Müqavilə bitir, qorxu başlayır, dünya təhlükə altında

03.02.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Fevralın 5-də 2011-ci ildə Rusiya ilə ABŞ arasında imzalanmış Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (New START) müddətinin başa çatması beynəlxalq təhlükəsizlik sistemində son onilliklərin ən kritik məqamlarından birini formalaşdırır. Bu sənəd sadəcə iki dövlət arasında texniki razılaşma deyil, qlobal nüvə balansının əsas dayaqlarından biri olub.
Müqavilənin taleyini daha da təhlükəli edən məqam ABŞ-da Donald Trampın nüvə silahlarının yenidən sınaqdan keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərdir. Bu bəyanatlar təsadüfi ritorika deyil, post-nəzarət dövrünə keçidin siyasi siqnalları kimi qəbul olunur.

Bu müqavilə Rusiya və ABŞ-ın  strateji nüvə başlıqlarının sayını, daşıyıcı vasitələri, qarşılıqlı yoxlama mexanizmlərini məhdudlaşdırırdı.

Onun qüvvədən düşməsi ilə ilk dəfə olaraq iki ən böyük nüvə dövləti heç bir hüquqi çərçivə olmadan qarşı-qarşıya qalır, “soyuq müharibə dövrünün nəzarət mexanizmləri” faktiki olaraq tarixə qovuşur.

Tramp faktoru: Silahlanmaya yaşıl işıq
Əgər Donald Tramp bu sənədi yeniləməzsə və ya alternativ mexanizm irəli sürməzsə, bu, bir neçə ciddi nəticə doğura bilər: Yeni nüvə silahlanma yarışı. Çünki nəzarətsiz mühitdə tərəflər arsenalı artırmaq üçün hüquqi maneə görməyəcək.
Nüvə silahının təzyiq alətinə çevrilməsi
Rusiya və ABŞ bu silahları yalnız deterrensiya yox, siyasi və geosiyasi təzyiq vasitəsi kimi istifadə edə bilər.

Müttəfiqlərin oyuna daxil olması
Böyük Britaniya və Fransanın nüvə potensialı rəsmi olaraq bu müqaviləyə daxil olmasa da, yeni reallıqda onların rolu arta bilər. Bu isə Avropanı birbaşa risk zonasına çevirir.

Çin nəyə qarşıdır?
Vaşinqtonun əsas arqumentlərindən biri Çinin də yeni strateji müqaviləyə daxil edilməsidir. Lakin Çinin nüvə arsenalı nə Rusiya, nə də ABŞ-la müqayisə edilə biləcək səviyyədə deyil.
Pekin bunu strateji balansı öz əleyhinə dəyişmək cəhdi kimi görür.
Çin üçün bu, təhlükəsizlik yox, strateji sıxışdırma planı deməkdir. Bu səbəbdən Çin müqavimət göstərir və yeni üçtərəfli model faktiki olaraq dalana dirənir.

Dünyanı nə gözləyir?
Əgər sənəd imzalanmazsa və alternativ mexanizm yaradılmazsa, o zaman beynəlxalq hüquqda nüvə silahlarına nəzarət boşluğu yaranacaq, regional münaqişələrdə nüvə faktoru daha açıq şəkildə masaya qoyulacaq, etik və humanitar baxımdan beynəlxalq məsuliyyət anlayışı aşınacaq, yanlış hesablama və texniki səhv riski dəfələrlə artacaq.
Bu isə artıq təkcə böyük güclərin problemi deyil, həm də bütün bəşəriyyət üçün təhlükədir.
Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin bitməsi sadəcə bir sənədin vaxtının dolması deyil. Bu, qlobal təhlükəsizlik arxitekturasının çat verməsidir. Trampın imzası və ya imzasızlığı yaxın günlərdə dünyanın hansı istiqamətə sürüklənəcəyini müəyyən edə bilər: Nəzarət olunan risklərə doğru, yoxsa nəzarətsiz xaosa.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью