Münxendə 191 ci Oktoberfest start götürüb

19.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 19 sentyabr, AZƏRTAC

Almaniyanın Münxen şəhərində dünyanın ən böyük xalq festivallarından olan 191-ci Oktoberfest start götürüb.

AZƏRTAC xəbər verir ki, Münxenin Terezienvize parkında keçirilən festival oktyabrın 4-dək davam edəcək. Bu il tədbirə 7 milyon ziyarətçinin gələcəyi, onların təqribən beşdə birinin xaricdən olacağı gözlənilir.

Festivalın açılışı ənənəvi “Yürüş” mərasimi ilə başlayıb. Günorta isə Münxenin meri Dominik Krausenin “Şottenhamel” çadırında ilk pivə çəlləyini açması və ardınca iştirakçıların ənənəyə uyğun olaraq, “O‘zapft is!“ (“Çəllək açıldı!”) sədaları altında Oktoberfest rəsmən start götürüb.

Ərazidə 14 böyük festival çadırı ilə yanaşı, çoxsaylı kiçik çadırlar, 180-dək satış köşkü və təxminən 250 attraksion fəaliyyət göstərir. Bu il proqramda yeni yüksək texnologiyalı əyləncə qurğuları ilə yanaşı, “Oidn Wiesn” bölməsində tarixi attraksionlar da təqdim olunur.

Builki Oktoberfestdə pivənin bir litrinin qiyməti 15,90 avroyadək yüksəlib. Festival ərazisinə giriş isə pulsuzdur.

Bu bayram ilk dəfə 1810-cu ildə Bavariya şahzadəsi Lüdviqin və şahzadə Terezenin toy mərasiminin şərəfinə keçirilib və hər il təşkil edilir. Hər il milyonlarla ziyarətçi Oktoberfestə gələrək Almaniyanın mədəni irsi və əyləncə ənənələri ilə tanış olur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью