Müharibənin bitməsini gözləmək ümidsizlik və səhvdir AÇIQLAMA

21.09.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla danışıb. Bu həftə Zelenski BMT-nin Baş Assambleyasında iştirak edəcək və Trampla da görüşü nəzərdə tutulur. Elə Trampla Zelenski arasında olan danışıq zamanı Tramp bir neçə dəfə xahiş edib ki, Rusiyanın neftayırma zavodlarını vurmasınlar, vurmağı dayandırsınlar. Çünki bu, dünyada neftin, yanacağın qiymətinin artmasına səbəb olur".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirdi.

Onun sözlərinə görə, bu ərəfədə də ABŞ-də öldürücü sanksiya Konqres tərəfindən qəbul olunub və Tramp onu təsdiqləyib:

"Bu, doğrudan da çox ağır bir sanksiyadır, indiyə kimi qəbul edilən sanksiyalardan fərqlidir və əsas da Rusiyadan yanacaq alan, Rusiya tərəfi ilə əlaqə saxlayan ölkələrin 500%-ə qədər rüsum ödəyəcəkləri haqqında qərardır. Yəni, bu, çox ciddi bir qərardır və hesab edirəm ki, bu da məhz elə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlib.

Zelenski öz çıxışlarında hər dəfə bildirir ki, biz ancaq və ancaq müharibənin dayanmasını istəyirik. Onların bu gün çalışdığı odur ki, cəbhənin olduğu yerdə atəşkəs elan olunsun, müharibə dayansın və müqavilə bağlansın. Hələ Rusiya buna getmir, çünki o, Donbasın qalan hissəsinin də Rusiyaya verilməsini tələb edir. Elə Ankara görüşləri də bundan ibarət idi ki, o zaman Tramp razılığa gəlmişdi ki, bəli, Donbasın qalan hissəsini Ukrayna verir və müharibə dayanır. Amma Zelenski, yəni Ukrayna bunu verməkdən imtina etdi və bildirdi ki, biz heç cürə Rusiyanın işğalı altında olmayan torpaqları Rusiyaya hədiyyə edə bilmərik. Elə doğrudan da, Ukrayna döyüşür və torpaqlarını geri almağa çalışır. Hətta müəyyən sahələrdə də son zamanlar irəliləyişlər əldə olunub".

Müsahibimiz vurğuladı ki, dünən Moskva şəhərinə çox böyük dron hücumu olub, onların ən iri, böyük neftayırma zavodlarını dağıdıblar və bu da sosial mediada yayılıb:

"Rusiya çətin durumdadır və bunu Rusiyanı sülhə məcburetmə əməliyyatı kimi də qiymətləndirmək olar. Çünki Amerika tərəfindən qəbul olunan sanksiya doğrudan da çox ağır sanksiyadır və hesab edirəm ki, bu sanksiya təsirini göstərəcək.

O məlumat da var ki, Rusiya artıq dünən parlament seçkilərini yekunlaşdırıb və bundan sonra böyük səfərbərlik əldə edəcək, müharibə yenidən daha da gərginləşəcək. Hətta Şimali Koreyadan da 50 minə yaxın əsgəri qüvvə cəlb edilməsi haqqında da məlumatlar var.

Rusiya lideri Vladimir Putin müharibəni dayandırmağı Rusiya üçün yox, özü üçün öldürücü hesab edir, çünki əgər doğrudan da müharibə dayansa, işsizlik, sənayenin ağır vəziyyətdə olması, inflyasiya — bütün bunlar hakimiyyəti çətin vəziyyətdə qoyacaq. Ancaq bu gün isə Putin rus şovinizmini işə salaraq, əhalini səfərbər edərək “Rusiyanı yenmək olmaz” devizi ilə onların bu sahədə ideoloqu olan Duqinin fəlsəfəsilə daha sürətli hücuma keçmək planları üzərində işləyəcəklər. Ona görə də hesab edirəm ki, yaxın zamanlarda müharibənin bitməsini gözləmək ümidsizlik və səhvdir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью