Lakin görünən odur ki, bu planlar özünü doğrultmadı və münaqişə uzanan mərhələyə keçdi. Artıq beşinci həftənin içindəyik və ABŞ ilə İsrail əsas hədəflərinə hələlik çata bilməyiblər. Doğrudur, İranda rejimin əsas nümayəndələri, qərarverici şəxslər, ali dini rəhbərlik və ordu komandanlığının əksəriyyəti aradan götürülüb.
İranın hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemləri və hərbi dəniz qüvvələri ciddi şəkildə zərbə alıb. İranın raket istehsalı və buraxılış məntəqələri, eləcə də silah anbarlarına da ciddi hücumlar həyata keçirilib. Amma bütün bu itkilər İranın müqavimətini hələlk tam şəkildə qırmayıb və müqavimət davam etməkdədir".
Politoloq əlavə edib ki, İran gözləniləndən daha ciddi müqavimət nümayiş etdirir:
"Hesab edirəm ki, ABŞ və İsrailin gözlədiyindən daha ciddi müqavimət göstərdi, daha sərt cavablar verdi və verməkdə davam edir. Bu baxımdan, hazırda müəyyən mənada bir dalana dirənmə müşahidə olunur. Belə ki, İranın Hörmüz boğazını bağlaması beynəlxalq enerji bazarında və iqtisadiyyatında ciddi problemlərə səbəb olmaqdadır.
Artıq müharibə başladığı müddətdə neftin qiyməti təxminən iki dəfəyə qədər bahalaşıb. Hazırda boğazın açılması ilə bağlı ABŞ müxtəlif variantlar üzərində işləyir və bunun nə dərəcədə effektiv olacağını demək çətindir".
Oqtay Qasımov qeyd edib ki, digər tərəfdən diplomatik təmaslar da davam edir:
"Pakistanın vasitəçiliyi ilə İran və ABŞ nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılır. Lakin bu görüşün baş tutub-tutmayacağı hələ dəqiq deyil. Hətta baş tutsa belə, tərəflərin razılığa gəlməsi çətin görünür. Çünki onların mövqeləri ciddi şəkildə bir-birindən fərqlənir.
ABŞ hazırda quru əməliyyatları ilə bağlı variantları da nəzərdən keçirir ki, bu da olduqca riskli bir məsələdir. Belə bir əməliyyatın həyata keçirilməsi ciddi itkilərə səbəb ola bilər və gözlənilən nəticələri verməyə də bilər.
Üstəlik, ABŞ daxilində də bu müharibəyə qarşı ciddi etirazlar mövcuddur. Bu baxımdan, Donald Trampın vəziyyəti heç də ürəkaçan deyil. Ümumilikdə, müharibənin hansı mərhələyə keçdiyini dəqiq demək çətindir. Lakin aydın olan odur ki, proses hələ sülh mərhələsinə daxil olmayıb".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: müharibə Oqtay Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin