Multikulturalizm Azərbaycanda dövlət siyasətinin ayrılmaz hissəsidir: Rizvan Nəbiyev

27.01.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Bəhreyn Krallığının Manama şəhərində keçirilən APA təşkilatın Plenar Sessiyasında çıxış edib. Plenar sessiya “Asiya parlamentlərinin Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində rolu: imkanlar, çağırışlar və gələcək inkişaf"
mövzusuna həsr olunmuşdur.
R. Nəbiyev çıxışında Asiyada sülhün və tərəqqinin möhkəmləndirilməsində parlamentlərin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Asiya qitəsi sivilizasiyaların, mədəniyyətlərin və dinlərin zəngin müxtəlifliyi ilə seçilir və bu müxtəliflik həm böyük üstünlük, həm də mühüm məsuliyyət yaradır.
Deputat çıxışında Azərbaycanın multikulturalizm sahəsində zəngin tarixi təcrübəsi barədə məlumat verərək qeyd edib ki, ölkəmiz əsrlər boyu dini tolerantlığın və dinc yanaşı yaşamanın hökm sürdüyü məkan olub. Azərbaycanın coğrafi mövqeyi və tarixi irsi onu təbii şəkildə sivilizasiyalararası dialoqun mərkəzinə çevirib. O vurğulayıb ki, bu ənənələr Azərbaycanın həm Avropa, həm də Asiya institutları ilə fəal əməkdaşlığı ilə daha da möhkəmlənib.
Rizvan Nəbiyev 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı Prosesi haqqında danışaraq bu təşəbbüsün mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm beynəlxalq platformaya çevrildiyini bildirib. O qeyd edib ki, Bakı Prosesi çərçivəsində qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Bəyannaməsi” və sonrakı illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin Forumu, Bakı Humanitar Forumu və Bakı Qlobal Forumu mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verir.
Rizvan Nəbiyev Azərbaycanda multikulturalizmin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bildirərək, 2016-cı ilin Multikulturalizm İli, 2017-ci ilin isə İslam Həmrəyliyi İli elan edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, milli birliyin və tolerantlığın qorunması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb.
Rizvan Nəbiyev islamofobiya və dini ayrı-seçkiliklə mübarizənin vacibliyindən danışaraq vurğulamışdır ki, 2025-ci ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslamofobiya: Qərəzlərin ifşası və stereotiplərin aradan qaldırılması” adlı beynəlxalq konfransa müraciət ünvanlamışdır.
Prezidentin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmışdır. Bu tanınma və dəyərləndirmə Azərbaycanın islamofobiya ilə mübarizə və tolerantlığın təşviqi çağırışına beynəlxalq dəstəyin göstəricisidir. Prezident vurğulamışdır ki, dini nifrət beynəlxalq sülh üçün ciddi təhlükə yaradır və buna qarşı birgə qlobal fəaliyyət vasitəsilə mübarizə aparılmalıdır.
Çıxışın sonunda Rizvan Nəbiyev Bəhreyn Krallığının Nümayəndələr Palatasına və Asiya Parlament Assambleyasına göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib, Manama və Bakının mədəniyyətlərarası dialoq sahəsində təcrübələrinin Asiya və daha geniş region üçün faydalı ola biləcəyini qeyd edib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью