Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Bu gün dünya çempionatına start veriləcək. Sayca 23-cü olacaq mundiala ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.
1930-cu ildən etibarən dörd ildən bir keçirilən dünya çempionatları bu günə qədər cəmi iki dəfə baş tutmayıb: 1942 və 1946-cı illərdə II Dünya Müharibəsi səbəbindən təşkil olunmayıb.
Mundiallar tarixində ilk sürpriz 1966-cı ildəki yarışa təsadüf edir. Turnirə ilk dəfə qatılan Şimali Koreya yığması 1/4 finala qədər irəliləməyi bacarmışdı. Asiyalılar həmin vaxt ən yaxşılardan olan İtaliya millisini 1/8 finalda məğlub etmişdi.
Ötən əsrin ortalarında Asiyadan bir komandanın dünya çempionatında 1/4 finala qədər gələ bilməsi mümkünsüz kimi idi, lakin koreyalılar bunu bacarmaqla tarixin sürprizinə imza atmışdı.
Komanda 1/4 finalda Portuqaliya ilə qarşılaşıb. 25 dəqiqəyə üç qol vuran asiyalılar bu üstünlüyü qoruya bilməmiş və yekunda 3:5 hesabıyla uduzmuşdu. Portuqaliyalı əfsanə Eusebio bu matçda dörd qolla geridönüşə töhfəsini vermişdi.
1966 mundialında azərbaycanlı hakim Tofiq Bəhramov da yer alıb. O, İngiltərə – Qərbi Almaniya finalında yan xətt hakimi funksiyasını icra edib. Bəhramovun ingilislərin əlavə vaxtda – 101-ci dəqiqədə vurduğu qolu qeydə alması tarixin ən mübahisəli qərarlarından hesab edilir. Topun qapı üst dirəyindən yerə dəyməsindən sonra baş hakim Qottfrid Denst Bəhramovla məsləhətləşəndən sonra qolu qeydə alıb. Alman cəbhəsi isə hələ də müzakirələrdə epizodun qol olmadığını iddia edir.
Mübahisəli qolun müəllifi Geof Hurst həmin görüşdə üç qol vurub. Bu, dünya çempionatları tarixində finallardakı ilk het-trikdir.
1966 mundialı İngiltərənin qələbəsiylə başa çatıb. Bu, onların tarixdəki yeganə dünya çempionluğudur.
Şahin Cəfərov