Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Noyabrın 19-da dağlar diyarı Lerik rayonunda Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev tədbirin giriş sözündə iştirakçıları partiyanın yaranmasının 34-cü ildönümü münasibətilə təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və qazandığı nailiyyətlərdən bəhs edən təşkilat sədri partiyanın xalqın iradəsi əsasında formalaşdığını və bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olduğunu bildirib: “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkəmizin qazandığı tarixi nailiyyətlər, iqtisadi qüdrətinin artması və beynəlxalq nüfuzunun möhkəmlənməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.”
Partiyanın gələcək fəaliyyətindən danışan natiq onun bundan sonra da dövlətçilik ənənələrinin qorunmasına, milli həmrəyliyin gücləndirilməsinə və Azərbaycanın tərəqqisinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin müstəqil Azərbaycan dövlətinin inkişaf tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov deyib:- Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik təmin edildi, müstəqil dövlət quruculuğunun möhkəm əsasları yaradıldı. Hazırda bu siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Həmçinin ölkəmizin son illərdə əldə etdiyi uğurlara toxunaraq iqtisadi inkişafın sürətlənməsini, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını, regionların sosial-iqtisadi inkişafını və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu qeyd edən natiq, eyni zamanda partiya üzvlərinin dövlət başçısının ətrafında sıx birləşərək qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirakının əhəmiyyətindən söz açıb.
Digər natiqlər- Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Mükafat Yaqubov, Lerik şəhəri Şəhid leytenant Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva və Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan tarixində mühüm hadisə olduğunu vurğulayıblar.
Çıxışlardan sonra noyabrın 18-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə YAP Lerik rayon təşkilatı, Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lerik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən şahmat yarışının qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Nizaməddin Muradov birinci, Əlizadə Kəlbiyev ikinci, İmran Kəlbiyev üçüncü, Cavid Seyfullayev isə dördüncü yerə layiq görülüb. Qaliblərə YAP Lerik rayon Təşkilatı tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda YAP Lerik rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvü fəxri fərmanlara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü