Murovdan Şuşaya, oradan da Xankəndi polisinə...

06.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətən müharibəsində Zəfər yürüşünün iştirakçıları arasında bu gün işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşı kimi çalışan, qanunçuluğun keşiyində dayanaraq Vətənə xidmətini davam etdirən “səngərsiz əsgər”lər az deyil. Qürurla xatırladığımız müqəddəs savaşın 6-cı ildönümü günlərində belə qəhrəmanlarımızla görüşüb onların döyüş yollarına nəzər saldıq, xatirələrini qeydə aldıq...

İlk müsahiblərimizdən – Xankəndi Polis Şöbəsinin əməkdaşları Nurlan Orucov və Asəf Quliyevlə Zəfər parkının yaxınlığında, hər ikisi xidmət apararkən həmsöhbət olduq. Məqsədimiz haqlarında ayrıca yazılar hazırlamaq idi. Ancaq söhbət zamanı məlum oldu ki, ölkəmizin fərqli bölgələrində doğulmuş bu iki gəncin həqiqi hərbi xidmət yerləri, Murovdağ istiqamətindən başlayan, Füzuli, Cəbrayıl, Xocavənddən keçərək Şuşaya qədər uzanan döyüş yolları eyni olub. Elə birlikdə də Xankəndidə polis nəfəri kimi xidmətlərini davam etdirirlər. Odur ki, biz də barələrindəki yazını birləşdirməli olduq.

...2000-ci ildə Bakıda, Ağdam rayonundan məcburi köçkün Orucovların ailəsində dünyaya gəlmiş Nurlanın vətənpərvərlik ruhunda böyüməsində valideynlərinin çəkdikləri doğma yurd həsrəti, Vətən sevdası xüsusi rol oynayıb. Üstəlik, atası İnşallah Orucovun Birinci Qarabağ mühribəsində iştirakı, ağır yaralanaraq I qrup kimi sağlamlığını itirməsi də onda düşmənə nifrət hissinin yaranmasına təsirsiz ötüşməyib.

Həqiqi hərbi xidmətə Gəncədəki “N” saylı hərbi hissədə başlayan Nurlan tezliklə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarına qoşulub. Asəflə ilk tanışlığı, bu gün Xankəndidə davam edən dostluqları, yoldaşlıqları da məhz orada başlayıb. 2001-ci ildə Ağcabədi rayonunda doğulmuş A.Quliyev də Vətən sevgisi ilə eyni hərbi hissədə başladığı xidmətini Asəflə birgə XTQ-nin əsgəri kimi davam etdirib.

44 günlük müharibəsinin ilk günlərindən Murovdağ yüksəkliyi istiqamətində savaşa atılan dostlar daha sonra tabeliyində olduqları hərbi hissə ilə bigə Füzulidən şanlı zəfərimizin möhürünün vurulduğu Şuşaya qədər irəliləyiblər. Döyüşlərdən ən çox nələri xatırladıqları ilə maraqlandıq. Bildirdilər ki, təlimlərdə keçdikləri xüsusi fiziki və psixoloji hazırlıqlar döyüş zamanı peşəkar hərbçi kimi soyuqqanlı davranmalarında əsas rol oynayıb. Ancaq təbii ki, işğaldan azad edilmiş torpaqlara ayaq basdıqca, irəlilədikcə, xüsusilə Şuşaya daxil olan zaman yaşanan qürur dolu hissləri sözlə ifadə etmək asan deyil.

Döyüşçü-polislərin xalqımızın ən böyük arzusunun reallığa çevrildiyi 44 gündən heç zaman unutmayacaqları acı xatirələri də var: hər ikisi yanlarında şəhidlik zirvəsinə ucalmış döyüş yoldaşlarının adlarını çəkdilər, onların Vətən və torpaq naminə canlarını fəda etmələrinin verdiyi hüznü və acını xatırladılar...

Nurlanın və Asəfin savaşdakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, hər ikisi çoxsaylı medallarla təltif olunublar. Ancaq medalları haqqında sanki utanaraq bəhs edən qəhrəmanlarımız bildirdilər ki, onların ən böyük mükafatı azad Qarabağdır, Şərqi Zəngəzurdur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsidir, insanların bu gün sevinc göz yaşları içərisində doğma ata-baba yurdlarına dönməsidir!

Peşəkar xidmətlərini Daxili İşlər Nazirliyinin əməkdaşları kimi Xankəndidə davam etdirən N.Orucova və A.Quliyevə ünvanladığımız “Uğrunda döyüşərək azadlığında pay sahibi olduğun torpaqda çalışmaq, xidmət aparmaq necə hissdir” sualımıza hər iki qəhrəmanımız eyni cavabı verdi:

– Xankəndinin, ümumiyyətlə, Qarabağın təbiəti, havası, suyu, sanki möcüzədir. Burada yaşamaq da, işləmək də hər bir azərbaycanlı üçün qürurvericidir. Xoşbəxtik ki, biz də bu gün Xankəndidə polis əməkdaşı kimi xidmətimizi davam etdirir, asayişin keşiyində dayanmaqla Vətənə növbəti borcumuzu ödəyirik. Bu borc bizim üçün çox müqəddəsdir!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью