Musiqi və rəsm müəllimləri də imtahan verəcək İZAH

31.01.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər təhsildə keyfiyyətin yüksəldilməsi və müəllimlərin peşə hazırlığının obyektiv qiymətləndirilməsi məqsədilə sertifikasiya prosesi mərhələli şəkildə davam etdirilir. Bu proses çərçivəsində 2026-cı ildə daha bir qrup fənn üzrə müəllimlərin sertifikasiya imtahanına cəlb olunacağı açıqlanıb ki, bu da təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, söhbət tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənlərindən gedir və bu fənlərin müəllimləri 2026-cı ildə sertifikasiya prosesinə cəlb olunacaqlar.
Ekspert qeyd edib ki, Elm və Təhsil Nazirliyi artıq bu barədə rəsmi açıqlama verib və sözügedən fənlər üzrə sertifikasiya imtahanlarının keçiriləcəyi təsdiqlənib:
“Nəticə etibarilə, bu sahələrdə çalışan müəllimlər üçün sertifikasiya zəruridir. 2026-cı ildə həmin fənlərin müəllimləri imtahana daxil ediləcək və bununla da sertifikasiyanın ilk mərhələsi tamamlanmış sayılacaq. Tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri əvvəllər sertifikasiya prosesindən keçmədikləri üçün bu onlar üçün ilk və eyni zamanda mühüm qiymətləndirmə olacaq. Məqsəd həmin fənlər üzrə müəllimlərin peşəkar səviyyəsini ölçmək və tədrisin keyfiyyətini yüksəltməkdir”.
Rizvan Fikrətoğlu vurğulayıb ki, sertifikasiya imtahanları hər fənn üzrə konkret mövzular və müəyyən olunmuş sual strukturu əsasında keçiriləcək və bu fənlərə “ikinci dərəcəli” kimi yanaşmaq düzgün deyil:
“Əksinə bu fənlər şagirdlərin dünyagörüşünün formalaşmasında, məntiqi və yaradıcı düşüncəsinin inkişafında mühüm rol oynayır. Musiqi və təsviri incəsənət olmadan analitik düşüncənin tam formalaşması çətindir. Texnologiya fənni şagirdlərin praktiki bacarıqlarını və problem həll etmə bacarığını gücləndirir. Tarix isə milli kimliyin və ictimai şüurun formalaşmasında əsas fənlərdən biridir”.
Ekspert əlavə edib ki, bu fənlər tədris olunursa və müəllimlər əməkhaqqı alırlarsa, onların bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsi vacibdir:
“Sertifikasiya həm güclü müəllimləri üzə çıxarmaq, həm də tədrisdə keyfiyyəti aşağı olan halların qarşısını almaq məqsədi daşıyır. Burada əsas məqsəd müəllimləri uzaqlaşdırmaq deyil. Proses mərhələlidir. Müəllim ilk imtahanda minimum tələbi ödəməzsə, ona yenidən şans verilir. Təkrar imtahanda da nəticə dəyişməzsə, yalnız bundan sonra kənarlaşdırılma məsələsi gündəmə gələ bilər. Həssas əhali qrupuna aid olan şəxslər isə məktəbdə digər yardımçı vəzifələrə yönləndirilə bilər”.
Onun sözlərinə görə, sertifikasiya müəllimlərin maddi təminatına da birbaşa təsir göstərir:
“Belə ki, 30–50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51 baldan yuxarı nəticə göstərənlərin isə maaşına 35 faiz artım tətbiq olunur. Bu da müəllimlər üçün ciddi motivasiya yaradır”.
Qeyd edək ki, sertifikasiya prosesinin əsas məqsədi şagirdlərin daha savadlı, peşəkar və etibarlı müəllimlərdən dərs almasını təmin etməkdir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью