Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Güclülər”in susdurduğu xalqların səsi cəsarətlə yüksəlir
Fransa rəhbərliyinin həyata keçirdiyi neokolonial idarəçilik siyasəti güclü beynəlxalq müqavimət dalğası ilə üzləşir. Avqustun 7-9-u tarixləri aralığında Korsikanın Korti şəhərində təşkil edilmiş və "Nazione" siyasi hərəkatının ev sahibliyi etdiyi 44-cü "Beynəlxalq Günlər" toplantısı Parisin həm daxili, həm də xarici siyasət strategiyasına vurulmuş ağır hüquqi-siyasi zərbədir. Tarixən davam edən müstəmləkə idarəçiliyi altında qalan dənizaşırı ərazilərdə yerli xalqların təməl hüquqlarının ardıcıl olaraq pozulması artıq coğrafi problem çərçivəsini aşır. Bəhs edilən məsələ qlobal təşkilatlar səviyyəsində sistemli pislənilir və institusional həll yollarının axtarışını sürətləndirir.
Qeyd edilən müqavimət xəttinin təşkilatlanmasında Bakı Təşəbbüs Qrupunun (BTQ) oynadığı rol xüsusi əhəmiyyət daşıyır. İyul ayında Bakıda təsis edilmiş Beynəlxalq Dekolonizasiya Cəbhəsi qlobal ədalətin bərpası istiqamətində formalaşdırılmış ən təsirli amillərdəndir. Təşkilatın mərkəzi qərargahı, yəni fəaliyyət episentri qismində Bakını seçməsi geopolitik məna daşıyır. Həmçinin təşkilatın vahid fəaliyyət planına əsaslanaraq Fransa və Niderlandın dənizaşırı ərazilərindəki fərqli müstəqillik hərəkatlarını eyni platformada cəmləşdirməsi çoxqütblü dünya nizamına keçid dövrünün obyektiv göstəricisidir. Təkcə diplomatik dəstək göstərməklə kifayətlənməyən BTQ eyni vaxtda müstəmləkə altındakı xalqların haqlı səsini qlobal ictimaiyyətə dərhal çatdıran nəhəng informasiya-analitik mərkəzi funksiyasını icra edir. Bu strukturun himayəsi və fasiləsiz operativ fəaliyyəti sayəsində Korsikadakı toplantıya qatılan hərəkat nümayəndələri assimilyasiya siyasətinə qarşı ortaq bəyannamə ilə çıxış etmək imkanı əldə ediblər. BTQ-nin irəli sürdüyü həmrəylik platforması asılı xalqların beynəlxalq hüquqi müstəvidə müdafiəsini sarsılmaz vəziyyətə gətirir. Beləliklə, Bakı şəhəri haqlı olaraq müasir antikolonial mübarizənin əsas istinad nöqtəsinə, inam mərkəzinə çevrilir.
***
Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən yekdil qərarla qəbul edilmiş Korte Bəyannaməsinin mətni mərkəzi hakimiyyətin yürütdüyü istismarçı siyasətin olduqca dəqiq diaqnozunu ehtiva edir. Rəsmi sənəddə irəli sürülən təkzibolunmaz faktlar göstərir ki, dövlət strukturları fərqli coğrafi areal daxilində yerləşən torpaqlarda eyni sərt istismar metodologiyasını ardıcıl tətbiq edir. Tətbiq edilən zərərli iqtisadi proseslər yerli təbii sərvətlərin kənar güclər tərəfindən amansızcasına mənimsənilməsinə, resursların paytaxta doğru daşınmasına yönəlib. Məqsədyönlü şəkildə formalaşdırılmış süni qiymət artımı əhalinin maddi rifahını tənəzzülə uğradır. Davamlı kütləvi işsizlik mühiti yaradılaraq gənc nəslin ənənəvi məskunlaşdıqları ərazilərdən didərgin salınması və uzaq coğrafiyalara mühacirətə məcbur edilməsi bilavasitə planlaşdırılmış demoqrafik strukturun dəyişdirilməsi məqsədi güdür. Belə acınacaqlı şəraitdə gənc əhalinin və ailələrin müəyyən edilmiş sosial müavinətlərdən asılı vəziyyətə salınması onların siyasi fəallığını sıfırlamaq üçün düşünülən strategiyanın tərkib hissəsidir. Əlavə olaraq, insanların yurdlarından qovulması nəticəsində yaranan coğrafi boşluqlar kənar şəxslərin kütləvi köçürülməsi yolu ilə doldurulur. Tarixi mənbələrdə “məskunlaşdırma kolonizasiyası” kimi xarakterizə olunan bu proses icmaların etnik-mədəni tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsinə, onların öz vətənlərində tədricən azlıq vəziyyətinə salınmasına xidmət edir.
Hüquqi tənzimləmə müstəvisində ortaya çıxan mənzərə dövlət idarəçiliyinin həqiqi neokolonial mahiyyətini açıqlayır. Qəbul edilmiş bəyannamədə vurğulanır ki, mərkəzi ədliyyə sistemi ədalətin obyektiv qoruyucusu rolundan imtina edərək rəhbərliyin müstəmləkəçi niyyətlərini hüquqi cəhətdən təmin edən avtoritar cəza aparatına dönüb. Məhz məhkəmə sisteminin bilavasitə dəstəyi və himayəsi altında yerli əhalinin dədə-baba torpaqları müxtəlif saxta bəhanələrlə müsadirə edilir. Həmin qanunsuz müsadirələr cəmiyyətin ümumi maraqları ilə daban-dabana zidd olan, lakin xarici kapital dairələrinə xidmət göstərən biznes spekulyasiyalarına əlverişli zəmin yaradır. Eyni vaxtda mərkəzi qərarlara qarşı sülhsevər metodlarla etiraz səsini ucaldan, vətəndaş təşkilatlarının fəal nümayəndələri sayılan dinc mübarizlər asayiş qüvvələri tərəfindən güc tətbiqinə məruz qalır. İnsan haqları müdafiəçilərinin uydurma ittihamlarla, terrorçu damğası ilə həbsxanalara atılması dövlət səviyyəsində həyata keçirilən kriminallaşdırma siyasətinin nümunəsidir.
Ekoloji resursların talanması və humanitar fəlakətlərin məqsədyönlü şəkildə gizlədilməsi dövlətin müstəmləkə ərazilərində apardığı rəsmi siyasətin mənfi səhifələrini təşkil edir. Martinik və Qvadelup adalarında on minlərlə insanın səhhətinə, o cümlədən genetik irsinə dağıdıcı zərbələr endirən xlordekon pestisidindən qaynaqlanan kütləvi zəhərlənmə böhranı dövlət məsuliyyətsizliyinin sərt nümunələrindəndir. Onilliklər ərzində rəhbərliyin xüsusi icazəsi nəticəsində kənd təsərrüfatında fəal istifadə edilmiş zəhərli kimyəvi maddələr münbit torpağı və içməli su resurslarını bərpaolunmaz dərəcədə yararsız vəziyyətə salıb. Bəhs edilən vəziyyət yerli əhalinin xərçəng xəstəliklərinə kütləvi şəkildə yoluxmasına geniş şərait yaradıb. Tam cəzasızlıq mühitinin formalaşdırılması dinc əhalinin sağlamlığına qarşı törədilmiş ağır bəşəri cinayətə bəraət qazandırılması mənasına gəlir. Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korte Bəyannaməsi vasitəsilə adları çəkilən qlobal skandalları beynəlxalq müzakirə platformasına daşıyaraq kolonial rəhbərliyin əsl mahiyyətini beynəlxalq aləmdə ifşa edir.
***
Yeni Kaledoniyadakı (Kanaki) Bujival sazişləri və Korsikadakı eyni xarakterli Bovo prosesi adı altında aparılan manipulyativ müzakirələr həqiqi milli azadlıq tələblərini sakitləşdirməyə yönəlmiş diplomatik manevrlərdir. Hakimiyyət sənədlər və texniki danışıqlar vasitəsilə torpaq sahiblərinin beynəlxalq hüquqa əsaslanan milli-siyasi mövcudluğunu tamamilə inkar etməyə çalışır. İctimaiyyətə təqdim edilən saxta muxtariyyət müzakirələri, əslində, asılılıq proseslərini daha da möhkəmləndirmək üçün düşünülmüş taktiki gedişdir. Həmin qapalı danışıqlar masasında irəli sürülən layihələr normativ hüququn əsas qaydası hesab olunan millətlərin taleyini sərbəst həll etmə haqqını sıfıra endirir. Saxta statuslar, formal icma vətəndaşlığı qaydaları qəbul edilərək, millətlərin müstəqil suveren dövlət qurmaq istəyi arxivə göndərilmək məqsədi daşıyır. Qəbul edilmiş sənəd rəsmi qurumlara qətiyyətlə xəbərdarlıq edir ki, qondarma müzakirələrin işğalçı niyyəti pərdələməkdən başqa mənası yoxdur.
Korti şəhərində imzalanmış sənəd texniki bəyannamə çərçivəsinə sığmır. Bu sənəd istismara qarşı formalaşdırılan beynəlxalq müqavimət cəbhəsinin hərəkət proqramıdır. Asılı ərazilərdə yaşayan, hüquqları mütəmadi pozulan xalqlar yaradılmış iqtisadi asılılığa, repressiv idarəetmə aparatına və assimilyasiya layihələrinə qarşı ardıcıl mübarizə aparmaq niyyətlərini tam qətiləşdiriblər. Xarici idarəçilik həyata keçirən neokolonial mərkəzlər ədalət mühakiməsinin siyasiləşdirilməsi, təbii torpaqların zəbt edilməsi və ekoloji fəlakətlərin cəmiyyətdən gizlədilməsi tipli ağır beynəlxalq cinayətlərə görə tarixi məsuliyyət daşıyırlar. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin durmadan artan nüfuzu, eləcə də Bakı Təşəbbüs Qrupunun verdiyi fasiləsiz institusional dəstək tezliklə tarixi ədalətin yekun qələbəsini təmin edəcək amillərdir. Məzlum cəmiyyətlərin əsl müstəqillik arzusu hərbi müdaxilələr, saxta ədliyyə orqanlarının qanunsuz hökmləri və gələcəyi olmayan süni muxtariyyət müqavilələri vasitəsilə əsla boğula bilməz.
Yusif ŞƏRİFZADƏ
XQ