Müşavirin, deputatın təxribatın mərkəz nöqtəsində görünmələri...

18.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan-Türkiyə münasibətləri taleyin qədəridir.

Bu münasibətləri sosial şəbəkələr yaratmayıb ki, indi də qırsın, dağıtsın. Səhvlərlə, düzlərlə bu, bir tale, bağ və qırılmaz xətdir. Ancaq bu münasibətlərin gücünə arxayın olub onları zədələyə biləcək davranışlara göz yummaq da, onlara meydan vermək də doğru deyil. 

Türkiyədən Azərbaycana yönələn dini-siyasi çalarlar daşıyan münasibətlər, nurçu-islamçı ideoloji təsirlər milli münasibətlərə xələl gətirmək gücündə olmamalıdır.

Ona görə də milli kəsim hərəkətə gəlməli və Azərbaycanı, onun suverenliyini hədəfə alan ifadələrə, şəxslərə qarşı öz tövrünü ortaya qoymalıdır. Bu ifadələr istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslərə aid olsun, fərq etməz. İdeologiyalar milli ləyaqətdən üstün ola bilməz. Məsələnin çox vacib olan başqa bir tərəfi var. 

Türkiyədən gələn hər hansı aşağılayıcı fikir Azərbaycan tərəfdən də Türkiyəyə qarşı ittihamlara çevrilərsə, bunun bədəlini cəmiyyətlərimiz ödəməli olacaq.

Milli kimlikləri bəlli olmayan təxribatçıların - o təxribatçıların ki, bütün eşalonlarda, sosial şəbəkələrdən rəsmi görəvə qədər özlərinə yer ediblər - mühakimə etmək cəhdləri nə ədalətlidir, nə də siyasi baxımdan ağıllı. Hörmət və məsuliyyət yalnız xoş sözlər deyil, çətin məqamlarda göstərilən məsuliyyətdir. 

“Bir millət, iki dövlət” deyimi fikir ayrılıqlarını dövlətlərin suverenliyinə, milli maraqlarına, xalqların ləyaqətinə və ortaq düşüncələrə hörmətlə həll etmək bacarığıdır.

Azərbaycan və Türkiyə bərabərhüquqlu tərəfdaşdır. Sosial şəbəkələrdə, media açıqlamalarında bir səhv ifadə fikir minlərlə insanın emosiyasını hərəkətə gətirir. Ərdoğanın baş müşaviri Oktay Saralın, yaxud AKP-nin deputatı Leyla Şahin Ustanın vəzifələrinə rəğmən bu təxribatın mərkəz nöqtəsində görünmələri çox şaşırdıcı. 

Belə məqamlarda ən güclü mövqe prinsipial danışmaq və təxribatın iki dövlət, onların cəmiyyətləri arasında səddə çevrilməsinə imkan verməməkdir.

Lakin bu kimi nurçu-islamçı kəsimin təsir altında olanlar təəssüf ki, bilərəkdən, yaxud bilməyərəkdən oyun içinə düşürlər. Qardaşlığımızın dəyəri fərqli düşündüyümüz zaman belə bir-birimizin ləyaqətini qorumaq, iç işlərimizə müdaxilə etməməkdir. Birliyimiz diriliyimizdir! 

Ələsgər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью