Musiqi ifaçılığımızın “məxməri səsi”

14.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onun sənəti həmişə zəriflik və nəcibliklə cilvələnib

Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Rəhimova milli mahnı ifaçılığının tanınmış və nadir sənətkarlarındandır. Onun oxuduğu xalq mahnıları, təsniflər və bəstəkar nəğmələri xeyli vaxtdır səhnələrdə səslənməsə də, teleradioda davamlı olaraq yayılır, daim yaddaşlarda əks-səda verir.

Dünyaya gəlişi sovet-alman müharibəsinin başlandığı ilk aylara təsadüf edən Elmira Rəhimova böyüyüncə xoş avazı ilə savaşa nifrət, sülhə, humanizmə sədaqət duyğularını dünyaya yayıb. Dediyinə görə, anasının çox gözəl səsi olub və istedadı südü ilə, nəfəsi ilə qızına keçib.

Elmira Rəhimova Bakıda Musiqi Texnikumunu və Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. Amma hansısa bir dili tədris etməyib, musiqinin dili ilə danışmağa üstünlük verib. Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Arif Məlikovun əsərlərini, eləcə də dünya klassiklərindən Şubert, Şuman, Çaykovski, Raxmaninov kimi bəstəkarların romans və ariyalarını oxuyaraq özünəməxsus şəkildə ballandırıb. 60-dan çox ölkədə konsertlər verib və Azərbaycan mədəniyyətini yorulmadan təbliğ edib.

Ecazkar səsi, məxsusi ifa manerası olan Elmira Rəhimova böyük musiqiçi-pedaqoq, Xalq artisti Seyid Şuşinskinin muğam sinfinin tələbəsi olub. O vaxtlar qastrollara çox getdiyindən “Mirzəhüseyn segahı”ndan başqa heç bir muğamı lentə yazdıra bilməyib. Onun oxuduğu “Ana laylası”, “Mən anayam”, “Küsüb məndən”, “Sənin gülüşlərin”, “Odlar yurdu”, “Tələbəlik illəri”, “Sən yadıma düşəndə” və başqa mahnılar fərqli və qeyri-adi bir ahəngi ilə seçilib. Bu gün də musiqisevərlərin dilindən düşməyən “Tələbə”, “Səadət” kimi mahnılara məhz Elmira xanım populyarlıq gətirib.

Hər dəfə onun ifasında “Yenə sənsiz bu axşam” (musiqisi Şəfiqə Axundovanın, sözləri Mirzağa Atəşindir) mahnısı səslənəndə tükənməz sevgi sınaqları, həzin həsrət harayı adamı xəyalən ilk gənclik illərinə aparır:

Hardasan, sevgilim? Gəl, gəl,
Gəl, gözümün işığı!..
Tez ol, yetir özünü,
Evimin yaraşığı!..

Elmira xanımın şöhrəti uzaq Hindistana qədər gedib çıxıb. 1957-ci ildə Hindistanın baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə həmin ölkəyə yollanıb, 3 il klassik hind musiqisini öyrənib. Orada açıq səma altında “Cücələrim”lə başlanan ifası sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyub və müğənnidən möhtəşəm ifasını təkrar oxumağı xahiş edib.

Hətta onun Hindistan prezidentinin oğlu ilə ailə qurub Hindistanda yaşamaq şansı da olub. Müğənni özü bu barədə müsahibələrinin birində deyib: “Hindistanın prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım. Elə bilirdim, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.

1960-cı ildə Bakıya qayıdan Elmira xanım burada ilk canlı çıxışını Milli Azərbaycan Tarixi Muzeyində, “Dostluq” qatarı ilə ölkəmizə qonaq gəlmiş hindistanlı gənclərin qarşısında edib. Onun oxuduğu hind mahnısı hər kəsə unudulmaz təsir bağışlayıb. Həmin lent indi də qorunub saxlanır.

Elmira xanım Bakıda Tofiq adlı soydaşımızla ailə qurub. Anar adlı oğlu, Elmira və Tofiq adlı nəvələri var.

Xalqın məxməri səsli, sevimli sənətkarı onilliklər boyu Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. 1961-ci ildə 2-ci dəfə rəsmi dəvətlə Hindistana səfər edib. 1982-ci ildə isə Hindistanda keçirilən festivalın laureatı olub. 1967-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Ustadlarından öyrəndiklərini gənclərə öyrətməkdən daim zövq alıb Elmira xanım. Musiqi Akademiyasında yorulmaz pedaqoji fəaliyyət göstərib. Vokal sənətinin nəzəri və təcrübi əsaslarını uzun illər tədris edib. Dərslərdə daha çox sənətkar etikası və musiqiyə estetik münasibətə önəm verib. İfaçının daxili mədəniyyətini səsdən daha vacib sayıb və yetirmələrinə təlqin edib. Onun yetirmələri bu gün Azərbaycan səhnəsində və müxtəlif ölkələrin musiqi teatrlarında fəaliyyət göstərirlər.

Ömrü boyu dəbdəbəni sevməyən, sadəliyi daha üstün tutan Elmira xanım səhhətində bir az nasazlıq olduğunu səbəb gətirərək 85 illik yubileyinin də qeyd olunmasına razılıq verməyib. Hazırda bağda, birinin adı Elmira olan sevimli nəvələrinin əhatəsində dincəlir.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью