Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Etibar Əliyev,
Fəlsəfə doktoru
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “İqtisadiyyatın mürəkkəbliyini artırmaq əsas hədəfimizdir” açıqlaması geniş müzakirələrə səbəb olub.
Cəmiyyətdə “mürəkkəblik” anlayışından qorxu var, çünki bu maraqlı anlayış barədə kitablar yazılmayıb və tərcümə ədəbiyyatı yox səviyyəsindədir. Ali məktəblərin əksər ixtisaslarında Sinergetika (yunancadan synergetikos – birgə fəaliyyət göstərənlərin razılaşması) elmi tədris olunmalıdır. Bu paradiqmanın XXI əsrdə tədqiqatlar üçün nə dərəcədə vacib olduğunu hələlik anlamırıq.
Mürəkkəblik fenomeni nədir?
Mürəkkəblik nəzəriyyəsi – dünyada mürəkkəb sistemlərin necə yaranması haqqında elmdir. “Mürəkkəblik” anlayışı burada “çətinlik, dolaşıqlıq, anlaşılmayan” kimi başa düşülməməlidir. Bu kontekstdə mürəkkəblik qarşılıqlı əlaqə modelləri: “açıq sistem, inkişafdan qalmayan, adaptiv və özünütəşkilatlandıran” kimi başa düşülməlidir. Məhz bu mürəkkəbliyi öyrənmək lazımdır.
Mürəkkəbliyi fərqləndirən əsas cizgi bütövün hissələrin cəmindən böyük olmasıdır.
Əvvəlcədən deyilməsi qeyri-mümkün olanlar bu nəzəriyyənin əsas predmetidir.
2009-cu ildə Yunanıstan büdcədə kəskin defisit, miqyaslı dövlət borcu ilə üzləşdi və avrozonanı təhlükə altına atdı. O zaman iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman maraqlı bir ifadə işlətdi: “İqtisadiyyat üzrə Nobel mükafatçıları, digər böyük iqtisadçıların demək olar heç biri bu təhlükəni proqnozlaşdırmamışdı”.
Bunun kökündə isə iqtisadiyyatda mürəkkəblik nəzəriyyəsini bilməmək durur.
Məsələn, maşınlar mürəkkəb sistem kimi ətraf mühitə vurduqları ölümcül zərbə olmasa, davranışlarını dəyişə bilməzlər.
Əsas tezis budur: “Bütöv hissələrin cəmindən böyükdür”.
Bu sadə anlayışdır, lakin bunda çox böyük mətləblər gizlənir. Danışıq dilində bu anlayış birliklərin assosiasiyasına müncər olunur: komanda işi, fərqli istedadlılar və qabiliyyətli fərdlərin birgə çalışmaları sinergiyanı təmin edir. Sinergiya – bir neçə faktorun qarşılıqlı təsirindən yaranan effekt, ayrı-ayrı effektlərin cəmindən güclüdür. Mürəkkəb sistemlər – insan orqanizmi, cəmiyyət, iqtisadiyyat da daxil olmaqla əvvəlcədən deyilməsi qeyri-mümkün olanların qarşısında davranışını dəyişir. Məhz bu kreativlik mürəkkəbliyin əsasını təşkil edir.
Mürəkkəblik nəzəriyyəsi XX əsrin ortalarında elmi dövriyyəyə daxil olub. Və ilk mərkəz Santa-Fe institutunda yaranıb. Dayanıqlı prinsip ondan ibarətdir ki, hissələri yaxşı öyrənsək, onda bütövü də daha dəqiq anlaya bilərik. Məsələn, saatın detallarının funksiyasını bilmədən onun işləməsini anlaya bilmərik. Bunu isə yalnız saatsazlar bilir.
Mürəkkəbliyin əsas anlayışlarından biri özünütəşkilatlandırmadır. Sinergetikanın banisi sayılan German Hakenin “Özünütəşkilatlandıran cəmiyyət” məqaləsi bu anlayışa işıq saçır. Xakenə görə hissələr bir-biri ilə razılaşıb özünütəşkilatlandırma yaratmaqla sistemin bütövlüyünü qoruyur. Özünütəşkilatlandıran iqtisadiyyat isə davamlı inkişafın təminatçısıdır.
Sonradan bunun adını elmi inqilab qoydular.
Zəruri qeyd: 2019-cu ildə Yeni Zelandiya hökuməti ciddi bir yenilik etdi. Bu ölkə iqtisadi uğurların əsas göstəricisi olan Ümumi Daxili Məhsul (ÜDM) anlayışından imtina etdi və özlərinin yeni indeksini yaratdı. Bu indeks dövlətin ÜDM-də problemlərini özündə ehtiva edir. Burada 3 kriteriya əsas götürülür: Biznesdən gələn gəlir, İnsanların maraqları (rifah) və Planetin maraqları (ekologiya).
Bu nümunəni mürəkkəbliyin dərk olunması kimi qiymətləndirmək olar. Əslində Yeni Zelandiyanın 3 indeksinin Ümumi Daxili Məhsulun hissələri kimi öyrənilməsi mürəkkəbliyi aradan qaldırır.
Bu qədər sadə...