Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Müğənni və bəstəkar Murad Arif sosial şəbəkələrdə fikir azadlığı, fərqli düşüncələrə münasibət və ictimai müzakirələrdəki davranışlarla bağlı fikirlərini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o, fikirlərində insanların bir-birinə qarşı daha anlayışlı olmasının, səhvlərə dözümlə yanaşmasının və qarşılıqlı hörmətin qorunmasının vacibliyini vurğulayıb.
Murad Arif qeyd edib ki, hər kəs istənilən mövzuda fikir bildirmək, öz düşüncəsini ifadə etmək, yanılmaq və səhvlərindən nəticə çıxarmaq hüququna malik olmalıdır.
Onun fikrincə, sosial şəbəkələrdə insanların fikirlərinə göstərilən sərt reaksiyalar bəzən elə təəssürat yaradır ki, sanki hər kəs qüsursuz olmalı və söylədiyi hər fikir mütləq həqiqət kimi qəbul edilməlidir.
Sənətçi insanları bir-birinə qarşı daha anlayışlı olmağa çağırıb:
“Bir-birinizin yaxasından düşün, ay millət. Mən ümumiyyətlə yanlışlara açıq, səhvi labüd sayan, özümü də daim öyrənən biri kimi tanıyıram. Amma siz bu qədər mükəmməlsiniz hər işinizdə?”
O, virtual ünsiyyətdə insanların bəzən real həyatda göstərmədikləri sərtliyi nümayiş etdirmələrinə də diqqət çəkib.
Murad Arif hesab edir ki, sosial şəbəkələrdə fərqli fikirlərə münasibətdə aqressivlik, özünü üstün tutmaq və başqalarına yuxarıdan aşağı baxmaq əvəzinə, insani münasibətlər ön planda olmalıdır.
“İnsanıqsa, insanlıqdan çıxmayaq”, – deyə sənətçi fikrini ifadə edib.
Murad Arif həmçinin şəxsi prinsiplərindən, ailəsinə və peşəsinə münasibətindən danışıb.
O, özünü məsuliyyətli, zəhmətkeş, mütaliə edən, araşdıran və öyrənməyə davam edən insan kimi xarakterizə edib. Bununla yanaşı, səhvlərinin olduğunu da etiraf edib.
Sənətçi fərqli düşünən insanlardan üzr istəməyə hazır olduğunu bildirərək, qarşılıqlı münasibətlərdə əsas meyarın insanlıq və şəxsi nümunə olmalı olduğunu vurğulayıb.
Son günlərin aktual mövzusu ilə bağlı mövqeyinə toxunan Murad Arif bildirib ki, ictimaiyyətin bilmədiyi və anlamadığı məqamlar ola bilər.
Onun fikrincə, qərarların arxasında daha geniş hesablamalar və Azərbaycanın maraqlarına xidmət edən yanaşmalar dayana bilər.
“Prioritet Azərbaycandırsa, gerisi təfərrüat. Gəlin, hadisələrin, olayların mərkəzinə Azərbaycanın maraqlarını qoyaq və güvənək”, – deyə Murad Arif paylaşımını yekunlaşdırıb.
Elmar
Gununsesi.info