Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avstraliyanın Sidney şəhərində kütləvi taxta konstruksiyaların tətbiqi ilə inşa edilən dünyanın ən hündür hibrid göydələni — "Atlassian Central" binasının daşıyıcı karkasının montajı rəsmən başa çatıb. "SHoP Architects" və "BVN Architecture" memarlıq büroları tərəfindən layihələndirilən 180 metrlik bu əzəmətli tikili məşhur Avstraliya texnologiya nəhəngi "Atlassian" şirkətinin yeni baş qərargahı olacaq. İnşaatçılar artıq binanın ən yüksək nöqtəsinə çataraq əsas konstruksiya işlərini yekunlaşdırıblar.
39 mərtəbəli bu göydələnin hündürlüyü 180 metrə çatır ki, bu da əvvəlki dünya rekordçusu — ABŞ-ın Miluoki şəhərində yerləşən 86,6 metrlik "Ascent" binasını təxminən 100 metr geridə qoyur. Bununla da "Atlassian Central" massiv taxta elementlərindən istifadə olunmaqla tikilən dünyanın ən hündür hibrid binası statusunu qazanıb.
Binanın əsasında qeyri-adi hibrid konstruktiv sxem dayanır: iki dəmir-beton sərtlik nüvəsi daxili taxta örtükləri və strukturları dəstəkləyir, kənardan isə bütün bina xüsusi polad ekzoskeletlə əhatə olunur. Məhz bu xarici ekzoskelet hər dörd mərtəbədən bir yerləşən yeddi "meqa-mərtəbə"nin yükünü daşıyır. Memarlar bu unikal daxili məkanları "təbii mühit zonaları" adlandırırlar.
Əsasən təbii taxta materiallardan ibarət olan bu zonalarda müasir ofis sahələri, çoxsəviyyəli atriumlar və geniş yaşıllaşdırılmış ictimai teraslar yer alacaq. Bu mühəndislik həlli əməkdaşlar üçün maksimal dərəcədə rahat və ekoloji cəhətdən təmiz iş şəraiti formalaşdırmağa hesablanıb.
Hazırda binanın fasad sistemlərinin quraşdırılması davam etdirilir. "Atlassian Central" göydələnin tikinti işlərinin tam olaraq cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ