“Mühasirəyə” düşən İnfantinonun xilas planı

15.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

UEFA FIFA-nın ABŞ-dəki törəmə şirkətlərinin məhkəmə prosesinə qoşulmasına mane olmaq üçün iddia qaldırıb. Avropa futbol qurumu bu addımla Canni İnfantinoya qarşı açılacaq cinayət işi üçün vacib sübutlar əldə etmək istəyir.

Futbolpress.az xəbər verir ki, UEFA ilə FIFA arasında “DÇ-nin kommersiya hüquqları” layihəsi ətrafında başlayan qalmaqal hüquqi müstəvidə kəskinləşməkdə davam edir. Avropa futbol idarəsi Manhetten Federal Məhkəməsinə təqdim etdiyi yeni sənəddə “FIFA (Americas) Inc.” və “FWC2026 US Inc.” şirkətlərinin bu prosesə heç bir hüquqi tərəf olmadığını, FIFA və İnfantinonun əvəzinə sözügedən işə müdaxilə etməyə çalışdıqlarını vurğulayıb.

UEFA ABŞ-nin müvafiq məhkəmə qanunvericiliyinə istinad edərək, “Thrive Capital Management” şirkəti və onun təsisçisi Coşua Kuşnerdən rəsmi ifadə, həmçinin mühüm sənədlərin təhvil verilməsini tələb edir. Məqsəd İnfantinonun avqustun 1-də kəskin tənqidlərdən sonra imtina etdiyi “FIFA Forward Enterprise” proqramı barədə məlumat toplamaqdır. Həmin qalmaqallı plana əsasən, DÇ-nin və FIFA-nın digər turnirlərinin kommersiya və əməliyyat hüquqlarının daimi payı xüsusi investorlara satılmalı idi.

UEFA rəhbərliyi İnfantino və digər FIFA rəsmilərini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırır. Qurum bu faktlar əsasında İsveçrədə cinayət işi qaldırmağı planlaşdırır. Hələlik rəsmi ittiham irəli sürülməsə də, FIFA ötən həftə UEFA-nı özünə qarşı böhtan və “qaralama kampaniyası” aparmaqda təqsirləndirib, İnfantino isə qanunsuz heç bir addım atmadığını açıqlayıb.

UEFA məhkəməyə ünvanladığı cavabında FIFA-nın ABŞ-dəki şirkətlərinin bu işlə heç bir hüquqi bağlılığının olmadığını bir daha diqqətə çatdırıb. Təşkilatın qənaətinə görə, qarşı tərəf sadəcə prosesi uzatmaq və vaxt qazanmağa çalışır. Manhetten Federal Məhkəməsi isə hələlik heç bir müraciət ilə bağlı yekun qərarını verməyib.

***

Göründüyü kimi, dünya futbolunun iki böyük qurumu arasında bir müddətdir başlayan “soyuq müharibə” şiddətli hal almağa başlayır. İnfantino artıq ittiham “mühasirəsinə” düşmək üzrədir.

Lakin o, bu vəziyyətə də müqavimət göstərmək potensialında olduğunu göstərir. Bakıda keçiriləcək festival xarakterli U-15 Dünya Çempionatı sırf onun komandasına məxsus layihədir. Təhlillər göstərir ki, gələn ilin martında assosiasiyanın prezidenti vəzifəsinə seçkilərdə mövqeyini itirməmək üçün bu cür “hamını sevindirmək” mahiyyətli “tryuk” hazırlanıb. Bilindiyi kimi, 22–31 oktyabr tarixlərində keçiriləcək tədbir indiyədək FIFA-nın keçirəcəyi ən irimiqyaslı tədbiri olacaq və Canni İnfantino həmin müddətdə Bakıda olacaq. Bir çox ölkə assosiasiyasının rəhbər səviyyəsində iştirak edəcəyi festival bir növ, İnfantinonun mart seçkilərinə “elektorat toplamasına” hesablanıb. O, burada çoxsaylı görüşlər keçirib, “işini həll edəcək”.

Təşkilatın pərdəarxası qərarları da prosesin nə qədər fors-major xarakter daşıdığını göstərir. İlk olaraq 17 dekabr 2025-ci ildə təklif edilən layihə əslində ABŞ-də keçirilməli idi. Lakin 15–25 iyun tarixlərində, cəmi 10 gün ərzində nə baş verdisə, ev sahibliyi Bakıya həvalə olundu. Tarixinin ən irimiqyaslı tədbirinə hazırlaşan FIFA-nın bu qədər qısa müddətdə belə riskli qərar verməsi İnfantinonun vaxt udmaq üçün etdiyi “desperado” gedişidir.

Görək, İnfantino və onun komandası bu “gedişdən” karlı çıxacaqmı …

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью