Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın “Barselona” futbol komandasının Almaniyanın “Bavariya” kollektivinin yarımmüdafiəçisi Camal Musiala ilə maraqlandığı iddia olunur.
İdman.Biz xəbər verir ki, Münhen klubunun rəhbərliyi futbolçunun əvvəlki səviyyəsinə qayıtmaq imkanları və müqaviləsinin maliyyə şərtləri ilə bağlı narahatlığını açıq ifadə edib.
“Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge Musialanın əvvəlki oyun səviyyəsinə qayıtmaqda çətinlik çəkə biləcəyini bildirib. O, belə vəziyyətdə futbolçunun müqaviləsinin maliyyə şərtlərinə yenidən baxılması məsələsinin ortaya çıxa biləcəyini istisna etməyib.
23 yaşlı yarımmüdafiəçinin illik məvacibinin bonuslarla birlikdə təxminən 25 milyon avro (50 milyon AZN) olduğu bildirilir. Onun Almaniya çempionu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Rummenigge eyni zamanda mövcud şəraitdə Musialanın başqa komandaya keçməsini real hesab etmədiyini vurğulayıb. Klub rəsmisinin sözlərinə görə, Münhen təmsilçisi futbolçunun sağalmasını və əvvəlki səviyyəsinə qayıtmasını istəyir.
Qeyd edək ki, Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPRO) “Bavariya” rəhbərliyinin Musialanın müqaviləsi ilə bağlı ictimai açıqlamalarını tənqid edib. Təşkilat futbolçunun sağlamlığı və gələcəyinin açıq müzakirəyə çıxarılmasından narahatlığını ifadə edib.