futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Hövsan Yarış Kompleksində media nümayəndələri üçün tanışlıq məqsədli media turu təşkil olunub. Tədbirdə 30-dan çox kütləvi informasiya vasitəsinin (KİV) nümayəndəsi iştirak edib.
“SOCAR Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev burada “Futbolpress.az“ın suallarını cavablandırdı:
– İdmançıların Atletlər kəndindən bura daşınması prosesi necə tənzimlənəcək?
– Bu işlər AFFA-nın tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Gələn qonaqların və idmançıların təhlükəsizliyini tam təmin etmək üçün onlar xüsusi nəzarət altında avtobuslarla bu əraziyə gətiriləcəklər. Daha sonra onlar oyunlara qatılacaq, matçlar bitdikdən sonra isə yenidən eyni marşrutla Atletlər kəndinə qayıdacaqlar.
– Bəs azarkeşlər, media mənsubları və digər qonaqların əraziyə gəlişi üçün xüsusi logistik plan nəzərdə tutulubmu?
– Əlbəttə, onlar üçün də hər şey nəzərə alınıb. İndi də diqqət yetirsəniz görərsiniz ki, tribunalarda oturacaqlar hazırlanır və quraşdırılma prosesi gedir. Fanatların oyunları rahat izləməsi üçün lazımi şərait yaradılır. Azarkeşlərin sahəyə keçidi üçün xüsusi zolaqlar və yerlər ayrılıb. Onlar mühafizə xidməti tərəfindən yoxlanıldıqdan sonra xüsusi bəclərlə təmin olunacaqlar. Məhz həmin bəclər vasitəsilə təhlükəsiz şəkildə əraziyə daxil olub qarşılaşmaları izləyə biləcəklər.
– Kompleksdə gün ərzində sıx qrafikdə çoxlu matçların keçirilməsi nəzərdə tutulub. Örtüyün keyfiyyətini necə qoruyacaqsınız?
– Bəli, oyun sayı çox olacaq. Lakin biz bu məsələyə də peşəkar yanaşırıq. Qazona cavabdeh olan müvafiq mütəxəssislər və texniki heyət turnir boyunca burada xidmət göstərəcək. Qazonu gətirən podratçı şirkətin əməkdaşları oyunlar ərəfəsində və matç günlərində mütəmadi olaraq ərazidə olacaqlar. Müəyyən olunmuş saat intervalı ilə hər oyundan sonra ot örtüyünün bərpası, yəni o “daranma” dediyimiz profilaktik işlərin hamısı görüləcək. Qazonun dözümlülüyü və standartlara uyğunluğu tam şəkildə təmin ediləcək.
Ayxan Zayıdzadə