“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”

06.08.2026

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“XX əsrdə islamın radikallaşması birbaşa dinin özüylə bağlı məsələ deyil, dinlə bütünləşmiş ərəb və fars millətçiliyi ilə bağlı məsələdir.1948-ci ildə İsrail dövləti yaradılanda Qərbdən gələn yəhudilər burada Qərb tipli dövlət qurmadılar, musəviliklə bütünləşmiş yəhudi millətçiliyinə əsaslanan ideoloji baxımdan ənənəvi Orta Şərq dövləti qurdular. Bu da ətrafda yaşayan və islamla bütünləşmiş ərəb millətçilərini qıcıqlandırdı”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

O, bildirib ki, 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi bu qıcıqlandırılmış ərəb millətçiliyinin cihad hıncını daha da alovlandırdı:

“Fələstinli teoloq Abdullah Azzam gəlib oturdu Əfqanıstanda və Bin Laden kimi ərəb mücahidlərini dünyanın hər yerindən Əfqanıstana yığdı.Rus ordusu ilə döyüşənlər əfqan vətənpərvərlər deyildi, dinlə bütünləşmiş ərəb millətçiliyi idi. Rusların geri çəkilməsi bu millətçi cihadizmi xilafəti yenidən bərpa etmək sevdasına saldı. Amma Misir, ərəb və digər müsəlman dövlətləri bu ideyanı dəstəkləmədilər. Əfqanıstan uğuru Əl-Qaida kimi terror şəbəkəsinin qurulmasıyla yekunlaşdı.1925-ci ildə İranda şah rejimi qurulanda şah yeni dövləti Sasani keçmişinə, hətta ari irqinə əsaslanan fars millətçilyi üzərində qurmaq istəyirdi. Hətta devrilməsinə iki il qalmış, yəni 1976-cı ildə şah fərman verib İranda rəsmən 2536-cı ilin başlandığını elan etmişdi. Ancaq fars millətçiliyi ta X əsrdən başlayaraq özünün Sasani kimliyini islamla, daha doğrusu, şiəliklə kamuflyaj etmişdi. Şahla ideoloji baxışları burada ayrılırdı. Şah din istəmirdi. Nəticə: şiəliklə bütünləşən fars millətçiliyinin radikallaşmasıyla şah taxta əlvida deməli oldu. Demək istədiyim odur ki, din başqa şeydir, dinlə özünü ifadə edən millətçilik başqa şey. Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir, şiə olmaqla fars millətçisi olmaq da həmçinin. Bəlkə də, başqa cür mümkün deyil, insanlarda da günah yoxdur”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью