Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
15 oktyabr 2026-cı il tarixində Ağstafa rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qurultayda müəyyənləşdirilən əsas istiqamətlərin əhəmiyyətindən, Azərbaycanın müasir inkişaf strategiyasından, dövlətçilik prinsiplərinin qorunmasından və milli maraqların təmin olunmasından bəhs edib. Qeyd edib ki, ölkənin davamlı inkişafının təmin edilməsi, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və yeni çağırışlara uyğun fəaliyyətin təşkili qarşıda duran mühüm vəzifələrdəndir.
Digər çıxış edən natiqlər - Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz Regional Filialının Ağstafa rayon qəbul şöbəsinin müdiri Asif Qənbərov, əməkdar müəllim İndira Vəliyeva, Dağ Kəsəmən kənd 2 №-li tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov çıxışlarında gənclərin dövlətçilik ənənələrinə bağlılığının artırılmasının, onların ictimai təşəbbüslərə cəlb edilməsinin və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd ediblər. Eyni zamanda, müasir informasiya mühitində düzgün məlumatlandırma işinin aparılması və cəmiyyətin aktual məsələlərə dair məlumatlılığının artırılması mühüm vəzifələrdən biri kimi dəyərləndirilib.