Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Birliyin Tehranla qarşılıqlı fəaliyyəti üçün “MDB +1” formatının yaradılmasını təklif edib.
Bu barədə “Fars” agentliyi məlumat yayıb. “Dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm kimi “MDB + İran” və ya “CIS+1” formatı yaradılmalıdır”, - Prezident Pezeşkian bildirib.
Qeyd edək ki, Məsud Pezeşkian bununla İranın perspektivdə MDB-yə daxil olmaq niyyəti ilə bağlı üzv ölkələrə rəsmi Tehranın çox ciddi mesajını çatdırıb.
Bu istiqamətdə qərarların qısa müddətdə qəbul olunacağı hazırda real görünmür. Lakin Pezeşkianın MDB-nin sammitində qonaq qismində iştirakı İranın perspektivdə bu quruma müşahidəçi və ya assosiativ üzv statutunda qəbul edilməsinin mümkünlüyünü göstərir.
Sözügedən təşəbbüsün Tührandan, yoxsa Moskvadan gəldiyi məlum deyil. Buna baxmayaraq, İran Prezidentinin tədbirə dəvət alması bu məsələdə Rusiyanın maraqlı olduğunu deməyə əsas verir.
Ümumiyyətlə, Prezident Pezeşkianın açıqlaması İranın MDB-yə daxil olması ilə bağlı Moskva və Tehran arasında siyasi müzakirələrin getdiyini və Rusiyanın bu ideyaya müsbət yanaşdığını göstərir.
Ümumiyyətlə, son vaxtlar Qərbin artan təzyiqləri Rusiya və İranı regional proseslərdə və strateji əhəmiyyətli qərarların qəbulunda xeyli yaxınlaşdırıb.
Bu mənada, İranın MDB-yə dail olmaq təklifi Rusiya ilə koordinasiyalı fəaliyyətin nəticəsi hesab edilə bilər. Hazırda, Rusiya, Çin, İran və Şimali Koreya anti-Qərb blokunun əsas üzvləri sayılır.
Ona görə də NATO-ya qarşı geosiyasi təsir dairəsini genişləndirməyə çalışan Rusiya İranın MDB-yə üzv olmasında maraqlıdır. Bu, ABŞ-a qarşı müqaviməti gücləndirmək baxımından, İran üçün də əlverişli görünür.
Əlbəttə, MDB hərbi blok deyil və MDB-yə üzvlük İrana müharibədə xüsusi üstünlük qazandırmır. İran MDB-yə üzv olmaqla təşkilat daxilində mövcud olan vizasız gediş-gəliş və rüsum güzəştlərindən faydalana bilər. İran MDB-yə üzvlük məsələsinə daha çox Rusiya ilə geostrateji yaxınlaşma vasitəsi kimi baxır.
Rusiya və İran arasında strateji tərəfdaşlığa dair saziş imzalansa da, Moskva Tehran qarşısında müdafiə öhdəliklərinə malik deyil. Ona görə də İsrailin və ABŞ-nin hücumları zamanı Rusiya Çindən fərqli olaraq, müşahidəçi mövqeyindən çıxış etdi.
Görünür, indi rəsmi Tehran İranın MDB-yə daxil olmasına nail olmaqla dünyanın ən böyük nüvə dövləti olan Rusiya ilə strateji tərəfdaşlığı daha da gücləndirmək istəyir. Bu, Qərbə, xüsusilə ABŞ-yə qarşı çəkindirici mesaj kimi də səsləndirilə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin