Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın "Bavariya" klubunda Camal Musialanın səhhəti və müqaviləsinin şərtləri ilə bağlı narazılıq yaranıb. Klub rəhbərliyinin futbolçunun huşunu itirməsi ilə nəticələnən əvvəlki hadisələr barədə vaxtında məlumatlandırılmadığı iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın "Stern" nəşri araşdırma aparıb.
Məlumata görə, klub rəhbərliyini narahat edən əsas məqamlardan biri futbolçunun səhhətindəki problemlərlə bağlı məlumatların onlara gec çatdırılmasıdır. İddia olunur ki, futbolçu noyabrda məşqlərə qayıtmasından dörd gün əvvəl yenidən huşunu itirib. Klubun bəzi rəhbər şəxslərinin hadisədən yalnız sonradan xəbər tutduğu bildirilir.
Araşdırmada daha bir diqqətçəkən məqam Musialanın 2025-ci il aprelin 7-də, "Real Madrid"lə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda matç günü səhər saatlarında da huşunu itirdiyi iddia edilir. Buna baxmayaraq, o, həmin axşam qarşılaşmanın sonlarında meydana çıxıb.
Məlumata görə, indi Musiala müalicəsi üçün həkimləri özü seçir və klub futbolçunu öz nevroloqunun müayinəsindən keçməyə məcbur edə bilmir. Bu vəziyyət rəhbərliyin onun sağlamlıq durumu barədə tam məlumat əldə etməsi ilə bağlı narahatlığını artırıb.
Mübahisənin digər tərəfi isə futbolçunun müqaviləsidir. Bildirilir ki, Musialanın nümayəndələri 2025-ci ilin fevralında imzalanan və 2030-cu ilin yayınadək qüvvədə olan yeni sözləşməyə xüsusi şərt daxil etdiriblər. Həmin şərtə əsasən, xəstəlik səbəbindən meydana çıxa bilmədiyi halda futbolçuya 6 ayadək tam əməkhaqqının ödənilməsi nəzərdə tutulur. Almaniya futbolunda standart əmək müqavilələrində bu müddətin, adətən, 6 həftə olduğu bildirilir.
Nəşrin yazdığına görə, oyunçunun illik qazancı təxminən 25 milyon avrodur. Bu məbləğin böyük hissəsi sabit ödənişlərdən ibarətdir və futbolçunun meydana çıxdığı oyunların sayından birbaşa asılı deyil.
İddia olunur ki, "Bavariya"nın fəxri prezidenti Uli Hönessin klubdaxili müzakirələrdə Musialanın indiki vəziyyətinə görə transfer bazarında dəyərini itirdiyini deyib.
Qeyd edək ki, Musialanın səhhəti ilə bağlı narahatlıqlar 2026-cı ilin avqustunda "Bavariya"nın yoxlama oyunlarında "Leypziq" və "Haydenhaym"la qarşılaşmalarda iki dəfə huşunu itirməsindən sonra artıb. Futbolçu daha sonra nevroloji pozuntu ilə əlaqəli qısamüddətli huş itkisi yaşadığını açıqlayıb. O, 2026-cı ilin noyabrında "Köln"lə oyunda meydana qayıdıb. Bununla belə, Musialanın sağlamlıq durumu və müqaviləsinin maliyyə şərtləri ətrafında müzakirələr davam edir.