Müxtəlif qidalanma mədə xorası riskini azalda BİLƏR

26.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Müxtəlif və balanslı qidalanma 65 yaşdan yuxarı insanlarda mədə xorası xəstəliyinin yaranma riskini 24 faizə qədər azalda bilər.

Redaktor.az xəbər verir ki, bu qənaətə Çinin Çançji Tibb Kollecinin alimləri 13 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. Tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.

Alimlər 2008–2018-ci illər ərzində 13 274 nəfərin sağlamlıq məlumatlarını araşdırıblar. Müşahidələrin əvvəlində iştirakçıların heç birində mədə xorası xəstəliyi qeydə alınmayıb.

Qidalanmanın müxtəlifliyi meyvə, tərəvəz, ət, balıq, yumurta, paxlalılar, qoz-fındıq, süd məhsulları və çay daxil olmaqla doqquz qida qrupunun rasionda təmsil olunması əsasında qiymətləndirilib.

Təhlil göstərib ki, daha müxtəlif qidalanma mədə xorası xəstəliyinin yaranma ehtimalının azalması ilə əlaqəlidir. Belə ki, qidalanma müxtəlifliyi şkalasında hər əlavə bal xəstəliyin yaranma riskinin təxminən 5,6 faiz azalması ilə əlaqələndirilib.

Tədqiqatçılar yaş, həyat tərzi və iştirakçıların sağlamlıq vəziyyəti kimi digər amilləri də nəzərə alıblar. Buna baxmayaraq, əlaqənin gücü müşahidə müddətində eyni olmayıb. Ən nəzərəçarpan nəticələr ilk illərdə müşahidə edilib, sonrakı mərhələlərdə isə bu əlaqəni statistik baxımdan təsdiqləmək mümkün olmayıb.

Müəlliflər vurğulayıblar ki, bu nəticə düzgün qidalanmanın qoruyucu təsirinin üç ildən sonra aradan qalxdığı anlamına gəlmir. Araşdırma müxtəlif qidalanma ilə mədə xorası riskinin azalması arasında statistik əlaqə müəyyən etsə də, bunun birbaşa səbəb-nəticə əlaqəsi olduğunu sübut etmir.

Alimlərin fikrincə, müxtəlif qidaların rasiona daxil edilməsi xüsusilə qısa müddətdə mədə xorası riskinin aşağı olması ilə əlaqəli ola bilər.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью