Müstəqillik, milli birlik və Zəfər salnaməsi

06.11.2026

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Tarixin sınaqlarından qürurla çıxan, azadlıq və müstəqillik uğrunda mübarizəsini heç vaxt dayandırmayan Azərbaycan xalqının milli kimliyini, dövlətçilik iradəsini və birliyini özündə təcəssüm etdirən ən müqəddəs rəmzlərdən biri üçrəngli Dövlət Bayrağımızdır. Onun hər rəngində xalqımızın tarixi keçmişi, milli-mənəvi dəyərləri, azadlıq arzusu və gələcəyə yönəlmiş idealları yaşayır. Bu bayraq müstəqil dövlət qurmaq əzminin, milli qürurun və Vətən sevgisinin təcəssümüdür.

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bu müqəddəs rəmzə ehtiramın, milli dövlətçilik tariximizə sədaqətin və müstəqilliyimizin dəyərlərinə bağlılığın təntənəsidir. Üçrəngli bayrağımız dünənimizin tarixi yaddaşı, bu günümüzün qürur mənbəyi, sabahımızın isə müstəqillik və tərəqqi rəmzidir.
Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilməsindən başlayır. Müsəlman Şərqində ilk demokratik respublikanın milli dövlətçilik ideallarını və müstəqillik məramını təcəssüm etdirən bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi, demokratiyanı və inkişafı, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz da milli kimliyimizin və tarixi-mənəvi dəyərlərimizin rəmzidir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, xalqımızın milli yaddaşında müstəqillik və azadlıq ideallarının simvolu kimi yaşamaqda davam etdi. Bu tarixi irsin yenidən dövlətçilik səviyyəsində bərpası isə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və təşəbbüsü ilə mümkün oldu.
Belə ki, 1990-cı il noyabrın 17-də Ulu Öndərin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edildi, onun Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul olunması barədə qanunvericilik təşəbbüsü irəli sürüldü. Ümummilli Lider bu tarixi qərarın əhəmiyyətini sonralar belə ifadə etmişdir:
“Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Naxçıvanda qəbul edilmiş bu qərar milli dövlətçilik ənənələrinin bərpasına və müstəqillik prosesinə mühüm siyasi təkan verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsini rəsmiləşdirdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə bayrağımız suveren Azərbaycanın əsas dövlət rəmzinə çevrildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi müasir Azərbaycan Respublikasında öz layiqli davamını tapdı, milli yaddaşımızın və azərbaycançılıq məfkurəsinin mühüm tərkib hissəsi kimi təsdiqləndi.
Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinin milli birliyin möhkəmləndirilməsində, vətənpərvərlik ruhunun yüksəldilməsində və dövlətçilik şüurunun formalaşdırılmasında mühüm rolunu daim önə çəkmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və azərbaycançılıq məfkurəsinin inkişafına xidmət etmişdir.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət rəmzlərinə ehtiramın milli ideoloji dəyərlərin mühüm tərkib hissəsi olduğunu daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanmış, 2009-cu il noyabrın 17-də meydanın təməli qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də açılışı olan meydanda ucaldılan nəhəng üçrəngli bayraq müstəqilliyimizin və milli qürurumuzun möhtəşəm rəmzinə çevrilmişdir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu qərar dövlət bayrağımızın ictimai həyatda mövqeyini və onun ətrafında milli həmrəyliyin möhkəmləndirilməsini daha da gücləndirmişdir.
Dövlət bayrağına hörmət yalnız rəsmi mərasimlərdə ona ehtiram göstərməklə məhdudlaşmır. Bu, dövlətə sədaqətdə, milli maraqların qorunmasında, qanunlara hörmətlə yanaşılmasında və ölkənin inkişafına töhfə vermək əzmində ifadə olunur. Hər bir vətəndaşın borcu dövlət rəmzlərimizin nüfuzunu qorumaq və onların daşıdığı dəyərləri gələcək nəsillərə ötürməkdir. Bu ehtiramın dövlət səviyyəsində təcəssümü olan “Azərbaycan Bayrağı” ordeni isə ölkənin suverenliyinin, ərazi bütövlüyünün və dövlətçilik maraqlarının qorunmasında xüsusi xidmətləri olan şəxslərin əməyinə verilən yüksək qiymətdir.
Üçrəngli bayrağımızın tarixi əhəmiyyəti müstəqil Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər fonunda daha dolğun məna kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin bərpası dövlət bayrağımızın ifadə etdiyi müstəqillik və bütövlük ideallarının təntənəsi oldu.
İşğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızın qürurunu, milli kimliyini və tarixi ədalətin bərpasını təcəssüm etdirən unudulmaz hadisədir. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və digər ərazilərimizdə dalğalanan Dövlət Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və infrastruktur layihələri müstəqil Azərbaycanın yeni inkişaf mərhələsini əks etdirir. Dövlət bayrağımız bu torpaqlarda suverenliyin, sülhün, təhlükəsizliyin və quruculuğun rəmzi kimi ucalır.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, müstəqil xarici siyasəti, iqtisadi potensialı və regional təşəbbüsləri də dövlətçilik ideallarımızın uğurla həyata keçirildiyini təsdiqləyir. Beynəlxalq tədbirlərdə, idman yarışlarında və diplomatik görüşlərdə üçrəngli bayrağımızın ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Bu gün Dövlət Bayrağımız xalqımızı vahid amal ətrafında birləşdirən, milli həmrəyliyi və azərbaycançılıq məfkurəsini yaşadan müqəddəs rəmzdir. Ona ehtiram göstərmək Azərbaycan dövlətinə, onun tarixinə və gələcəyinə sədaqət nümayiş etdirmək deməkdir.
9 Noyabr - Dövlət Bayrağı Günü hər birimizi milli tariximizə və dövlətçilik ənənələrimizə sahib çıxmağa çağırır. Üçrəngli bayrağımız Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin, xalqımızın birliyinin və müstəqilliyimizin əbədiliyinin rəmzi olaraq daim yüksəklərdə dalğalanacaqdır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью