Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O bildirib ki, bu, 1990-cı il Körfəz müharibəsindən sonra neft bazarında ən böyük davamlı qiymət şoklarından biri hesab olunur:
“Əlavə xərcin strukturu problemin miqyasını daha aydın göstərir: Xam neft - 164,1 milyard dollar; dizel - 73,8 milyard dollar; sıxılmış qaz - 38 milyard dollar; benzin - 35,7 milyard dollar; aviasiya yanacağı - təxminən 20 milyard dollar.
Yəni, əlavə enerji xərclərinin təxminən yarısını təkcə xam neft formalaşdırıb. Amma diqqətçəkən məqam odur ki, emal olunmuş neft məhsullarında qiymət artımı xam neftdən daha yüksək olub.
Məsələn, altı ay ərzində xam neftin orta qiyməti müharibədən əvvəl gözlənilən 69 dollardan 93 dollara yüksəlib - fərq 35% təşkil edib. Dizeldə isə qiymət gözlənilən 101 dollar/barreldən 161 dollar/barrelə qalxıb, təxminən 59% artıb. Benzində isə müvafiq göstəricilər 93 dollardan 133 dollara, yəni təxminən 43% artıb.
Qaz bazarında təsir isə daha kəskin olub. Asiya bazarında sıxılmış qazın (LNG) orta qiyməti müharibədən əvvəlki gözləntilərdən 75%, Avropada isə 60% yüksək olub. Sakit okean hövzəsində LNG qiyməti orta hesabla 10,62 dollardan 18,62 dollar/MMBtu-ya, Atlantik hövzəsində isə 10,65 dollardan 16,99 dollar/MMBtu-ya yüksəlib.
330 milyard dollarlıq əlavə xərc ölkələr və regionlar üzrə də qeyri-bərabər bölünüb. Ən böyük əlavə xərc Avropa İttifaqının üzərinə düşüb və onun xərci 78 milyard dollar təşkil edib. Çin 35 milyard dollar, Hindistan isə 22 milyard dollar əlavə enerji xərci ödəyib”.
T.Mirkişili əlavə edib ki, burada başqa bir mühüm iqtisadi nəticə də var: “Aşağı və orta gəlirli enerji idxalçısı ölkələrdə əlavə xərcin ÜDM-ə nisbəti yüksək gəlirli ölkələrlə müqayisədə orta hesabla təxminən 2 dəfə çox olub. Deməli, enerji şoku yalnız inflyasiya yaratmır, həm də ölkələr arasında iqtisadi dayanıqlıq fərqini artırır”.
Deputatın fikrincə, problemin uzunmüddətli tərəfi isə emal gücləridir.
“Hesablamalara görə, hərbi əməliyyatlar Yaxın Şərqin neft emalı imkanlarının təxminən beşdə birini, yəni gündə 9,6 milyon barelə yaxın gücü sıradan çıxarıb. Buna görə də hərbi qarşıdurma zəifləsə belə, benzin, dizel və aviasiya yanacağında yüksək qiymətlər daha uzun müddət qala bilər”, - o vurğulayıb.
T.Mirkişilinin sözlərinə görə, burada maraqlı müqayisə isə bərpaolunan enerji ilə bağlıdır. “2020-ci ildən sonra yaradılmış əlavə günəş, külək və digər təmiz elektrik generasiya gücləri böhranın ilk beş ayında enerji idxal edən ölkələrə təxminən 36 milyard dollarlıq kömür, qaz və neft idxalından yayınmağa imkan verib.
Bütün bunlar onu göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız kifayət qədər neft və qaz əldə etmək məsələsi deyil. O, eyni zamanda ölkənin nə qədər enerji idxal etməsindən, öz daxilində nə qədər elektrik istehsal edə bilməsindən, enerji mənbələrini nə qədər diversifikasiya etməsindən və geosiyasi şokları iqtisadiyyata ötürmədən absorbsiya etmək imkanından asılıdır”, - deputat qeyd edib.
Onun fikrincə, 330 milyard dollarlıq əlavə xərc də göstərir ki, müasir geosiyasi qarşıdurmalarda ən böyük iqtisadi xərclərin bir hissəsi döyüş meydanından minlərlə kilometr uzaqda yerləşən müəssisələrin istehsal xərclərində, logistika tariflərində, aviabiletlərdə, istilik və elektrik hesablarında ortaya çıxır: “Bunu isə ödəyən vətəndaşlardır. Başqa sözlə, enerji qiymətindəki geosiyasi risk bütün dünya iqtisadiyyatına dolayı yolla qoyulan “müharibə vergisi”nə çevrilir”.
Mürtəza