Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin 13 aylıq həbsdə saxlanılma müddəti başa çatır.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin müddət ibtidai istintaqın yekunlaşması üçün yetərli olmayıb.
İstintaq orqanı əlavə sübutların toplanması zərurəti ilə bağlı məhkəməyə vəsatət verib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən verilən vəsatətdə irihəcmli cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin davam etdiyi bildirilib, təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin müddətinin uzadılması istənilib.
Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı hesab edib. Musa Şəkiliyevin əlavə 6 ay həbsdə qalmasına qərar verilib.
Məlumat üçün bildirək ki, xüsusilə ağır cinayət işlərində təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 13 aydır. Zəruri hallarda bu müddət 6 aydan artıq olmamaqla uzadıla bilər.
Xatırladaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində 66 yaşlı icra başçısı Musa Şəkiliyev saxlanılıb. Prezident tərəfindən vəzifəsindən azad edilən Şəkiliyevə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.