Müqəddəsliyin uca zirvəsi

07.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 noyabr, AZƏRTAC

Bayraq xalqların azadlığını ifadə edən müqəddəslik simvoludur. Əgər bir xalqın bayrağı dalğalanırsa, deməli həmin xalqın nəfəsi, dövləti var. Ötən əsrin əvvəllərində ucaldılan üçrəngli bayrağımızın könül oxşayan dalğalanmasının sevincini yaşamağa imkan verilmədən xaincəsinə endirilməsi müstəqil Cümhuriyyətimizin süqutu, aydınlarımızın repressiyaya məruz qalması ilə müşayiət olunan işğal idi. Yetmiş il əsarət altında, yad ideologiyanın hökmranlığı şəraitində yaşasaq da, müstəqil, dünyəvi dövlətimiz xalqımızın azadlıq arzularının, milli dövlətçilik ənənələrinin və suveren yaşamaq hüququnun tarixi ifadəsi kimi yaddaşlarda yaşadı. Unutmadıq, unutdurmadıq, qəlbimizdə yaşatdıq. Məkrli düşmənin bütün basqıları, repressiyaları və milli iradəmizi sındırmaq cəhdləri xalqımızın müstəqillik eşqini söndürə bilmədi. Çünki özgür yaşamaq bizim haqqımız, müstəqil dövlət qurmaq isə amalımız idi. Bu haqq uğrunda 1990-cı ilin Qanlı Yanvarında xalqımız əliyalın, başdan-ayağa silahlanmış imperiya ordusunun qarşısına çıxdı. Qanımız və canımız bahasına müstəqilliyimizə yenidən qovuşduq, üçrəngli bayrağımız Vətən səmasında yenidən dalğalandı. Bu bayraq xalqımızın sınmayan iradəsinin, tökülən qanının və milli qürurunun rəmzi kimi ucaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

O qeyd edib ki, gənc dövlətçiliyimizin müstəqillik sevincini tam yaşamamış yenidən onu itirmək təhlükəsi ilə üz-üzə qaldıq. Bu dəfə də Azərbaycanın müstəqilliyini görmək istəməyən qüvvələr ölkəmizin suverenliyinə qarşı hərəkətə keçərək bütün gücləri ilə müstəqilliyimizin əleyhinə çalışmağa başladılar. Beləliklə, ötən əsrin sonlarında ən ağrılı günlərimizi yaşadıq, dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşılaşdıq.

“Bərbad idarəçilik, dövlət qulluğu və idarəçiliyi haqqında təsəvvürü olmayan insanların hakimiyyətə yiyələnməsi, pafos üzərində qurulan siyasi fəaliyyət ölkəni dərin böhrana sürüklədi. Hakimiyyətə gələnlərin səriştəsizliyi nəticəsində Azərbaycanı vətəndaş müharibəsi və separatizm alovu bürüdü. Dövlətçiliyimizin gələcəyi, xalqımızın taleyi ciddi təhlükə qarşısında qaldı. Belə ağır və məsuliyyətli bir zamanda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Onun qətiyyəti, siyasi müdrikliyi və cəsarəti qarşısında Azərbaycanın müstəqilliyinə qəsd edən qüvvələr geri çəkilməyə məcbur oldular. Heydər Əliyev üçrəngli bayrağımızın bir daha endirilməsinə, dövlət müstəqilliyimizin əldən getməsinə imkan vermədi və üzərinə götürdüyü tarixi məsuliyyətlə ölkəmizi parçalanmaq və dövlətçiliyimizi itirmək təhlükəsindən xilas edərək müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə işıq salan yeni bir yol açdı”, - deyə deputat bildirib.

O xatırladıb ki, sonrakı illərdə Azərbaycanın müstəqilliyini qətiyyətlə qoruyan Prezident İlham Əliyev dövlət atributlarına, xüsusilə üçrəngli bayrağımıza olan ehtiramını konkret qərarlarla ifadə etdi. Dövlətimizin başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başladı. Bu qərar dövlət bayrağımıza olan sevginin, milli dəyərlərimizə bağlılığın və müstəqilliyimizə sədaqətin dövlət səviyyəsində ifadəsi oldu. Ölkə Prezidenti üçrəngli bayrağımızı xalqımızın milli qürur və iftixar rəmzinə çevrilən müqəddəs dövlət atributu kimi uca tutdu. Bu tarixi qərarı ilə Prezident İlham Əliyev dövlət atributlarına hörmətin, üçrəngli bayrağımıza sevginin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu bir daha nümayiş etdirdi. Ölkənin birinci şəxsi kimi onun dövlət rəmzlərimizə göstərdiyi sevgi və ehtiram hər birimiz üçün örnək oldu. Ölkə başçısının bu tarixi qərarı həm də onunla yadda qaldı ki, xalqımızın uzun illər qəlbində yaşatdığı istiqlal arzusu dövlət səviyyəsində öz təsdiqini tapdı. Əsarətin zəncirlərini qıran xalqımız öz azadlıq haqqını iradəsi, mübarizəsi və qanı ilə təsdiqlədi. Bayrağımız bu mübarizənin yaddaşını, istiqlal arzusunun böyüklüyünü və heç bir qüvvənin xalqımızın ruhundan silə bilmədiyi azadlıq əzmini yaşadır. Onun dalğalanması tarix qarşısında öz taleyinə sahib çıxan xalqın əbədi bəyanatıdır.

“Bayrağımızı sevmək, onu qorumaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən müqəddəs vəzifəsi olmalıdır. Çünki bayraq bir xalqın keçmişini, bu gününü və gələcəyə uzanan əbədi varlığını özündə yaşadır. Ötən əsrin əvvəllərində dalğalanması ilə dənizi çırpındıraraq vəcdə gətirən üçrəngli bayrağımız bu gün suveren ərazilərimizdə dalğalanaraq bizi istəməyənləri məyus edir. Onun doğma torpaqlarımızda yenidən ucalması tarixə, taleyə və milli yaddaşımıza verilən ən böyük cavabdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bayrağımızın layiq olduğu zirvəyə yüksəlməsi bizə bir həqiqəti bir daha anlatdı. Bayraq ürəyimizin bir parçası, qürurumuzun ünvanı, varlığımızın müqəddəs andıdır. Onu qorumaq üçün canından keçmək, son nəfəsində bayrağımızı kəfənlik paltar bilib torpağa onun kölgəsində qovuşmaq Vətənə sədaqətin və vətəndaşlıq borcunun ən ali nümunəsidir. Çünki bayraq bütün dəyərlərin fövqündə dayanan, uğrunda can verilən və heç bir ölçüyə sığmayan müqəddəsliyin özüdür”, - deyə R.Mahmudov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью