Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev bəşəri dəyərlərə xidmət amalımızı açıqladı
İyulun 13-də keçirilmiş IV Şuşa Qlobal Forumunda Prezident İlham Əliyevə ünvanlanmış suallardan biri bu idi: “Müstəqil media nümayəndələri, sadəcə reaksiya deyil, sözün əsl mənasında, müstəmləkə və neomüstəmləkə hekayətlərini necə dəyişə bilər və hüquqları, tarixi, istəkləri uzun müddət səhv verilmiş, yaxud susdurulmuş xalqlar üçün daha güclü, daha inandırıcı beynəlxalq mövqeni necə qura bilər?”
Bəri başdan deyək ki, Prezident İlham Əliyevin cavabı müasir dünyadakı müstəmləkə və neomüstəmləkə elementlərinə münasibətdə fundamental baxışın ifadəsidir. Elə bir baxış ki, onda Azərbaycanın keçdiyi yol canlandırılıb, yaşadığı məhrumiyyətlərə işıq salınıb, ən başlıcası isə ölkəmizin timsalında antibəşəri tendensiyalara qarşı dərin müqavimət hissi aşılanıb.
Beləliklə, Prezident İlham Əliyev bildirib: “Bilirsiniz, bu məsələlərə bu qədər həssas yanaşmağımızın səbəblərindən biri də odur ki, biz özümüz müstəmləkə şəraitində yaşamışıq. Biz XIX əsrdə müstəmləkəyə çevrildik və müstəmləkə kimi yaşadıq. Daha sonra Sovet İttifaqı yaradıldıqda isə biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Respublika idik? Bəli, amma heç bir real hüquqa malik olmayan bir respublika. Müstəmləkə kimi yaşamağın nə demək olduğunu da, azad olmağın nə demək olduğunu da tarixi yaddaşımızdan yaxşı bilirik”.
Məlum olduğu kimi, XIX əsrdə çar Rusiyası Azərbaycan torpaqlarını işğal etmiş, işğal 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə rəsmiləşmiş, bu təcavüz XX əsrdə üzləşdiyimiz bəlalar üçün də bir növ başlanğıc nöqtəsi olmuşdu. XIX əsrin sonu – XX əsrin əvvəllərinin Azərbaycanındakı maarifçilik dalğasının təsiri ilə baş qaldırmış milli özünüdərk prosesləri çarizmin süqutundan sonrakı zaman kəsiyi üçün baza rolunu oynamış, nəticədə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş, təlatümlər nəticəsində itirilmiş dövlətçilik ənənələrimiz bərpa edilmişdi. Lakin 1918-ci ildə yaranmış müstəqil respublikamız cəmi iki il yaşamış, Azərbaycan çarizmin imperiya xislətini davam etdirmiş sovet Rusiyası tərəfindən yenidən işğala məruz qalmışdı.
1920-ci ilin aprel işğalı və Sovetlər Birliyinin formalaşması Azərbaycanı bu birliyə daxil olan müttəfiq respublikalardan birinə çevirmişdi. O dövrdə imperiya xislətinin daşıyıcılarının apardıqları təbliğatda təxminən belə bir tezis var idi ki, guya Azərbaycan yarımpatriarxal feodal ölkəsidir və şübhəsiz, bu cür aşağılayıcı təsvirlər digər müttəfiq respublikalara münasibətdə də işlədilmişdi. Məqsəd işğala mütərəqqi don geydirmək olmuşdu. Sanki, SSRİ yarandı, insanlara xoşbəxtlik gətirdi, yaşamaq vərdişləri aşıladı. Amma…
“Əmma”nı IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev açıqlayıb: “Məsələn, XIX və XX əsrlərdə müstəmləkəçilik dövründəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsəniz, aradakı fərqin gecə ilə gündüz qədər olduğunu görərsiniz. Onlar bizim yalnız sərvətlərimizi talayırdılar. Azərbaycandan milyardla barel deyil, milyard tonlarla neft hasil olunmuşdu. Sovet İttifaqı dağıldıqda isə biz təbii qazsız və elektrik enerjisiz qalmışdıq”.
Prezident İlham Əliyev sözügedən forumda ölkəmizin işğalın fəsadlarını bu gün də aradan qaldırmaq istiqamətində çalışdığını vurğulayıb: “Bu gün də Bakının ətrafındakı çirklənmiş ərazilərin təmizlənməsi ilə məşğuluq. Sərvətlərimizi istismar edənlərin təbiətimizə vurduğu zərərin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyirik”.
Əsrin əvvəllərində işğala don geyindirmək məqsədi ilə yarımpatriarxat feodal ölkəsi kimi qələmə verilən Azərbaycan bu gün orta gücə malik dövlətə çevrilib. Bu, xalqımızın həm də müstəmləkəçiliyə qarşı barışmazlığının mükafatıdır. Halbuki bizə münasibətdə yaramaz deyimləri ortaya atanların varisləri ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyi də kiçiltmək, gözdən salmaq yolu tutmuşdular. Onlar yenə də hesab etmişdilər ki, üzümüzə Şimal küləkləri dəyməsə, yaşaya bilmərik.
Əlbəttə, belələri müstəmləkəçiliyin soyuq küləkləri üçün çəmbər yaratmaq əzmimizi hesablaya bilməmişdilər. Çünki öz imperiya təfəkkürlərinin quludurlar. Onlar bu gün də həmin təfəkkürün zərəri ilə üzləşir, lakin düşdükləri durumun fərqinə varmayacaq qədər miskin və rəzildirlər. Əslində, Prezident İlham Əliyev də belələrinin miskinlik və rəzilliklərinin təzahür formasını diqqətə çatdırır, müstəqilliyi böyük nemət olaraq vurğulayıb: “Ötən otuz ildən çox müddətdə isə Azərbaycan, artıq qeyd olunduğu kimi, orta gücə malik dövlətə çevrilib. Məhz müstəqilliyin bəhrəsi budur. Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: “Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”. Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur”.
Sonda qeyd edək ki, konqolu jurnalist Sedrik Monzye Ayundu Prezident İlham Əliyevə əvvəldə diqqətə çatdırdığımız sualı verməzdən əvvəl Azərbaycana və Bakı Təşəbbüs Qrupuna “səsləri təcrid olunan, fikirləri bilərəkdən səhv verilən və ya qlobal media gündəliyindən məhrum edilən xalqlar və icmalara beynəlxalq platformanı yaratdıqlarına görə” təşəkkürünü bildirmiş, demişdi ki, Fransa uzun müddət özünü demokratiya, insan hüquqları və ifadə azadlığının carçısı kimi təqdim edib: “Lakin onun dəniz ərazilərində və bir çox digər regionlarda müstəmləkə qalıqları hələ də hiss olunur və yerli icmalar reallığı təşviq edəndə ciddi çətinliklərlə üzləşir. Onların ləyaqət, mədəni özünəməxsusluğu, siyasi hüquqları və öz müqəddəratını təyin etmək hüququ tez-tez hökmranlıq edən təfsirlərlə süzgəcdən keçirilir, müstəqil səslər kənara sıxışdırılır”.
Təkcə Fransa imperializmə deyil, ümumən imperializmin bütün təzahür formalarına qarşı barışmazlıq şərtdir. Ona görə, ilk növbədə, tariximizdə yaşananları unutmamalı, baş verənlərdən nəticə çıxarmalıyıq. O cümlədən müstəmləkəçilik dövrünün acıları da nəticə çıxarmağımız üçün əsasdır. Əsas olmalıdır ki, geridə qalan atların güllələndiyi dünyada dövlətlərin müstəqilliyinə, xalqların azadlığına qənim kəsilmiş, əlinə düşən hər fürsətdəcə insanları asılı hala gətirməyə çalışanlar özlərində bədnam əməllərini gerçəkləşdirmək potensialını hiss etməsinlər. Prezident İlham Əliyevin fikirləri ilə aşıladığı müqavimət və immunitet böyük ölçüdə bu istəkdən qaynaqlanır. Nəzərə alaq ki, bu istək və onun gerçəkləşməsi naminə göstərilən əzm həm də müstəqil Azərbaycanın əbədi yaşam təminatıdır.
Ə.RÜSTƏMOV
XQ