Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əzəmətli dövlətin fəxarətli vətəndaşları olur. Dövlətin əzəməti onun gücündə, suverenliyində və tarixi iradəsində öz parlaq təcəssümünü tapır. Əzəmətli dövlət yalnız sərhədləri ilə deyil, milli birliyi, siyasi sabitliyi, iqtisadi qüdrəti, beynəlxalq nüfuzu və düzgün idarəetməsi ilə seçilir. Məhz bu halda dövlət və xalq qürur hissi ilə yaşayır. Dövlətin fəxarəti həm də milli maraqları qətiyyətlə qoruması və qazandığı nailiyyətlərlə özünü göstərir. Tarix boyu bu tip nailiyyətlərimiz çox olub. Bu uğurlar bizə keçmişdə dədə-babalarımızın miras qoyduğu möhkəm dəyərlərdən, cəsarətdən və yüksək mənəviyyatdan gəlir. Azərbaycan dövləti öz tarixi inkişaf yolunda əzəmətini müasir dövrdə daha aydın və prinsipial şəkildə nümayiş etdirdi. Tarixi zəfərimiz dövlətimizi bütün dünya dəyərləri içərisində uca edən əsas amillərdən biridir. Bu zirvə dövrü keçmişdə babalarımızın qurduğu dövlətlərin mübarizə və qürur ruhunu şərəfli tarix kimi dünyaya bəyan etdi. Dünyanın ağıllı kəsimi isə bu müdrik addımlar qarşısında barışmaqdan başqa yol tapa bilmədi. Bizim tariximizdə Atabəylər dövləti, Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan dövləti, Zəfər dövrü vardır.
Müstəqil Azərbaycanın ən güclü mərhələsi məhz bu Zəfər dövründə formalaşdı. İnkişaf strategiyamız yüz illər sonra milli dövlətçiliyimizin, milli kimliyimizin və milli iradəmizin o dövrlərdən miras qalan dəyərlərini böyük siyasi qoruma altına alması, hər bir tarixi mərhələnin milli inkişaf yolumuzun əsas sütunları kimi dəyərləndirilməsi baxımından bizim üçün böyük fəxarətdir. Təəssüflər olsun ki, bu tarixlərin heç birini qiymətləndirə bilməyən bəzi nadanlar öz davranışları ilə bu xalqa və millətə aid olmadıqlarını, keçmişimizə isə nifrətlə yanaşdıqlarını açıq şəkildə büruzə verirlər. Bu, bizim milli birliyimizə xəyanət, keçmişimizə hörmətsizlik və bu günümüzə qarşı düşmənçilik siyasətidir. Bunun əsasını dövlətə qarşı xarici təsirlərin ideoloji xəttini maliyyələşdirən və tarix boyu bizi sevməyən siyasi dairələr cızmışdır. Lakin bu planların qarşısını ala bilən, onları həyata keçirmədən darmadağın edən ağıllı, müdrik və qətiyyətli iradə Azərbaycan diplomatiyasıdır. O diplomatiyanı idarə edən isə müdrik lider İlham Əliyev və onun komandasıdır.
Hakimiyyət hərisliyi və rəqibin uğurlarını həzm edə bilməyən bəzi siyasi manipulyatorlar, millət xainləri isə özlərinin heç vaxt o səviyyəyə çata bilmədiklərini, sağlam olmayan xislətlərini aşkar olduğunu bildikləri üçün dövlət düşmənlərinin çətiri altında satqınlıq yolunda koramal kimi sürünürlər. İnsanlar heç vaxt nankor olmur, çünki insanlıq dəryasını dərk edən və onun mahiyyətini, fəlsəfəsini özündə cəmləşdirənlər nankor ola bilməz. Zirvələri fəth etmək üçün çox şey lazım deyil, zirvələri fəth etmək üçün sadəcə insan olmaq kifayətdir. Biz zirvəyə, zəfərimizlə qalxdıq. Siz isə hələ də tozlu, tikanlı, çirkli və satılmış yollarla koramallar kimi sürünürsünüz.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri