Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyəli məşhur müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sandalın ailəsini mesaj vasitəsilə təhdid edərək pul tələb edən, həmçinin ailənin yaşadığı binaya atəş açan şübhəlilər saxlanılıblar.
Moderator.az İHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Tuzla rayonunda baş verib.
Məlumata görə, Melis Sandalın atası Cihan Sütşurupun yaşadığı bina atəşə tutulub. İddialara görə, maliyyə fondları ilə bağlı istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılan və xaricdə olduğu bildirilən Cihan Sütşurupun ailəsinin yaşadığı bina naməlum şəxslər tərəfindən hədəfə alınıb.
Şübhəlilər binanın yerləşdiyi əraziyə piyada gəliblər və bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Hücumdan sonra ailə üzvlərinə təhdid mesajları göndərilib. Bundan sonra ailə polisə şikayət ərizəsi ilə müraciət edib.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb və ərazidəki təhlükəsizlik kameralarının görüntüləri əsasında hücumda iştirak edən şübhəlilər müəyyənləşdiriliblər.
Şübhəlilərin 19 yaşlı xarici ölkə vətəndaşı Zahir A. və 16 yaşlı S.F. olduqları, həmçinin barələrində müvafiq olaraq yeddi və dörd cinayət qeydinin olduğu müəyyən edilib. Hər iki şəxs saxlanılıb.
Onlar polisə verdikləri ifadələrdə hücumu etiraf edərək hadisə zamanı istifadə etdikləri silahı Üsküdarın Namazgah küçəsindəki yaşıllıq əraziyə atdıqlarını bildiriblər.
Şübhəlilərin ifadələrinə görə, hücumu həyata keçirmək müqabilində onlara xaricdən "Telegram" vasitəsilə pul vəd edilib, lakin hadisədən sonra vəd olunan məbləği ala bilməyiblər.
Şübhəlilər polis bölməsində müvafiq prosedurlar tamamlandıqdan sonra məhkəməyə göndəriliblər.