Müharibəyə daha kimlər qoşulacaq: “Heç bir ölkə İranla birbaşa...”

17.03.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın fevralın 27-də Cenevrə şəhərində İranla aparılan danışıqlardan narazılığını ifadə etməsi Yaxın Şərqdə gərginliyin sürətlə artacağına dair ciddi siqnallar verdi. 

Bu açıqlamadan dərhal sonra bir sıra ölkələrin öz vətəndaşlarına İranı təcili tərk etmələri ilə bağlı çağırışlar etməsi isə bölgədə mümkün hərbi eskalasiya ehtimallarını daha da gücləndirdi. “Böyük Qəzəb” əməliyyatı adlandırılan prosesin azı dörd gün davam edəcəyi ilə bağlı iddialar fonunda İranın cavabı gecikmədi. 

Tehran administrasiyası ABŞ və İsrailə qarşı genişmiqyaslı əks-həmlələrə başlayaraq regiondakı Amerika hərbi mövcudluğunu hədəfə aldı. Hücumların coğrafiyasının Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn kimi ölkələrdə yerləşən ABŞ hərbi bazalarını, eləcə də İordaniya və Səudiyyə Ərəbistanı üzərindən keçən hava məkanını əhatə etməsi qarşıdurmanın miqyasını daha da genişləndirdi. 

Bundan əlavə, gərginliyin Azərbaycan və Türkiyə sərhədlərinə yaxın ərazilərə, hətta Kipr istiqamətindəki strateji nöqtələrə qədər uzanması hadisələrin artıq lokal xarakter daşımadığını göstərir. 

İlkin mərhələdə Körfəz Ərəb dövlətləri ABŞ-nin İranla birbaşa müharibəyə girməsinə isti yanaşmasalar da, son hadisələr fonunda mövqelərdə dəyişiklik müşahidə olunur. 

“Reuters” agentliyinin hökumət mənbələrinə istinadən yaydığı məlumata görə, artıq bəzi Körfəz dövlətləri Vaşinqtonu daha sərt addımlar atmağa və İranın regiondakı təsir imkanlarını məhdudlaşdırmağa çağırır. Eyni zamanda, məlumatlara əsasən, ABŞ də öz növbəsində Körfəz ölkələrinə İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmaları üçün təzyiqləri artırır. 

Belə bir mürəkkəb və sürətlə dəyişən geosiyasi şəraitdə mümkün genişmiqyaslı müharibəyə hansı ölkələr qoşula bilər? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”a açıqlamasında bildirib ki, İran həqiqətən son günlərdə sağa-sola, müxtəlif istiqamətlərə raket və dron zərbələri endirməsi regionda gərginliyi artırıb. O qeyd edib ki, Azərbaycan, ümumiyyətlə, fərqli istiqamətdə yerləşməsinə baxmayaraq, Naxşıvana dron atdılar: 

“Məsələn, tutaq ki, İranın Türkiyə üzərindən Kiprdə yerləşən Böyük Britaniyanın hərbi bazasına zərbə endirməsi ehtimalı müzakirə olundu. Amma Azərbaycan tamamilə başqa istiqamətdə yerləşir. Eyni zamanda, Körfəz ölkələri də bir neçə gündür raket və dron hücumlarına məruz qalır. 

Bu hücumların böyük əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir. Əgər bu vasitələr vaxtında neytrallaşdırılmasaydı, hazırda həmin ölkələrdə mülki itkilərin sayı xeyli yüksək ola bilərdi, mülki insanlar ölərdi. 

Düzdür, müharibədən əvvəl Körfəz ölkələri ABŞ-nin qərarlarına təsir etmək istəyirdilər ki, qarşıdurmanın qarşısını alsınlar, müharibə olmasın. Çünki bilirdilər ki, onları da təhlükə gözləyə bilər. 

Onlar mümkün müharibənin birbaşa öz ərazilərinə də təhlükə yaradacağını anlayırdılar. Bu ölkələrin bir çoxunda ABŞ-nin hərbi bazaları yerləşir. Hazırda isə İranı idarə edənlər arasında SEPAH generalları var. Onlar yalnız ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarını deyil, eyni zamanda qaz, enerji infrastrukturu və turizm obyektlərini də hədəf almağa çalışırlar. 

Vəziyyət o həddə çatıb ki, uzun müddət ABŞ və İran arasında vasitəçilik edən Qətər və Omana da zərbələr endirir. Bu da İranın “sağ ol”udur”. 

Elxan Şahinoğlu vurğulayıb ki, hazırda bu ölkələrin istəyi ABŞ-nin münaqişəyə birdəfəlik son qoymasıdır: “Hazırda Körfəz ölkələri müharibəyə qoşulmur. Çünki belə bir addım atsalar, İsraillə eyni mövqedən çıxış etmiş olarlar. Onlar belə görüntü vermək istəmirlər. 

Lakin raket və dron hücumlarının miqyası daha da genişlənərsə, bu ölkələr də qərar vermək məcburiyyətində qalacaq. Niyə indi onlar istəyirlər ki, Amerika məsələni birdəfəlik bitirsin? 

Çünki ehtiyat edirlər ki, əgər İranla münaqişə yarımçıq dayandırılsa, müəyyən müddətdən sonra İran müxtəlif bəhanələrlə yenidən Körfəz dövlətlərini hədəfə ala bilər”. Politoloq əlavə edib ki, artıq baş verən hadisələr region ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərib: 

“Onsuz da baş verənlər Körfəz ölkələrinin iqtisadiyyatına, xüsusilə turizm və investisiya sektoruna ciddi zərbə vurub. Məsələn, uzun illər “turizm cənnəti” kimi tanınan Dubayda hazırda turist yoxdu, bununla yanaşı, bir sıra investorlar oranı tərk edib. 

Bu, böyük zərbədir. Bütün bunları nəzərə alan Körfəz ölkələri münaqişənin uzanmasını deyil, birdəfəlik bitsin. Bu isə o deməkdir ki, ya İrandakı mövcud rejim çöksün, ya da ABŞ-nin şərtlərini qəbul etsin. Əks halda, yaralı halda buraxılsa, bir müddət keçəcək, o, yenidən Körfəz ölkələrini hədəf alacaq”. 

Onun sözlərinə görə, gərginlik bu şəkildə davam edərsə, gələcəkdə Körfəz ölkələrinin İrana qarşı ittifaq formalaşdırması ehtimalı da arta bilər: 

“Körfəz ölkələrinin müharibəyə qoşulub-qoşulmayacağını hələlik birmənalı şəkildə demək çətindir. Amma münaqişənin yarımçıq dayandırılmasını da istəmirlər. Hazırda bu ölkələr müharibəyə qoşulmurlar. Bunun əsas səbəblərindən biri İsraillə eyni mövqedən çıxış edirmiş kimi görünmək istəməmələridir. 

Digər tərəfdən, onlar ehtiyat edirlər ki, müharibəyə birbaşa qoşulacaqları təqdirdə İranın Körfəz ölkələrinə qarşı zərbələri daha da intensivləşə bilər. Üstəlik, hava hücumundan müdafiə sistemləri də bir az zəifləyib. 

Bu səbəbdən qərar verməkdə çətinlik çəkirlər. Hesab etmək olar ki, əgər İran hücumlarını davam etdirərsə, gələcəkdə Körfəz ölkələrinin İrana qarşı ittifaqı da formalaşa bilər”. 

Elxan Şahinoğlu bildirib ki, ümumilikdə hazırda heç bir ölkə İranla birbaşa müharibəyə qoşulmaq istəmir: 

“Hətta Avropa ölkələri belə ABŞ-yə dəstək vermirlər. Donald Trampın Avropa dövlətlərinə Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirak etmələri ilə bağlı müraciət etsə də, onlar bu prosesə qoşulmurlar. 

Çünki istənilən Avropa ölkəsi həmin bölgəyə hərbi gəmi göndərərsə və İran tərəfindən bu gəmiyə zərbə endirilərsə, artıq həmin ölkənin birbaşa İran ilə müharibəyə qoşulmiuş olacaq”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: müharibə Elxan Şahinoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью