Müstəqilliyə aparan şanlı tarix

17.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun mühüm mərhələlərindən biridir.

Bu gün xalqımızın milli oyanışının, azadlıq iradəsinin və müstəqil dövlətçilik uğrunda mübarizəsinin rəmzi kimi tarixə düşüb. 1988-ci ildə Bakıda başlayan xalq hərəkatı milli özünüdərkin güclənməsində, azadlıq ideyalarının geniş yayılmasında və sonrakı tarixi proseslərin formalaşmasında mühüm rol oynayıb.

Milli Dirçəliş Günü təkcə qəfil yaranmış hadisənin deyil, onilliklər boyu nəsildən-nəslə ötürülən müstəqillik düşüncəsinin nəticəsi idi.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı fikirlərini “Cebheinfo.az”-la bölüşüb.

O bildirib ki, həmin dövrdə Bakıda keçirilən mitinqlərin təşkilində fəal iştirak edib və xalq hərəkatının ön sıralarında yer alıb:

“Bakıda mitinqləri təşkil edən tələbə dəstələrinin önündə gedənlərdən biri mən olmuşam. Meydanda ilk günlərdən etibarən baş verən hadisələrdə, tribunalarda, Vəzirovla görüşlərdə və digər mühüm proseslərdə mübarizənin önündə olmuşuq. Həmin günlər xalqın milli iradəsinin, azadlıq istəyinin açıq şəkildə ortaya qoyulduğu bir dövr idi. Ən başlıcası isə odur ki, bütün bu mübarizənin nəticəsində bu gün müstəqil dövlətimizə sahibik.

Əslində, Azərbaycanın müstəqillik mübarizəsi yalnız 1980-ci illərin sonlarında başlamamışdı. Bu mübarizənin dərin tarixi kökləri var idi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqımız müstəqil dövlətçilik təcrübəsi qazanmışdı. Sonradan sovet hakimiyyəti dövründə Stalin repressiyaları nəticəsində Azərbaycanın çoxsaylı ziyalıları, fikir adamları və milli düşüncəli insanları təqiblərə məruz qaldılar. Lakin bütün bu repressiyalara baxmayaraq, müstəqillik ideyası mübariz xalqın geni ilə ötürülmüşdü”. 

Qorxmaz İbrahimli qeyd edib ki, milli oyanış prosesi 1960–1970-ci illərdən davam edirdi:

“1970-ci illərdə mərhum Əbülfəz Elçibəyin liderliyi ilə milli düşüncəli insanlar təşkilatlanırdılar. 1980-ci illərə doğru isə yazıçıların, şairlərin və ziyalıların yaradıcılığında milli kimlik, azadlıq və müstəqillik ideyaları daha qabarıq şəkildə ifadə olunurdu. Onların əsərləri, şeirləri və çıxışları xalqın milli şüurunun oyanmasına təkan verirdi. Yəni bu, ötürücü idi, mili yaddaş, qan yaddaşı 1980-cı illərə gəlib çıxmışdı.

1980-ci illərin sonlarında yaranmış boşluqdan, yəni liberallaşmadan faydalanaraq Azərbaycan milli azadlıq hərəkatının mücahidləri meydana çıxmağa başladılar. Gənclər, orta və yaşlı nəslin nümayəndələri, ziyalılar, müxtəlif ictimai qruplar bu prosesə qoşuldular. Xalqın milli birlik və müstəqillik arzusu ümumi məqsəd ətrafında birləşdi. Əsas məqsəd Azərbaycanın müstəqilliyinə nail olmaq, dövlət müstəqilliyini bərpa etmək idi.

1988-ci ildə başlayan xalq hərəkatı sonrakı mərhələdə 1990-cı il 20 Yanvar faciəsinə, daha sonra isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxardı. Bütün çətinliklərə və faciələrə baxmayaraq, Azərbaycan xalqının azadlıq iradəsi sarsılmadı. Biz də hər zaman bu mübarizənin önündə olmuşuq. Əsas odur ki, bu gün müstəqilliyimizə nail olmuşuq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью