Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi və 31-ci “Bakı Enerji Forumu”nun rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin verdiyi mesajlar xüsusilə diqqət çəkdi.
Qeyd edildiyi kimi, Ulu Öndərin əsasını qoyduğu uzaqgörən enerji diplomatiyası uğurlu model kimi özünü təsdiqləyərək Azərbaycanın milli maraqlarını tam təmin edib, eyni zamanda, dünya ölkələrinin enerji təminatında mühüm rol oynayıb. Bu müdrik strategiya ölkəmizin iqtisadi mənzərəsini köklü şəkildə dəyişərək 1990-cı illərin əvvəllərindəki Azərbaycanla müasir Azərbaycan arasındakı fərqi aydın şəkildə əks etdirməkdədir.
30 il əvvəl müasir neft və qaz sənayesində yeni səhifə açan Azərbaycan etibarlı və sadiq təchizatçı dövlət olaraq beynəlxalq enerji koalisiyasını paytaxtımızda toplayaraq “Bakı Enerji Həftəsi” platformasında birləşdirir, qlobal enerji liderlərini, dövlət rəsmilərini və aparıcı şirkətləri bir araya gətirərək karbohidrogen ehtiyatlarının nəqli və regional “yaşıl enerji” strategiyalarının müzakirəsini təşkil edir. Bu nümunəvi format yeni ideyaların müzakirə olunması və enerji həmrəyliyinin möhkəmlənməsində mühüm töhfəverici rol oynayır və beynəlxalq birlik tərəfindən alqışlanır.
Dünya liderlərinin, o cümlədən ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Kir Starmerin və digərlərinin dövlət başçımıza ünvanladıqları məktublar da bunun əyani sübutudur.
Hazırkı dünyada sürətlər dəyişən geosiyasi proseslər bir daha təsdiqləyir ki, Azərbaycan sadiq və etibarlı enerji təchizatçısıdır, neft və qaz sənayesinə qarşı uzun illər aparılan qarayaxma və damğalama kampaniyasına baxmayaraq, öz dayanıqlı istehsal və nəql zəncirini quraraq dünya enerji ailəsinin ən layiqli üzvünə çevrilib.
Cənab Prezidentin vurğuladığı kimi, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunur, əsassız olaraq ictimai rəylə küncə sıxışdırılırdılar. Hazırda qlobal enerji səhnəsində baş verən müsbət tendensiya ABŞ Prezidenti Donald Trampın müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlib.
Bu gün planetin enerji təhlükəsizliyi faydalı qazıntı olmadan mümkün deyil, eyni zamanda, müasir enerji kursu bərpaolunan enerjiyə sərmayə proqramları üzərində planlaşdırılmaqdadır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq milli maraqlara söykənən praqmatik siyasət yürütməklə enerji təhlükəsizliyi amilinə xüsusi diqqət və töhfə verib, həm özünü, həm də qlobal enerji təhlükəsizliyini gücləndirib.
Bu uzaqgörən və düzgün strategiya nəticəsində Azərbaycanın sosial infrastruktur, təhsil, səhiyyə, bilik və innovasiyalar üzrə dayanıqlı inkişafı təmin edilib, iqtisadi müstəqilliyi güclənib, yoxsulluq və işsizlik səviyyəsi beş faizə enib, xarici borcu əhəmiyyətli dərəcədə azaldılıb.
30 il ərzində ərazisinin təxminən 20 faizi işğal altında olan ölkəmizin milli iqtisadi güc potensialını möhkəmləndirərək torpaqlarını azad etməsi və beynəlxalq ədaləti bərqərar etməsində də enerjidən qaynaqlanan rezervlər mühüm rol oynayıb. Güclü iqtisadiyyat və güclü ordu ilə 44 günə əldə edilən mütləq qələbə məhz milli enerji siyasətinin uğurlarına söykənir.
Azərbaycanın istər sosial, iqtisadi və hərbi cəhətdən güclənməsi, istərsə də uğurlu xarici siyasəti olsun – bütün bunlar nümayiş etdirdi ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Məhz bu baxımdan, Azərbaycanın müəllifi olduğu nümunəvi təcrübə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində digərləri üçün də örnəkverici faktora çevrilir, bu problemlərdən əziyyət çəkən ölkələr üçün nümunə ola bilər.
Xəzər və Aralıq dənizlərini ilk dəfə enerji kəmərləri ilə birləşdirən ölkəmiz bölgədə ən nəhəng irimiqyaslı infrastruktur şəbəkəsi qurub, iddialı enerji layihələrini ərsəyə gətirib. Məhz Azərbaycanın hesabına bu gün 16 ölkə qaz ilə təchiz olunur ki, onun da 10-u Avropa İttifaqına üzvdür.
“Bakı Enerji Həftəsi”ndə çıxış edən Avropa Komissiyasının nümayəndəsinin vurğuladığı kimi, Bakı şəhəri enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır. Azərbaycan və Xəzər regionu Avropanın enerji təchizatının etibarlılığını gücləndirməyə kömək edən Cənub Qaz Dəhlizi də daxil olmaqla bu səylərə əhəmiyyətli töhfə verir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı açıqlıq, praqmatizm, qarşılıqlı fayda, təhlükəsiz, əlverişli və getdikcə dayanıqlı enerji təmin etmək ruhunda daha da inkişaf etdirməyi hədəfləyir.
Rəsmi Bakı, həmçinin təbii sərvətlərdən düzgün istifadə taktikası yürüdərək enerjinin şaxələnməsində yeni modeli formalaşdırır, bərpaolunan enerji mənbələrinə sərmayə yatırır, sərmayədarları cəlb edərək müştərək investisiya portfeli yaradır. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücümüzün iki giqavata çatması, 2032-ci ilin sonunda isə bu göstəricinin səkkiz giqavata yüksəlməsi sayəsində Azərbaycan yeni “Yaşıl enerji marşrutunu” quracaq.
30 il əvvəl xarici investorlar cəlb edən Azərbaycan bu gün Prezident İlham Əliyevin mükəmməl xarici və iqtisadi siyasəti nəticəsində artıq özü xaricə sərmayə yatıran ölkəyə çevrilib. Milli enerji korporasiyamız olan SOCAR Avropa, Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionlarında sərmayə axıcılığını davam etdirir.
Bakı Enerji Həftəsi çərçivəsində dünyanın aparıcı enerji şirkətləri ilə SOCAR arasında imzalanan mühüm sazişlər və anlaşma memorandumları Azərbaycan və Avropa ölkələri arasında yeni təchizat, investisiya, müştərək fəaliyyət və sair istiqamətləri nəzərdə tutur ki, bu, ölkəmizin qlobal miqyasda nüfuzunu daha da möhkəmləndirəcək.
Builki Forumu əvvəlkilərdən fərqləndirən digər mühüm amil ilk dəfə Azərbaycan-Amerika Birləşmiş Ştatları iqtisadi dialoqun təşkil edilməsidir. Prezident İlham Əliyevin ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının əhəmiyyətinə toxunaraq, tədbirin və yüksəksəviyyəli nümayəndə heyətinin səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını xatırladıb.
Yeri gəlmişkən, ABŞ-ın nəhəng maliyyə korporasiyası olan “J.P. Morgan Securities Plc” və aparıcı enerji şirkəti “Chevron Caspian Exploration B.V.” ilə SOCAR arasında imzalanan Anlaşma Memorandumu, habelə “Kritik mineralların və nadir torpaqların mədəni və emalı sahəsində təchizatın təminatı üzrə Azərbaycan-Amerika Birləşmiş Ştatları Çərçivəsi”nin izmalanması dövlətlərarası münasibətlərdə yeni səhifə açacaq mühüm iqtisadi hadisə hesab edilir.
Beləliklə, doğma paytaxtımızda keçirilməsi ənənəvi hal alan Bakı Enerji Həftəsi enerji məsələlərinin həlli və qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müəyyən edilməsində mühüm rol oynayacaqdır.
Ramid Namazov
Milli Məclisin deputatı