Musa ali təhsilini Cənubi Koreyada alacaq

12.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli texniki riyaziyyat təmayüllü lisey rayonun qabaqcıl, nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbin foyesində liseyin builki məzunu Musa Camalovun respublika və beynəlxalq səviyyədə qazandığı uğurları əks etdirən stend diqqətimizi dərhal cəlb etdi.

Musa 2026-cı ilin yanvarında Cənubi Koreyanın nüfuzlu KAIST Universitetində tam təqaüdlə təhsil almaq hüququ qazanıb. Məqsədi süni intellekt və humanoid robot sahəsində ixtisaslaşmaqdır.

Lənkəranlı gəncin uğur yolu hələ VIII sinifdə oxuyanda başlayıb. Bu yol heç də asan olmayıb. Texniki fənlərə, müasir texnologiya və alqoritmlərə, robot texnikasına, ingilis dilinə xüsusi maraq göstərib.

Musa deyir: “İstedad və zəhmət bir-birini tamamlamalıdır. Xaricdə təhsillə bağlı qarşıma konkret hədəf qoymuşdum. Yuxarı siniflərdə hər gün 6-7 saat, yay aylarında isə səhər saat 6-dan 23-ə qədər planlı şəkildə müxtəlif proqramlar üzərində işləyirdim. Atam Zaur Camalov ixtisasca həkim olsa da, müəllimlərimlə birlikdə mənə ən böyük dayaq olublar. Gənclərə tövsiyə edirəm ki, məqsədli çalışsınlar, səhvlərdən nəticə çıxarıb məqsədə doğru inamla getsinlər”.

Musa Camalov dərin bilikli, fəal gəncdir. İlk uğurlarını robot texnologiyaları sahəsində qazanıb. 21 ölkə arasında keçirilən FLL yarışının çempionu olub və ABŞ-da FIRST LEGO League dünya çempionatında ölkəmizi layiqincə təmsil edib.

Sonra VEX Robotics yarışında 15 ölkə arasında birinci yerə çıxıb. “Google”, “Stanford Universiteti” və “Schoolhouse.world” platformalarından müxtəlif sertifikatlar, o cümlədən “təcrübəli tələbə” adını qazanıb. Texniki fənlərə dərin marağı onu VII beynəlxalq olimpiadanın finalına qədər aparıb. Respublika və beynəlxalq robot yarışlarında fəal iştirakı sayəsində texniki biliklərini və analitik düşünmə bacarığını artırıb.

2024-cü ildə robot oyunu və robot dizaynı üzrə birincilik qazanıb.

Keçən il SAT imtahanında maksimum nəticə – 1600 bal toplayaraq dünya birincisi olub. Tr-Yös (Türkiye Yurt Dışından Öğrenci Kabul Sınavı) müsabiqəsində 500 maksimum baldan 451 bal toplayıb. Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi “Climate Change” layihəsində fəal iştirakına görə sertifikata layiq görülüb. ADA Universiteti və Bolonya Universitetlərinin birlikdə təşkil etdikləri “Azerfoodathon 2025” yarışında qaliblər sırasına qoşulub.

Narahat dünyamızda baş verən müharibələrdə və hərbi münaqişələrdə robotların çoxlu sayda günahsız insanların həyatına son qoyduğunu nəzərə alaraq kapitanı olduğu URP (Use Robots for Peace) komandası müasir texnologiyalardan sülh və insanlıq naminə istifadəyə çağırış edib.

Musa Camalov texnologiya sahəsində dünyada yüksək reytinqə malik, patent hüququna görə 10-cu yerdə olan Cənubi Koreyanın nüfuzlu KAIST Universitetinə (Yüksək Elm və Texnologiya Universiteti) qəbul olunub. Hazırda universitetdə onlayn qaydada keçirilən dərslərə qatılır və Koreya dilini öyrənir. O, burada kompüter elmləri və süni intellekt mühəndisliyi ixtisası üzrə oxuyacaq.

Musa qazandığı uğurları sadəcə bir nəticə yox, gələcəyə açılan ümid qapısı adlandırır. İlk növbədə tam orta təhsil aldığı liseyin müəllimlərinə, beynəlxalq və respublika səviyyəli yarışlarda iştirakını yüksək dəyərləndirən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью