Müstəqil siyasət Azərbaycana strateji uğurlar qazandırır

29.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqımız sivil dəyərləri tərəqqiyə və qlobal əməkdaşlığa çevirmək örnəyi yaradıb

Azərbaycanın strateji mövqeyi, iqtisadi gücü və fəal diplomatiyası gələcəyə nikbin baxış yaradır. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və geosiyasi əhəmiyyətinin mahiyyətini əks etdirir.

Müasir dünyada hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki mövqeyi təkcə onun coğrafi ərazisi, əhalisinin sayı və təbii sərvətləri ilə müəyyənləşmir. İqtisadi inkişaf, siyasi iradə, müstəqil xarici siyasət, etibarlı tərəfdaşlıq, müasir infrastruktur və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma da ölkənin beynəlxalq nüfuzunu şərtləndirən mühüm amillər sırasında diqqət çəkir.

Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində regional gücdən beynəlxalq əhəmiyyətli tərəfdaşa çevrilmək istiqamətində mühüm nailiyyətlər əldə etməsi məhz bunun bariz ifadəsidir. Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər də ölkəmizin beynəlxalq mövqeyinin hansı amillər üzərində formalaşdığını aydın şəkildə göstərir.

Azərbaycanın müharibələrin başa çatdırılması təcrübəsi, aşağı xarici borc, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, qonşularla münasibətlər, multikulturalizm və mədəniyyətlərarası dialoq arasında yaratdığı məntiqi əlaqə respublikamızın inkişaf modelinin əsas xüsusiyyətlərini özündə birləşdirir. Bununla bağlı dövlət başçısının çıxışında diqqətçəkən əsas məqam həm də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ayrı-ayrı üstünlüklərin sadə məcmusu deyil. Burada iqtisadi imkanlar, coğrafi mövqe, siyasi nüfuz, müasir infrastruktur və humanitar dəyərlər bir-birini tamamlayaraq vahid strateji üstünlük yaradır.

İqtisadi dayanıqlılıq və müstəqil siyasət

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi bir daha strateji mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında ölkəmizin həm hərbi-siyasi, həm də iqtisadi müstəvidə qazandığı uğurları və beynəlxalq münasibətlər sistemindəki rolunu dərindən təhlil edərək dünyaya mühüm mesajlar verdi.

Dövlət başçısı nitqində respublikamızın münaqişələrin həlli və müharibələrin sonlandırılması istiqamətində əldə etdiyi təcrübənin beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə nəzərdən keçirildiyini xüsusi vurğuladı. Eyni zamanda, işğala son qoyaraq ərazi bütövlüyünə və suverenliyinə nail olan bir ölkənin, ardınca regionda davamlı sülh məqsədilə misilsiz təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırdı. Ölkə rəhbəri fikrinin davamında Azərbaycanın müharibədən dərhal sonra sülh gündəliyi təşəbbüsünü irəli sürməsini, eləcə də regionda yeni reallıqlar yaratmasını qlobal miqyasda nadir rast gəlinən, öyrənilməsi vacib olan diplomatik və siyasi model kimi yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın iqtisadi uğurlarına toxunaraq, milli iqtisadiyyatın dayanıqlı inkişafını da xatırlatdı. Dövlət başçısı ölkəmizin xarici dövlət borcunun ümumi daxili məhsulun (ÜDM) cəmi 5 faizindən bir qədər artıq olması faktını dünya miqyasında ən aşağı göstəricilərdən biri kimi vurğuladı və bu amilin Azərbaycanın maliyyə müstəqilliyindən, iqtisadi suverenliyindən qaynaqlandığını, xarici təsirlərdən mühafizə olunmuş möhkəm təməllərə söykəndiyini bildirdi.

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, qlobal miqyasda bir çox inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin xarici borcunun ÜDM-ə nisbəti 60-100 faiz, hətta bəzi hallarda bundan da çox olduğu bir dövrdə, Azərbaycanda bu göstərici ölkənin nə qədər ehtiyatlı, dayanıqlı və müstəqil maliyyə siyasəti yürütdüyünü nümayiş etdirir.

Bu aşağı borc səviyyəsi Azərbaycana bir neçə mühüm strateji üstünlük qazandırıb. İlk növbədə, qlobal maliyyə böhranları, enerji qiymətlərinin kəskin tərəddüdləri və ya geosiyasi gərginliklər fonunda respublikamız xarici borc öhdəliklərinin yaratdığı təzyiqlərdən sığortalanıb. Borc asılılığının minimum səviyyədə olması ölkəyə kənar maliyyə institutlarının diktələrindən kənar, tamamilə milli maraqlara əsaslanan qərarlar qəbul etmək sərbəstliyi verib. Nəhayət, borclanmaya ehtiyac duyulmadan irimiqyaslı infrastruktur layihələrinin (işğaldan azad edilmiş ərazilərin bərpası, “yaşıl” enerji keçidi və s.) məhz daxili vəsaitlər hesabına maliyyələşdirilməsi respublika iqtisadiyyatında özünə inamı daha da gücləndirib.

Samir Heydərov söhbətində onu da qeyd etdi ki, müasir dövrdə dövlətlərin iqtisadi gücü yalnız istehsalın həcmi, ixracın səviyyəsi və ya büdcə gəlirləri ilə ölçülmür. Dövlət borcunun idarə olunması, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, xarici iqtisadi şoklara davamlılıq və strateji investisiyaların maliyyələşdirilməsi imkanları da iqtisadi təhlükəsizliyin əsas elementləridir.

Xarici borcun aşağı səviyyədə saxlanılması ölkənin iqtisadi siyasətində manevr imkanlarını genişləndirir. Bu, beynəlxalq maliyyə bazarlarında baş verən dəyişikliklər, faiz dərəcələrinin yüksəlməsi, qlobal ticarətdə yaranan çətinliklər və enerji qiymətlərindəki dalğalanmalar zamanı əlavə üstünlük yaradır. Dövlət borcunun nisbətən aşağı olması, eyni zamanda, büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin borc öhdəliklərinin ödənilməsinə yönəldilməsi zərurətini azaldır. Beləliklə, dövlət sosial müdafiə, səhiyyə, təhsil, infrastruktur, müdafiə qabiliyyəti və iqtisadi inkişaf kimi istiqamətlər üzrə prioritetlərini daha çevik müəyyənləşdirə bilir.

Bununla belə, borcun aşağı səviyyəsi iqtisadi uğurun bütün mənzərəsini tam əks etdirmir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması, əmək məhsuldarlığının yüksəldilməsi, özəl investisiyaların təşviqi və dövlət vəsaitlərindən səmərəli istifadə olunması da dayanıqlı inkişafın vacib şərtləridir.

Azərbaycanın iqtisadi siyasətində bu istiqamətlərin ön plana çəkilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas xüsusiyyətlərindəndir. Enerji sektorundan əldə olunan gəlirlərin infrastrukturun yenilənməsinə, insan kapitalının inkişafına, sahibkarlığın dəstəklənməsinə və yeni istehsal sahələrinin yaradılmasına yönəldilməsi iqtisadiyyatın gələcək dayanıqlılığını gücləndirir.

Coğrafi mövqedən strateji üstünlüyə

Azərbaycan bu gün təkcə enerji resursları ilə deyil, həm də etibarlı tərəfdaş imici ilə beynəlxalq bazarlarda aparıcı mövqe tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, coğrafi xəritəyə baxdıqda Azərbaycandan yan keçməyin nə qədər çətin olduğu aydın nəzərə çarpır. Başqa sözlə, bağlantı layihələrində aparıcı rol oynamaq üçün təkcə fiziki yollar və limanlar kifayət etmir, bunun üçün həm qonşularla, həm də “qonşuların qonşuları” ilə konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurulmalıdır. Azərbaycan isə məhz bu mürəkkəb diplomatik tapşırığın öhdəsindən uğurla gələrək regionda yaratdığı dinc-yanaşı yaşayışın əsaslarını və iqtisadi inteqrasiyanı getdikcə gücləndirir.

Azərbaycanın mövcud potensialı bir neçə sütun – güclü iqtisadi potensial və aşağı borclanma dərəcəsi, fəal və müstəqil xarici siyasət, inklüziv cəmiyyət, multikulturalizm və dinlərarası dialoq ənənələri üzərində dayanır. Bütün bu amillərin bir araya gəlməsi ölkəmiz üçün böyük sinerji yaradır. Məhz bu sinerji Azərbaycana qlobal qeyri-müəyyənliklər fonunda öz gələcəyinə tam nikbinliklə baxmağa, regionda və dünyada sabitliyin, təhlükəsizliyin, eləcə də dialoqun əsas təminatçılarından biri kimi çıxış etməyə imkan verir.

Prezident İlham Əliyevin Azərbaycanın qlobal enerji bazarında etibarlı təchizatçı kimi roluna xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Enerji təhlükəsizliyi son illərdə beynəlxalq siyasətin ən mühüm istiqamətlərindən birinə çevrilib. Geosiyasi gərginliklər, təchizat marşrutları ətrafında rəqabət, enerji resurslarının qiymətlərindəki dəyişkənlik və iqlim gündəliyi dövlətləri enerji mənbələrini və təchizat istiqamətlərini şaxələndirməyə yönəldir. Belə bir şəraitdə Azərbaycan Avropanın və regionun enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi çıxış edir.

Ölkəmizin enerji strategiyası təkcə neft və qaz ehtiyatlarının istismarı ilə məhdudlaşmır. Bu strategiya hasilatın beynəlxalq bazarlara çatdırılması üçün boru kəmərlərinin, terminalların, nəqliyyat infrastrukturunun və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin yaradılmasına əsaslı zərurət yaradır. Bakı – Tbilisi – Ceyhan neft kəməri Azərbaycanın dünya enerji bazarlarına çıxışını genişləndirən strateji layihələrdən biridir. Cənub Qaz Dəhlizi isə Xəzər regionunun qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayır. Bu layihələr Azərbaycanın enerji siyasətinin regional və beynəlxalq əməkdaşlıqla necə uzlaşdırıldığını nümayiş etdirir.

Enerji marşrutlarının əhəmiyyəti təkcə təbii resursların daşınması ilə məhdudlaşmır. Onların ətrafında uzunmüddətli müqavilələr, investisiya münasibətləri, texnoloji əməkdaşlıq və dövlətlərarası siyasi dialoq formalaşır. Beləliklə, enerji infrastrukturu iqtisadi gəlir mənbəyi olmaqla yanaşı, həm də beynəlxalq tərəfdaşlığın mühüm vasitəsidir.

Azərbaycanın etibarlı təchizatçı kimi nüfuzu uzunmüddətli perspektivdə də bir sıra amillərdən asılı olacaq. Bunlara mövcud yataqların səmərəli istismarı, yeni investisiyaların cəlb edilməsi, ixrac infrastrukturunun müasirləşdirilməsi, ekoloji tələblərin nəzərə alınması və alternativ enerji mənbələrinin inkişafı daxildir. Bu baxımdan bərpaolunan enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi, elektrik enerjisi istehsalının şaxələndirilməsi və gələcəkdə “yaşıl” enerjinin ixracı istiqamətində atılan addımlar Azərbaycanın enerji siyasətinə yeni məzmun verir.

Dövlət başçısının çıxışında səsləndirdiyi “Azərbaycandan yan keçmək çox çətindir” fikri isə ölkəmizin coğrafi mövqeyinin strateji mahiyyətini ifadə edir. Çünki Azərbaycan Avropa ilə Asiyanın qovşağında, Xəzər dənizi hövzəsində yerləşir. Bu mövqe ölkəmizə Şərq – Qərb və Şimal – Cənub istiqamətlərində formalaşan nəqliyyat, ticarət və logistika əlaqələrində mühüm rol oynamaq imkanı verir. Lakin coğrafi üstünlüyün real iqtisadi və siyasi gücə çevrilməsi üçün təkcə xəritədə əlverişli mövqeyə malik olmaq kifayət etmir. Müasir limanlar, avtomobil və dəmir yolları, logistika mərkəzləri, sərhəd-keçid məntəqələri və rəqəmsal idarəetmə sistemlərinin mövcudluğu ilə bu potensial reallaşır.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью