Müharibəyə ciddi hazırlıq: Təkcə bir silaha 12 milyard

23.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Almaniya  minlərlə kilometr məsafədəki hədəfləri vura biləcək uzaqmənzilli silah arsenalının yaradılmasına təxminən 12 milyard avro xərcləməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Politico" Almaniya Müdafiə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.

Yeni silahlar Almaniya ordusuna düşmənin  arxa cəbhəsində yerləşən komanda məntəqələrinə, aerodromlara, raket buraxılış qurğularına və təchizat mərkəzlərinə zərbələr endirməyə imkan verməlidir. Sənədlərdə bu proqram Almaniya və NATO-nun əsas prioritetlərindən biri kimi göstərilir. Nəşr yazır ki,

Berlin nüvə həddini keçmədən təhlükələrə cavab vermək imkanını saxlamaqla, düşmənin dərin arxa cəbhəsinə adi silahlarla zərbə endirmək qabiliyyəti əldə etmək istəyir.

Proqram dörd istiqamətdən ibarətdir. İlk layihələrin gələn ildən həyata keçirilməsi, ən müasir sistemlərin isə Böyük Britaniya ilə birlikdə növbəti onilliyin ortalarına qədər hazırlanması planlaşdırılır.

Lakin bunun üçün lazım olan maliyyə hələ təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyi də müvafiq layihələrin Bundestaqın təsdiqini tələb etdiyini bildirib.
İlk olaraq Almaniya ucuz qanadlı raketin kütləvi istehsalına başlamağı planlaşdırır. Bunun 2027-ci ildə başlanması nəzərdə tutulur.

Müzakirə olunan variantlar arasında ABŞ-İsrail şirkəti "Covenant Industries" tərəfindən hazırlanan "Anthem", adı açıqlanmayan ukraynalı istehsalçının BARS raketi və Ukraynanın "Fire Point" şirkətinin "Flamingo" raketi var.

Berlin iki istehsalçı ilə müqavilə bağlamaq üçün danışıqlar aparır. İlk sınaq və kvalifikasiya raketlərinin gələn il alınması planlaşdırılır.
Almaniya Müdafiə Nazirliyi hesab edir ki, Ukraynadakı müharibə nisbətən ucuz raket və dronların kütləvi şəkildə istifadə edilərək düşmənin hava hücumundan müdafiəsini yükləməsinin effektivliyini göstərib.

İkinci istiqamət ABŞ istehsalı olan "Tomahawk" raketləridir. Almaniya kansleri Fridrix Merts daha əvvəl Berlinin Vaşinqtonla bu raketlərin alınması və Almaniyada yerləşdirilməsi barədə razılığa gəldiyini bildirmişdi.

Daxili sənədlərə görə, ABŞ-nin "Typhon" buraxılış qurğuları və "Tomahawk" raketləri ilə ilkin imkanların 2030-cu ilə qədər yaradılması planlaşdırılır.

Bununla yanaşı, Almaniya və Böyük Britaniya daha mürəkkəb iki silah sistemi hazırlayır:

yeni qanadlı raket,

hipersəsli planlaşdırıcı döyüş bloku.

Onların uçuş məsafəsinin 2 000 kilometrdən çox olması nəzərdə tutulur. İlkin imkanların növbəti onilliyin ortalarında əldə edilməsi planlaşdırılır.
Əsas xərclərin məhz Almaniya-Britaniya birgə layihələrinə yönəldilməsi nəzərdə tutulur. Sənədlərdən birinə əsasən, təxminən 9 milyard avro  bu sistemlərin hazırlanması və alınmasına,

182 milyon avro  istismarına,

1,8 milyard avro  qanadlı raketlərin hazırlanması və alınmasına

97 milyon avro onların texniki xidmətinə ayrılmalıdır.

Beləliklə, Almaniya eyni vaxtda üç səviyyəli uzaqmənzilli silah sistemi yaratmaq istəyir: kütləvi istifadə üçün ucuz raketlər, daha tez əldə ediləcək "Tomahawk" raketləri və 2 000 kilometrdən artıq məsafəyə malik perspektiv Almaniya-Britaniya sistemləri.

Proqram Almaniya hərbi rəhbərlərinin Rusiyanın bu onilliyin sonuna qədər NATO ərazisinə hücum etmək imkanına sahib ola biləcəyi barədə xəbərdarlıqları fonunda həyata keçirilir.

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью